“Fövqəladə Təhqiqat Komissiyasının sənədlərini tərcümə etmək lazımdır”







"Əslində Mart soyqırımı köhnə təqvimlə martın 18-21 də baş verib”.

Bu barədə "Sherg.az”a Bakı Atatürk liseyinin tarix müəllimi Elmar Həsənli məlumat verib. 

Tarixçi təklif edib ki, 31 Mart soyqırımının 100-cü ildönümündə Azərbaycanda soyqırımı muzeyi yaradılmalıdır:

"Bu vacib olan məsələlərdən biridir. Azərbaycan xalqının başına təkcə XX əsrdə 3 böyük faciə gətirilib. 1905-1906-cı illərdə, 1918-ci ildə və 1992-ci ildə rus və ermənilər bizləri soyqırımına məruz qoydular. Bununla bağlı 36 cildlik Fövqəladə Təhqiqat Komissiyasının sənədləri mövcuddur. Həmin sənədlər Azərbaycan Cümhuriyyəti hökumətinin 15 iyul 1918-ci ildə yaratdığı azərbaycanlı-müsəlman əhaliyə, habelə onların əmlakına qarşı bütün Zaqafqaziya hüdudlarında Birinci Dünya Müharibəsi başlanandan bəri törədilmiş zorakı cinayət əməllərinin araşdırılması üzrə Fövqəladə Təhqiqat Komissiyasının topladığı və tərtib etdiyi sənədlərdir. Komissiyanın sədri vəzifəsini hüquqşünas, andlı iclasçı Ələkbər bəy Xasməmmədov icra edib. Bu sənədlərin çapına nail olmaq və onları müxtəlif dillərə tərcümə etmək lazımdır.

Bu il Mart soyqırımının baş verməsindən 100 il keçir. Dünya ölkələrinin, xüsusilə, Rusiya arxivlərində bununla bağlı mövcud olan arxiv materiallarını Azərbaycana gətirməliyik”.

Qeyd edək ki, 31 Mart soyqırımı 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan, və digər ərazilərdə Bakı Soveti və Daşnaksütun partiyasından olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır.

1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.
Aysel Aslan