Fəlsəfə doktorunun başına açılmayan oyun qalmayıb

9 dil bilən alimi sifariş əsasında məhkəmələrdə süründürürlər




Redaksiyamıza müraciət edən Bakı şəhər sakini, 20 ildən artıq xarici ölkələrdə yaşayan riyaziyyat üzrə fəlsəfə doktoru Çingiz Xəlilzadə keçmiş həyat yoldaşının bacısından şikayətçidir.
Çingiz Xəlilzadənin sözlərinə görə, keçmiş həyat yoldaşının bacısı, hakim İlahə Abbasova dəfələrlə xəbər göndərib ki, onu bu ölkədən ya sürgün etdirəcək, ya da həbsxanalarda çürütdürəcək.

Şikayətçinin dediklərindən belə məlum olur ki, həyat yoldaşı Röya Adıgözəlova ilə 2012-ci ilin may ayında rəsmi qaydada ayrılıblar. Boşanandan sonra R.Adıgözəlova birgə nikah dövründə əldə edilmiş əmlak və pul vəsaitinin bölünməsi tələbi ilə məhkəməyə müraciət edib. Ç.Xəlilzadənin özünün də dediyi kimi, qara günləri də məhz bundan sonra başlayıb: "Bununla da mənim sakit həyatım bitdi. Boşanmamışdan öncə "Park Panorama” yaşayış kompleksindən 220 min dollara mənzil almaq istəyirdim. Əvvəlcə 17 min dollar beh verdim, yerdə qalan hissəsini isə ipoteka yolu ilə ödəyəcəkdim. Amma boşanma məsələsi ortalığa çıxandan sonra mənzili alası olmadım, evi geri qaytardım, beh də batdı. Amma indi baxın görün nələr olur. Keçmiş həyat yoldaşım və onun hakim bacısı saxta sənədlər toplayırlar, həmin sənədlərin surətini çıxarırlar, başqa bir şəxsin müqaviləsini götürüb həmin şəxsin adını silir. Adımı yazırlar və əvəzimdən imza atırlar ki, guya mən həmin evə görə 100 min manat almışam. Əgər mənzilə pul ödəməmişəmsə, bu pulu mənə necə qaytara bilərlər? Keçmiş həyat yoldaşım həmin saxta sənədə əsaslanıb məndən 50 min manat tələb edir və məhkəmələri də uda-uda gedirlər”. Amma iş bununla da bitmir. Ç.Xəlilzadənin sözlərinə görə, o, bir müddət sonra Sabunçu Rayon Polis İdarəsinə dəvət olunub: "Heç bir əsas olmadan keçmiş baldızım məni Nardaran qəsəbəsində yerləşən, ona məxsus olan bağ sahəsini yandırmaqda tam əsassız olaraq ittiham edir. Hətta 2014-cü ilin noyabr ayında Sabunçu Rayon Polis İdarəsinin müstəntiqi Qoşqar Əliyev tərəfindən qanunsuz şəkildə həbs də edildim. Onu da deyim ki, bu özbaşınalığa Sabunçu rayon prokuroru Ceyhun Şirinov son qoydu və məni dərhal sərbəst buraxdırdı. İlahə Abbasova mənim istifadəmdə olan telefona gizli zənglər edərək deyirdi ki, mənim qılıncımın dalı da kəsir, qabağı da, səni həbs etdirəcəm, mənim sözüm hər yerdə keçir, bir çox rayon məhkəmələrinin sədrlərindən artıq nüfuzum var, mənimlə hər adam baş-başa gələ bilməz. O deyirdi ki, mənə yalnız çox yuxarıdan göstəriş verilə bilər, ona da sənin səsin çatmaz”.

