Firudin Cəlilov “Son zəng” qadağasına qarşı çıxdı

“Qoy məzunlar bu günü necə istəyir, o cür də keçirsinlər. Onlara nə qadağa, nə də məhdudiyyət qoymaq doğru deyil”
"Gənclərə sərbəstlik vermək lazımdır"
Dərslərin qurtarmağına az qalıb. Bütün orta məktəb şagirdləri "Son zəng”ə hazırlaşır. "Son zəng” uşaqlığımıza son vidadır. Bir az kədər, bir az da göz yaşı qarışır bu günə... Xüsusən də, məzunlar üçün bu gün bir başqa gözəldir. Heç şübhəsiz ki, digər şagirdlərdən fərqli olaraq, məzunlar 31 may "Son zəng”ə böyük həyəcanla hazırlaşır. Onlar artıq "Son zəng”i harada və necə keçirmək barədə düşünürlər. Təhsil Nazirliyi isə artıq onların əvəzindən qərar verib.
"Son zəng” tədbirləri ancaq məktəb divarları arxasında keçirilməlidir. Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, tədris həftəsi 5 günlük olan məktəblərdə "Son zəng” mayın 29-da, 6 günlük iş həftəsi ilə çalışan məktəblərdə isə mayın 30-da təşkil olunacaq.
Azərbaycanda "Son zəng” tədbirlərinin keçirilməsi ilə bağlı təhsil müəssisələrinə müvafiq tövsiyələr verilib. Məktəblərə tövsiyə olunub ki, həmin tədbirlər məktəb ərazisində keçirilsin.

"Ey valideynlər, avtomobilinizi uşaqlarınıza verməyin!”
Bakının orta məktəblərində təşkil ediləcək "Son zəng” tədbirləri ilə əlaqədar yol polisi 29 və 30 may tarixlərində gücləndirilmiş iş rejiminə keçəcək. Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov küçə və yollara bitişik bütün ümumtəhsil müəssisələrinin nəzarətə götürüləcəyini və təhlükəsizlik tədbirlərinin həyata keçiriləcəyini bildirib. V.Əsədov məktəblərin ətrafında dayanma-durma qaydalarının pozulmasına da imkan verilməyəcəyini deyib: "Yol polis əməkdaşlarımız bu neqativ halların yaranmasına imkan verməyəcək. Ona görə də orta məktəblərin ətrafındakı küçə və yollarda nəqliyyat sıxlığının yaranmaması üçün vətəndaşlardan xahiş edirik ki, bu iki gün ərzində şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər”. Bölmə rəisinin sözlərinə görə, yol polisinin şəxsi heyəti eyni zamanda yeniyetmələrin qeyri-qanuni olaraq avtomobil idarə etməsinin də qarşısını almaq üçün xüsusi tədbirlər görəcək: "Ötən illərin təcrübəsi göstərir ki, həmin gün bəzi şagirdlər qeyri-qanuni olaraq avtomobil idarə edirlər. Hətta bəzən onların idarə etdiyi avtomobillərlə qəza törətmələri və nəticədə insanların ölməsi və xəsarət alması halları da baş verib. Ona görə də belə xoşagəlməz halların olmaması üçün bir daha əhalini, paytaxt sakinlərini diqqətli olmağa, xüsusilə də avtomobili olan valideynləri övladlarının avtomobili idarə etməsinə yol verməməyə çağırırıq. Ey valideynlər, avtomobilinizi uşaqlarınıza verməyin! Versəniz bununla övladınıza yaxşılıq yox, pislik edirsiniz. Həmçinin unutmaq olmaz ki, qanunla avtomobilin idarə edilməsini sürücülük vəsiqəsi olmayan şəxsə etibar etdiyinə görə avtomobil sahibi özü də məsuliyyət daşıyır”.

