Müasir dünyanın qlobal problemləri Bakıda çözülür
Dünən VI Qlobal Bakı Forumu çərçivəsində panel iclasları davam etdirilib. Günün ilk iclası "Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” mövzusunda olub. İclasın moderatoru Ərəb Dövlətləri Liqasının keçmiş baş katibi, Misirin sabiq xarici işlər naziri Əmir Musa mövzunun xüsusi aktuallıq kəsb etdiyini söyləyib. O bildirib ki, yeni sülh modeli haqqında düşünülməli və boşluqlar doldurulmalıdır:

"Bütün dünyada, o cümlədən ərəb ölkələrində baş verən hadisələrə diqqət yetirilməlidir, insanların təhlükəsiz yaşamalarına şərait yaradılmalıdır. Böyük güclər iradə nümayiş etdirməlidirlər. Sülh bərqərar olmalıdır”. Livanın sabiq baş naziri Fuad Siniora isə bildirib ki, dünyada ədalətin bərpa olunması sülhə, inklüzivliyə gətirib çıxara bilər: "Dünya çağırışlara cavab verməlidir. Məsələn, Fələstin problemi bu günə qədər həll olunmayan əsas problemlərdəndir. Bu problem həllini tapmasa, regionda digər problemlərə də yol aça bilər. Suriyada qeyri-sabitlik hökm sürür, yüz minlərlə insan kömək gözləyir. Bu məsələ tezliklə həll olunmalıdır”.
"Bakı Forumu səmərəli müzakirələrin aparılması üçün mühüm platformadır”
Rusiyanın Baş nazirinin sabiq müavini, sabiq dövlət katibi Gennadi Burbulis dünyada baş verən proseslərə diqqəti cəlb edib. O, insan hüquqlarının qorunmasının ən vacib məsələlərdən biri olduğunu söyləyib: "Bu məsələyə BMT və digər beynəlxalq təşkilatlar biganə qalmamalı və dövlətlər də dəstəyini əsirgəməməlidir.”
İslam Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi Ekmələddin İhsanoğlu Qlobal Bakı Forumunun problemlərin həlli istiqamətində atılacaq addımlara böyük töhfə verəcəyini söyləyib. O deyib ki, Bakı Forumu dünyada mövcud olan boşluqların aradan qaldırılması istiqamətində səmərəli müzakirələrin aparılması üçün mühüm platformadır. Türkiyənin xarici işlər nazirinin müavini Əhməd Yıldız ölkəsinin dünyada baş verən proseslərin həllində yaxından iştirak etdiyini bildirib: "Türkiyə terror təşkilatlarına qarşı sərt mövqeyini qoruyur və terrorizmlə mübarizədə lazımi addımları atır”. Suriya məsələsində dünya dövlətlərini ədalətli olmağa çağıran Əhməd Yıldız bu gün Türkiyədə 3,5 milyon suriyalı qaçqının olduğunu vurğulayıb.
"Qlobal Bakı Forumu ölkələr arasında əməkdaşlığa və sülhə böyük töhfədir”
Albaniya Prezidenti İlir Meta deyib ki, Azərbaycan tərəfindən təşkil olunan və Bakıda keçirilən qlobal forum böyük əhəmiyyət daşıyır və ölkələr arasında əməkdaşlığa və sülhə böyük töhfə verir: "Bakı forumu prezidentlərin, ölkə nümayəndələrinin, ekspertlərin bir yerə toplaşaraq beynəlxalq əhəmiyyətli məsələlərin açıq və konstruktiv müzakirə etdiyi məkandır. Azərbaycan bizə bu məsələlərin müzakirəsi üçün qiymətli platforma təqdim edib və mən bu forumun iştirakçısı olmaqdan məmnunam. Bu formatda tədbirlərin keçirilməsi müasir dünyanın üzləşdiyi qlobal problemlər baxımından böyük əhəmiyyət kəsb edir”.
"Forum dünya səviyyəsində təcrübə mübadiləsi üçün məkandır”
Moldova Prezidenti İqor Dodon da Foruma böyük əhəmiyyət verdiyini deyib. Prezident bəyan edib ki, Forum Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunub: Bakı Forumunun keçirilməsi ilə Azərbaycan təkcə regional yox, həm də dünya səviyyəsində təcrübə mübadiləsi üçün məkan yaradıb. Biz bir neçə regiona aid olan vacib məsələləri müzakirə etdik. Mənim iştirakımla Balkanlardakı vəziyyətin müzakirəsi baş tutdu. Bu bölgədə həll olunmamış bir neçə problem mövcuddur. Mən hesab edirəm ki, bu problemlər Bakı forumunda layiqincə işıqlandırıldı”.
İsmayıl