“Formula-1” Bakının tanınmasında böyük imkanlar yaratdı

“Bu, eyni zamanda, Azərbaycanın turizm potensialının daha da güclənməsinə təsir göstərən mühüm amildir”



Azərbaycanda keçirilən dünyanın ən nüfuzlu idman yarışlarından biri - "Formula-1” Azərbaycan Qran-Prisi uğurla başa çatdı. Odlar yurdunun paytaxtı Bakı öz tarixində növbəti dəfə mötəbər idman yarışına ev sahibliyi etdi.
Bir daha bütün dünyanın idman nəbzi Bakıda döyündü. Azərbaycan "Formula-1”-i yüksək səviyyədə reallaşdırmaqla dünyaya idman nümunəsi göstərdi. Beynəlxalq ictimaiyyət respublikamızın iqtisadi qüdrətinin, qlobal tədbirləri təşkil etmə əzminin və ən nəhayət, yüksək tolerantlığın və qonaqpərvərliyin əyani şahidi oldu. Möhtəşəm marafon bir daha nümayiş etdirdi ki, Azərbaycanın mövcud potensialı, həyata keçirilən müasir infrastruktur layihələri yarışların sağlam rəqabət və dostluq şəraitində təşkili üçün şərait yaradır. Yüksək səviyyədə keçirilən İslam Həmrəyliyi Oyunlarından az sonra eyni məkanda növbəti Avropa Qran-Prisi kimi mühüm bir yarışın reallaşması Azərbaycanın idman sahəsində güclü potensiala malik olmasının bariz nümunəsidir. Tək yarışın reallaşması deyil, qonaqların, tamaşaçıların ölkəmizlə, milli dəyərlərimizlə tanışlığı, şəhərimizdə olduqları günlərdə vaxtlarını səmərəli keçirmələri üçün yaradılan şərait, dünyada sevilən populyar müğənnilərin iştirakı ilə konsert proqramlarının təşkili Azərbaycanın mükəmməl ev sahibliyi nümunəsinin ayrı-ayrı detallarıdır. Bu, eyni zamanda, Azərbaycanın turizm potensialının daha da güclənməsinə təsir göstərən mühüm amildir. Prezident İlham Əliyev də bəyan edib ki, "Formula-1” yarışları paytaxtımızın daha yaxından tanınmasına imkan yaradıb. Dövlət başçısı bu cür yarışların dünyada böyük sayda tamaşaçı auditoriyası tərəfindən izlənildiyini vurğulayıb.
Fəxri media təmsilçisi kimi Bakıya dəvət edilən isveçli jurnalist Frederik Af Petersens ikinci dəfədir ki, Azərbaycana gəldiyini deyib. "Formula-1” yarışlarını işıqlandırmaq üçün Bakıya gəldiyini söyləyən Petersens bildirib ki, vaxtilə neft sənayesinin yaradılması və inkişafında xidmətləri olmuş "Nobel qardaşları” şirkətinin fəaliyyət göstərdiyi Bakıya gəlmək, həqiqətən də, onun üçün maraqlı və xoşdur: "Bakını bəyəndim, burada həm müasirliyi, həm də qədimliyi görmək mümkündür. İnsanları gülərüz və mehribandır. Azərbaycanın fərqli və özünəməxsus mədəniyyəti var. Bakını, xüsusilə də İçərişəhəri gəzərkən çoxlu foto çəkmişəm. Hətta orada şəkil çəkərkən bir pişik diqqətimi cəlb etdi. Sanki öz baxışı və duruşu ilə bunu deyirdi: "İçərişəhərin ağası mənəm”, Bakı haqqında ancaq müsbət təəssüratlarım var”. Əcnəbi jurnalist yarış haqqında bunları deyib: "Bakı yarışlara çox gözəl hazırlaşmışdı. Təşkilatçılığa söz ola bilməzdi. Media mərkəzində jurnalistlərin işləməsi və oyunları işıqlandırması üçün hər cür şərait var idi. Fikrimcə, irad tutulmalı bir şey yoxdur”.
"Formula-1” yarışlarının dördqat dünya çempionu Alen Prost da bildirib ki, Azərbaycan Qran-Prisində təşkilatçılıq yüksək səviyyədə idi: "Bu yarışda iştirak etmək böyük şərəfdir. Bütün məsələlər ən yüksək səviyyədə təşkil edilmişdi və texniki baxımdan şəhər yarışa tam hazır idi. Sevindiricidir ki, "Formula-1” yarışının coğrafiyası genişlənir. Mən Azərbaycan Qran-Prisinin təşkilatçılığını çox bəyəndim”. Əfsanəvi pilot Bakı şəhər trekinin konfiqurasiyasına xüsusi olaraq münasibət bildirib: "Trek uzun və mürəkkəb olmaqla yanaşı, darısqal döngələri ilə çox maraqlı idi. Trasın mürəkkəbliyi həm də sərbəst yürüşlərdə baş verən qəzalarda özünü göstərdi”. AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri Aqil Əsədov bildirib ki, "Formula-1” Avropa Qran-Prisinin Azərbaycanda keçirilməsi çox mühüm hadisə kimi yadda qalacaq və bir neçə cəhətdən ölkəmiz üçün önəmli rol oynayacaq: "Ən başlıcası respublikamıza turist axınının güclənməsini sürətləndirəcək. Möhtərəm Prezidentimiz İlham Əliyev bununla bağlı deyib ki, beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi edən Bakı hazırda dünyanın ən gözəl şəhərlərindən biridir. Son illərdə Bakının tarixi binaları mədəni irsimiz qorunmaqla təmir edilib. İçərişəhər artıq dünyanın ən cəlbedici tarixi yerlərindən birinə çevrilib. Bulvarın uzunluğu 3 kilometrdən 16 kilometrə çatdırılıb, yeni yollar açılıb, yeni parklar salınıb. Bu gün Bakı parklar, göllər şəhəridir. Ekoloji fəlakət mənbəyi olan Bibiheybət buxtası, Böyükşor gölü təmizlənib. Bunlar olmasaydı, hansı turist Azərbaycana gələrdi? Biz beynəlxalq yarışlar keçirdərək dünyanın diqqətini özümüzə cəlb edirik. "Eurovision”, Avropa Oyunları, 500 milyon auditoriyası olan "Formula-1” keçirdik. Əsas amillər bunlardır, hamı bilsin və düzgün qiymətləndirsin”.

İsmayıl