Ç.Xəlilzadə deyib ki, o, məhkəmələrin icraatında barəsində olan bütün işləri keçmiş baldızının sayəsində uduzur: "Məhz onun xüsusi canfəşanlığı ilə mənə qarşı əmlak bölgüsü iddiası qazanaraq, barəmdə icra işi açaraq, sanki məbləği qərəzli şəkildə ödəmədiyim üçün məni inzibati qaydada həbs etdirir. Məni həbsxanada çürütməklə hədələyir, guya mən rahat yaşamağa layiqli adam deyiləm. Ölkə konstitusiyasının normalarına görə, heç kim qanunsuz olaraq izlənə bilməz. Məni izləyən isə "xüsusi statusu” olan İlahə Abbasovadır. Mən evimdə rahat yata bilmirəm, səksəkə içindəyəm. Gözləyirəm ki, hər dəqiqə məni aparıb başıma istənilən bəlanı gətirə bilərlər. Əgər bu vəziyyət bir az da davam etsə, sonumun necə olacağı bilinmir. Məni heç uşaqlarımla da görüşməyə qoymurlar, onlara yalandan deyirlər ki, atanız "ölüb”. Şikayətçinin sözlərinə görə, ona qarşı saxta sənədlərlə Nəsimi Rayon Məhkəməsində iddia qaldırılıb: "Həmin məhkəmənin hakimi Elman Kərimli prosesdən öncə mənə açıq şəkildə dedi ki, tapşırıq var, onsuz da məhkəməni uduzacaqsan. Elə də oldu. Məhkəmədə sənədlərin orijinalını tələb etdim, heç kim sözümü eşitmədi. Ayrıca protokola da demədiyim sözlər yazılıb və mənim əvəzimə imzalanıb. Deyilənə görə, məhkəməyə verilən sənəd 46 saylı notariusda təsdiq olunub. Həmin notariusdan rəsmi şəkildə arayış aldım ki, orada mənim adıma heç bir sənəd təsdiqlənməyib. Həmin sənədi Apelyasiya Məhkəməsinə təqdim etdim. Fikirləşdim ki, saxta sənədlə rayon məhkəməsinin özbaşınalığının qarşısını alar. Amma yanılmışam, Apelyasiya Məhkəməsi, ardınca Ali Məhkəmədəki prosesləri eyni şəkildə uduzdum. Hər iki instansiyada mənə və vəkillərimə açıq-aydın dedilər ki, bu iş sifarişlidir. İş icra şöbəsinə gəldi. İcra şöbəsində mənim boynuma qoyulan 50 min dolların 10 minini gətirəndə icra şöbəsinin rəisi və əməkdaşlarından xahiş etdim ki, qalan məbləği hissə-hissə ödəyim. Ancaq onlar etiraz etdilər. Şöbədən çıxmağa imkan vermədilər. Hakim Elman İsayev barəmdə 15 sutka inzibati qaydada həbs qərarı çıxardı. Dörd gündən sonra Apelyasiya Məhkəməsinə verdiyim şikayət qəbul olundu və həmin qərar əsassız və qondarma olduğu üçün azad olundum. Cəza yerindən çıxdığım an telefonumu açanda icra şöbəsinin əməkdaşı Ələddin Hüseynov zəng vurub dedi ki, səni bir həftəyə yenə tutduracam, pulun ödənib-ödənilməməsinin fərqi yoxdur”.

Hadisələrdən əvvəl bizneslə məşğul olduğunu deyən Ç.Xəlilzadə maddi imkanının yüksək olduğunu bildirib: "O vaxt dostum və həmkarım olan Vüsal Əzizova notariat qaydada verdiyim 34 min manatı geri almaq istəyirdim. Məhkəməyə rəsmi notariat sənədini təqdim etməyimə baxmayaraq, mənfi qərarlar alıram. Artıq iki ildir ki, Apelyasiya Məhkəməsi ilə Ali Məhkəmənin arasında qalmışam. Vüsal mənə dedi ki, "baldızın sağ olsun, məni tapşırıb, pulunu nuşicanlıqla yeyəcəm”. O, bunu deməklə mənə başa salırdı ki, heç vaxt bu işi uda bilməyəcəm. Bu olay da onu göstərir ki, keçmiş həyat yoldaşımın bacısı İlahə Abbasova məqsədinə çatır. Hazırda saxta sənədlərlə məhkəmələrin qanunsuz qərarlarını icra edə bilməyim üçün süni şəkildə şərait yaradılıb. Məqsəd isə məni tutdurmaq, içəridə tapşırıb öldürtdürməkdir”. 9 dil bilən, riyaziyyat üzrə fəlsəfə doktoru olduğunu deyən Ç.Xəlilzadə uzun illər Türkiyədə yaşadığını, orada dərs dediyini, öz bilik və bacarığını Azərbaycanda istifadə etmək üçün vətənə qayıtdığını bildirib: "Məni müflis vəziyyətinə gətiriblər, işsiz kimi müvafiq qurumlarda qeydiyyatdayam. Anam şəkərli diabet xəstəsidir, Türkiyədə yaşayır. Mənim ölkədən giriş-çıxışıma məhkəmə qaydasında sifariş əsasında qadağa qoyulub, heç yana gedə bilmirəm. Əgər mənə köməklik olunmasa, vətəndaşlıqdan imtina etmək məcburiyyətində qalacağam”. Ç.Xəlilzadə baş prokurora, Prezident Administrasiyasına, Heydər Əliyev Fonduna, Ali Məhkəmənin sədrinə və dövlət başçısına müraciət edərək ona köməklik göstərilməsi üçün imdad diləyir.

İsmayıl