Fransada abortu qanuniləşdirən sabiq nazir öldü - REAKSİYALAR





Fransanın sabiq səhiyyə naziri və siyasətçi xanım Simon Vey 89 yaşında dünyasını dəyişib.

Sherg.az "Lemonde.fr"ə istinadən xəbər verir ki, bu barədə onun oğlu məlumat verib. O, anasının öz evində vəfat etdiyini söyləyib.

Qeyd edək ki, Fransada qadın hüquqlarının ən böyük müdafiəçisi kimi tanınan S.Vey 1974-cü ildə bu ölkə tarixində ilk dəfə olaraq abortun qanuniləşdirilməsinə nail olub.

Sabiq nazirin ölümünə ilk reaksianı isə elə ölkə başçısı Emmanüel Makron verib. O, öz "Twitter" hesabında bunları yazıb:

"Onun ailəsinə dərin hüznlə baş sağlığı verirəm. O, bizim vətəndaşlarımıza, həmvətlilərimizə nəfəs verib. S.Veyi həmişə Fransanın ən yaxşılarından biri kimi xatırlayacağıq".

Baş nazir Eduard Filip qeyd edib ki, S.Vey yaddaşlarda hümanist, əliaçıq və xeyirxah bir şəxsiyyət kimi qalacaq:

"Fransa bir tarixi şəxsiyyətini itirib"

Sabiq prezident Fransua Olland da bildirib ki, S.Vey daim özündə cəsarət, mərhəmət və qanunçuluğu təsəccüsüm etdirib".

Məlumat üçün bildirək ki, S.Vey bu ilin iyulun 13-də 90 yaşına qədəm qoyacaqdı.

Tərcümə etdi: Ayyət Əhməd