"....Feysbuk rəhbərliyinə şikayət edilməlidir” - Şəhidimiz təhqir olunur



"Şəhidimizin ermənilər tərəfindən təhqir olunması ilə bağlı Feysbuk rəhbərliyinə şikayət edilməlidir”.

Bunu Sherg.az-a şəhid Süleyman Süleymanovun həmin sosial şəbəkədəki profilinə ermənilər tərəfindən hücumlarla bağlı danışarkən Azərbaycan İnternet Forumunun prezidenti, "Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz deyib. 

O bildirib ki, Süleymanın yaxınları, dostluğunda olan şəxslər ermənilərin təxribatı barədə sənədləri skan edib, nüsxələrlə "Facebook” şirkətinə göndərə bilərlər:

"Ancaq şirkət rəhbərliyi ilə bunu həll etmək mümkündür. Sosial şəbəkədə yaranan çox problemlər bu şəkildə həll olunub. Digər tərəfdən hesablar ələ keçirilməyibsə, şəhidin yaxınlarındadırsa, başqa tədbirlər də görə bilərlər. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bununla bağlı hissələri var və onlar istifadəçilərə problemin həlli üçün metodiki informasiyalar verməlidirlər”.

Qeyd edək ki, Ağdam rayonu istiqamətində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş, Qazax rayon Daş Salahlı kənd sakini, 1997-ci il təvəllüdlü Süleymanov Süleyman Elçin oğlunun sosial şəbəkədəki profilində ermənilər tərəfindən təhqiramiz sözlər yazılıb. Bu barədə şəhidin qardaşı Məhəbbət Süleymanov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət ünvanlayıb.

Ayyət Əhməd