Fransa Rusiyadan sonra Qarabağ görüşü təşkil etmək istəyir

“Qərb istəyir ki, Azərbaycanı və eyni zamanda Dağlıq Qarabağ münaqişəsini öz orbitinə çəksin”



Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə hazır olduğunu bəyan edib. Bu barədə Fransanın Azərbaycandakı səfiri Oreliya Buşe bildirib.

Onun sözlərinə görə, münaqişə tərəfləri arasında vasitəçi rolunu oynayan ATƏT-in Minsk Qrupu həmsədrləri öz öhdəliklərini yerinə yetirir: "Həmçinin münaqişənin hərtərəfli sülh yolu ilə həll olunması və qarşılıqlı inamın əldə olunması istiqamətində səylər göstərirlər. Həmsədr ölkə kimi Fransa prezidentlərin Sankt-Peterburq görüşünün nəticələrini alqışlayır. Münaqişə yalnız daimi və səmimi yolla həll oluna bilər”.

Təşəbbüsü şərh edən politoloq İlqar Vəlizadə qeyd edib ki, Fransa tərəfləri görüşdürüb, müəyyən siyasi mesajlar vermək niyyətindədir: "Paris də öz təklifini verib, danışıqlar prosesinin yeni istiqamətinin qurulmasında vasitəçi olmaq istəyir. Rusiya, Fransa və Amerika istəyir ki, danışıqların yeni istiqaməti məhz onların təklifi nəzərə alınmaqla müəyyənləşsin. Beləliklə, məsələnin tənzimlənməsi ilə bağlı danışıqlar onların nəzarətinə keçsin. Digər tərəfdən hazırda Rusiya ilə Qərb arasında soyuq müharibənin elementləri görünür. Əlbəttə, bu müharibə Qarabağ konfliktindən də yan keçməyib. Bir sözlə, Qərb istəyir ki, Azərbaycanı və eyni zamanda Dağlıq Qarabağ münaqişəsini öz orbitinə çəksin. Amma obyektiv reallıq onu göstərir ki, Moskvanın Bakıya və İrəvana təsiri çox güclüdür. Bu səbəbdən münaqişənin həllinə dair proseslərdə Qərb sanki ikinci plandadır”.

Ekspertin qənaətincə, münaqişənin tənzimlənməsinə dair Rusiyanın təklifləri Qərbin təkliflərindən fərqlənir: "Məsələn, Sankt-Peterburq görüşündə şərti olaraq öncə 5 rayonun, sonra 2, daha sonra isə Dağlıq Qarabağın statusuna baxılması məsələsi təklif olunub. Moskvanın təklifi təxminən bunlardır. Qərb heç bunu da təklif etmir. Fransa və Amerika konkret təkliflər də irəli sürmür. Düzdü, ola bilər ki, Rusiyanın təklifi bizim xoşumuza gəlməsin. Amma təklif var. Belə vəziyyətdə Fransanın təşəbbüsünün məhsuldar olub-olmaması və üstəgəl, görüşün reallaşması sual altındadır. Bu baxımdan Qərbin hansısa effektiv təklifinin olacağını düşünmürəm”.

Ayyət Əhməd