Axı onlar həyatı bir dəfə yaşayırlar, orta məktəbi bir dəfə qurtarırlar
Təhsil eksperti, professor Firudin Cəlilov isə builki "Son zəng”in də ötən illərdəkindən fərqli olmayacağı qənaətindədir: "Uşaqlar düşəcəklər küçələrə, gecə yarıya kimi şənlik edəcəklər. Əslində, onların bu qədər dar çərçivəyə salınması bir növ aidiyyəti orqanın tələbləri ilə əlaqədardır. Məzunların bir yerə toplaşıb, şənlik keçirmələri, küçələrə axın etməsi onları narahat edir. Amma burada elə də böyüdüləcək bir məsələ yoxdur. Gənclərə yol açmaq lazımdır. Axı onlar həyatı bir dəfə yaşayırlar, orta məktəbi bir dəfə qurtarırlar. Mənə elə gəlir ki, bu sevinci onların əlindən almaq heç də düzgün deyil”. F.Cəlilov bildirib ki, sadəcə onlar öz yaşıdları, yoldaşları ilə çıxıb gəzəcəklər, əylənəcəklər. Burda qəbahətli nə var ki? "Bilirsiniz, indiki uşaqlar 20-30 il bundan əvvəlki uşaqlar deyil. İndiki uşaqlar çox ayıqdırlar, gündəlik internetlə işləyirlər, müxtəlif informasiyalar toplayırlar, dünyada olub-bitən hər şeydən xəbərdardırlar. Onlar həyata müxtəlif cür yanaşır, öz pəncərələrindən baxırlar. Ona görə də, onlara bir az sərbəstlik vermək lazımdır. Bu onların məzun günüdür. Qoy necə istəyirlər, elə də qeyd etsinlər. Kim istəyir məktəbin həyətində, kim də istəyir küçədə, məktəbdən kənarda keçirtsin. Buna normal yanaşmaq lazımdır. Gənclərə biz qayğı göstərməliyik, onların fikirlərinə, düşüncələrinə hörmət eləməliyik. Əgər biz böyüklər gənclərə qayğı göstərməsək, onlarla hesablaşmasaq, təbii ki, onlarda yaşlı nəslə qarşı narazılıq yaratmış olarıq. Bu mənada gənclərə sərbəstlik vermək lazımdır. "Son zəng” onlarındır. Qoy məzunlar bu günü necə istəyir, o cür də keçirsinlər. Onlara nə qadağa, nə də məhdudiyyət qoymaq doğru deyil”.
"Son zəng” tədbirləri məktəblərdə keçirilməli və məzmunlu olmalıdır
Təhsil Şurasının sədri Əjdər Ağayevin sözlərinə görə, nazirliyin qərarı tamamilə təqdirəlayiqdir. "Çünki son zamanların təcrübəsi göstərir ki, məzunlar "Son zəng”i tam sərbəst şəkildə elə keçirirlər ki, bu da cəmiyyətdə müəyyən narazılıqlar yaradır. Ona görə də nazirliyin tövsiyələri düzgün qərardır. Məzunlar "Son zəng”i öz məktəblərində təşkil eləsinlər. Və təhlükəsiz şəraitdə, müəllimlərin xoş sözləri, təbrikləri ilə, məzunların təşəkkür sözləri ilə, maraqlı əyləncələrlə qeyd edilsin”. "Son zəng” tədbirlərinin məktəb daxilində keçirilməsinin tərəfdarı olduğunu vurğulayan Ə.Ağayev hesab edir ki, belə olan halda məzunların təhlükəsizliyi tam şəkildə təmin olunar. "Son zəng” tədbirləri məktəblərdə keçirilməli və məzmunlu olmalıdır. Yoxsa ki, uşaqlar parklara, küçələrə düşürlər ki, biz "Son zəng”imizi qeyd edirik. Bunun nə mənası var? Hər şeyi qayda-qanuna uyğun həyata keçirmək lazımdır”.

Məzunların bulvara və ya digər məkanlara üz tutmasını düzgün hesab etmirəm
Əməkdar müəllim Almaz Həsrət də hesab edir ki, Təhsil Nazirliyi çox haqlı olaraq "Son zəng” tədbirlərinin məktəb daxilində keçirilməsi ilə bağlı öz tövsiyələrini verib: "Hər dərs ilinin sonunda məzun şagirdlər "Son zəng” gününü səbirsizliklə gözləyirlər. Və özünəməxsus şəkildə qeyd edirlər. Amma ötən illərə müqayisədə bu ölkədə fərqli situasiya var. Ölkəmiz 1-ci Avropa Oyunlarına hazırlaşır. Hansı ki, bu möhtəşəm tədbir ölkəmizin dünyada tanıdılmasına və Azərbaycan həqiqətlərinin dünya arenasına çıxarılmasına şərait yaradacaq. Bu tədbirlə əlaqədar şəhərimizdə müəyyən abadlaşdırma işləri aparılır, yollarda təmir gedir. Bu mənada 29-30 mayda şagirdlərimiz "Son zəng” yürüşləri keçirməsi, bayram tədbirlərini müxtəlif məkanlarda keçirməsi şəhərdə sıxlıq yarada bilər. Bu mənada "Son zəng” tədbirlərinin ancaq məktəb ərazisində keçirilməsi ilə bağlı nazirliyin tövsiyələrini məqsədəuyğun hesab edirəm”.
Ölkəmiz beynəlxalq tədbir ərəfəsində olmasa belə, yenə də "Son zəng” tədbirlərinin məktəb ərazisində keçirilməsinin tərəfdarı olduğunu vurğulayan Əməkdar müəllim bildirib ki, "Son zəng” uşaqların məktəb illəri ilə vidalaşması deməkdir: "Məzunların bulvara və ya digər məkanlara üz tutmasını düzgün hesab etmirəm. Çünki orta məktəbə vida mərasimi elə məktəblərin özündə keçirilməlidir. Onların şəhərdə gəzmək, əyləncə mərkəzlərində şənlik keçirmək üçün hələ çox imkanları olacaq. Ali məktəb imtahanlarından müvəffəqiyyətlə keçəndən sonra bu cür şənlikləri təşkil etsələr, daha yaxşı olar. "Son zəng” isə məktəb divarları arxasında keçirilməli və məzunların xatirələrində də məhz bu cür qalmalıdır. Ancaq hesab edirəm ki, artıq parklara, "bulvar”a gəzintiyə çıxmaq mənasızdır. "Son zəng” günü bəlkə də sonuncu dəfə birlikdə gülüb-əylənirlər. Çünki bundan sonra bu cür toplaşmaq, biri-biri ilə dərdləşə bilmək onlar üçün şirin bir xəyal olacaq. Yenə də məsləhət məzunlarındı. Biz onları heç nəyə məcbur edə bilmərik. Onlar üçün necə rahatdır, qoy öz "Son zəng”lərini elə də keçirtsinlər. Əsas odur ki, "Son zəng” günü onlar sonradan peşmançılığını çəkəcəkləri səhvə yol verməsinlər. Necə və harada qeyd etmələrindən asılı olmayaraq, "Son zəng” gününü hər zaman xoş və şirin bir xatirə kimi xatırlasınlar”.
Şəymən