Ərdoğan: “Terrorçularla yatıb-qalxan, hətta onları saraylarda qonaq edənlər səhvlərini gec-tez anlayacaqlar”
Türkiyə ordusunun Afrindən sonrakı hədəfi PYD və YPG terrorçularının nəzarətində olan Membiç şəhəridir. Bu barədə Türkiyə rəhbərliyi səviyyəsində qərar verilib. Bəlli olduğu kimi, Membiçdə həm də ABŞ hərbiçiləri keşik çəkir və orada yerləşən terrorçulara təlim verirlər. Elə bu əsnada PYD və YPG terrorçularına daha bir dəstək Fransadan gəlib.
Terror təşkilatına dəstəkçi olan Suriya Demokratik Qüvvələrinin üzvlərini paytaxt Parisdə qəbul edən Fransa prezidenti Emmanuel Makron Türkiyə ilə SDQ arasında vasitəçilik etməyi planlaşdırdıqlarını söyləyib. YPG rəhbərliyi isə açıqlama verib ki, Fransa prezidenti terror təşkilatına dəstək məqsədilə Membiçə əsgər göndərməyi vəd edib. Ancaq Makronun fikrinə Ankaranın göstərdiyi sərt reaksiyadan sonra rəsmi Paris geri addım atıb. Fransa Suriyanın şimalında yeni əməliyyat planının nəzərdə tutulmadığını bildirib. Onu da vurğulayaq ki, Fransa prezidenti açıqlamasında PYD silahlılarına dəstəyini aşkar etiraf edib: "Kürdlərə dəstək vədi və müvafiq zəmanət vermişik”.
"Fransanın terrorçudan şikayət etməyə haqqı qalmayıb”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa rəhbəri Emmanuel Makronun sözlərinə sərt reaksiya verib. Ərdoğan bildirib ki, terror təşkilatını yüksək səviyyədə qonaq edənlər bunun Türkiyəyə qarşı düşmənçilik mənası daşıdığını bilməlidir: "Suriya Demokratik Qüvvələri PKK terror təşkilatının aynasıdır. Əgər Türkiyə ilə SDQ arasında vasitəçilik edə biləcəklərinə dair söz verilibsə, bunu söyləyən şəxs həddini aşıb. Bizim vasitəçiyə ehtiyacımız yoxdur. Türkiyə nə vaxt terror təşkilatları ilə masaya oturub? Siz terror təşkilatı ilə masaya otura bilərsiniz, amma Türkiyə terror təşkilatları ilə Afrində olduğu kimi mübarizə aparır. Dəstək verdiyiniz YPG bölgəmizdəki əliqanlı, ən əxlaqsız, insanlıq düşməni terrorçu təşkilatdır. Fransanın heç bir terrorçudan, terror aksiyasından şikayət etməyə haqqı qalmayıb. Terrorçularla yatıb-qalxan, hətta onları saraylarda qonaq edənlər səhvlərini gec-tez anlayacaqlar”.
"Dost bildiyimiz ölkələr terrora qarşı qəti mövqe ortaya qoymalıdırlar”
Türkiyə Prezident Adminitrasiyasının sözçüsü İbrahim Qalın da deyib ki, Ankaranın Demokratik Suriya Qüvvələri adı altında fəaliyyət göstərməyə çalışan terror təşkilatlarına qarşı mövqeyi dəyişməyib: "Türkiyə ilə terror təşkilatları arasında vasitəçi olmaqla bağlı deyilənləri rədd edirik. Dost və müttəfiq kimi qəbul etdiyimiz ölkələr terrora qarşı qəti mövqe ortaya qoymalıdırlar. Makronun fikirləri ciddiyyətdən uzaq yanaşmadır”. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Makronun Ankara ilə PYD arasında vasitəçi olmaq fikrinə qəzəblənib. Nazir Fransanı ikili standartlar aparmaqda ittiham edib: "Sən kimsən ki, vasitəçilik edirsən? Bir ölkənin vasitəçi olması üçün əvvəlcə etibarlı və tərəfsiz olması vacibdir”.
"Ümid edirik ki, Fransa rasional olmayan addım atmaz”
Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ da bildirib ki, Fransanın PYD-YPG terror qruplaşmalarına dəstək barədə zəmanət verməsi Türkiyəyə hücum edən terrorçularla açıq şəkildə həmrəylik və əməkdaşlıq deməkdir: "Terror qruplaşmaları ilə Türkiyəyə qarşı əməkdaşlıq və həmrəylik göstərənlər, terrorçularla birlikdə Türkiyəyə hücum edənlər onlarla eyni rəftarın şahidi olar, Türkiyənin hədəfinə çevrilər. Ümid edirik ki, Fransa rasional olmayan belə bir addımı atmaz. Terror qruplaşmalarının dostluğunu Türkiyənin dostluğundan üstün tutanlar, gec, ya da tez, dostları ilə birlikdə məğlub olacaqlar”.
İsmayıl