Türkiyə doğru yoldadır, ələ keçirilən həmin vəsaitlərə ehtiyacı var
FETÖ terror təşkilatına məxsus 14 milyard dollarlıq əmlak dövlət hesabına keçirilib. Türkiyə Ədliyyə Nazirliyində FETÖ terror təşkilatının maliyyə qaynaqlarının araşdırılması ilə bağlı toplantı keçirilib. Toplantının məqsədi FETÖ-yə məxsus maliyyə qaynaqlarını araşdıraraq, aradan qaldırmaq olub.
Ədliyyə naziri Bəkir Bozdağın rəhbərliyi ilə həyata keçirilən toplantıda ümumilikdə 48,5 milyard türk lirəsi müəyyən edilərək dövlətə keçirilib. Nazir deyib ki, FETÖ-yə qarşı effektli mübarizənin aparılmasının ən yaxşı yolu, onların maliyyə qaynaqlarının dayandırılmasıdır: "Bu məqsədlə təşkilata məxsus 966 şirkətə və onlara məxsus 4888 əmlaka əl qoyulub. Şirkətlərə məxsus əmlaklar Maliyyə Nazirliyinə təhvil verilib. Bununla da terror təşkilatının iqtisadi dayaqları çökdürülüb”.
Nazir bildirib ki, təşkilatın əsas maliyyə təminatı Türkiyədən olub: "Bununla da məktəblərdən, pul transferindən gələn gəlirlərin tamamilə qarşısı alınıb. Bu, təbii ki, kənardakı qaynaqlara da təsir edəcək. Ancaq FETÖ-nün xaricdəki fəaliyyətinə hələlik lazımi səviyyədə təsir edə bilmirik”.
Fətullah Gülən tərəfdarlarına məxsus əmlakların dövlət tərəfindən müsadirə edilməsini "Şərq”ə şərh edən politoloq Natiq Miri prosesin çox mürəkkəb olduğunu deyib. Ekspertin sözlərinə görə, qazanılan pullar çox çirkli və qanunsuz yollarla əldə edilib:
"FETÖ qeyri-leqal üsullarla pul toplayıb, sərvət yığıb. Belə qaranlıq işlərlə məşğul olan bir şəbəkəni çökdürmək, ifşa etmək asan deyil, çox böyük əziyyət və zaman tələb edir. Türkiyədə baş verən hərbi çevrilişə cəhddən bir il ötməsinə rəğmən hələ də bu şəbəkə tamamilə zərərsizləşdirilməyib. Bunun ən bariz nümunəsi son həftədə erməni yazıçısının həbsxanadan qaçırılması oldu. Bu hadisə Türkiyə xüsusi xidmət orqanlarına ciddi bir mesaj idi.
Məxfi şəbəkə nəinki Türkiyənin hüquq-mühafizə orqanlarında, hətta bütün maliyyə və iqtisadi strukturlarının qan damarlarında hələ də fəaliyyətdədir. Ona görə də bu şəbəkəni məhv etməyin yolu təkcə fiziki güclə mübarizədə deyil, həm də maliyyə mənbələrinin qurudulmasındadır. Türkiyə dövləti ciddi şəkildə FETÖ ilə savaşır. Düşünürəm ki, hər bir halda Türkiyə hökuməti doğru yoldadır. Onu da nəzərə almaq lazımdır ki, çox böyük məbləğdən söhbət gedir. Türkiyənin həmin vəsaitə çox böyük ehtiyacının olduğu bir zamanda FETÖ-yə məxsus maliyyə mənbələrinin ortaya çıxarılması olduqca mühüm amildir”.
İsmayıl