Filialların ləğvi doğru addım idi

“İndiki halda müəllimlərin yetişdirilməsinə elə də güclü ehtiyac yoxdur”




Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filiallarının ləğvi və "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 2000-ci il 13 iyun tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Məlumata görə, Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələlərin həlli tapşırılıb.

Bundan başqa, İ.Əliyev Mingəçevir Dövlət Universitetinin yaradılması barədə də sərəncam imzalayıb. Belə ki, Mingəçevir Dövlət Universiteti Təhsil Nazirliyinin tabeliyində olan Mingəçevir Politexnik İnstitutunun bazasında yaradılacaq və ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını həyata keçirəcək. Bununla əlaqədar Nazirlər Kabinetinə Azərbaycan Müəllimlər İnstitutunun ləğv edilmiş Mingəçevir filialının maddi-texniki bazasının 2 ay müddətində Mingəçevir Dövlət Universitetinin balansına verilməsini təmin etmək, prezidentin aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb. Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Verilən sərəncamı müsbət dəyərləndirən tarix elmləri üzrə fəlsəfə doktoru, təhsil eksperti Məhərrəm Zülfüqarlı "Şərq”ə açıqlamasında qeyd edib ki, sovet dövründə, II Dünya müharibəsindən sonrakı müddətdə müəllim çatışmazlığı olurdu və hətta rayonlarda kurslar açılırdı. O kursu bitirənlər müəllim kimi işə cəlb olunurdu: "O vaxt buna ehtiyac var idi. Amma Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra özəl və dövlət universitetləri kifayət qədər müəllim hazırladılar. Bu da müəllimlərin bolluğuna gətirib çıxardı. Lakin filiallarda dərs deyən intellektual kadrlar az idi. Paytaxtdakı hansısa ali məktəbi aşağı qiymətlərlə bitirənlər gedib, orda dərs deyirdilər. Bu da keyfiyyətə mənfi təsir göstərirdi. İndiki halda müəllimlərin yetişdirilməsinə elə də güclü ehtiyac yoxdur. Filiallara ehtiyac duyulmur və onları bağlayıb, əvəzində universitetlər açırlar. Mingəçevir universitetinin yaradılması o deməkdir ki, ora yalnız müəllim deyil, digər ixtisaslarla bağlı qəbul aparılacaq. Bir sözlə, bunu düzgün qərar sayıram”.

Ayyət Əhməd