Formula 1 pilotları sərbəst yürüş zamanı yolu səhv saldılar




Bakıda keçirilən Formula 1 yarışlarının birinci sərbəst yürüşü zamanı 4 pilot - Kevin Maqnussen ("Haas"), Kimi Raykkonen ("Ferrari"), Colyon Palmer ("Renault") və Serxio Peres ("Force India") hərəkət istiqamətini səhv salıblar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, pilotlar öz səhvlərini düzəldərək qısa müddətdə trasa qayıdıb.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi - Azərbaycan Qran-Prisinə start verilib.

Azərbaycan paytaxtında artıq ikinci dəfədir keçirilən Formula 1 yarışında bu gün pilotlar birinci və ikinci sərbəst yürüşlərə çıxır. İyunun 24-də üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 - Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun - Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.