Fransalı rəssamın sərgisində Naftalan nefti də var

Vannada sərgilənən Naftalan nefti müalicəvi əhəmiyyətinə görə məşhurdur




Fransalı küçə rəssamı Zevs-in Londonda keçirilən sərgisində əsasən neftlə bağlı əsərləri nümayiş etdirilir. 38 yaşlı keçmiş qraffiti rəssamının "likvidasiya” üslubunda yaratdığı əsərlərdə böyük şirkətlərin loqoları divar boyu aşağı axır.
Rəssamın sərgidə nümayiş etdirilən əsərləri sırasında Naftalan nefti də var. Vannada sərgilənən neft müalicəvi əhəmiyyətinə görə məşhurdur.
"Bu, neft sərgisidir. Bu sərginin neftə hücum kimi qavranılması mümkündür. Heç də hər şey ağ-qara deyil və bu əsərlər də ağ-qara deyil,” Zevs AFP xəbər agentliyinə sərginin neft şirkətlərinə qarşı etiraz olmadığını bildirib.
Sərgidə nümayiş etdirilən Exxon və Esso kimi neft şirkətlərinin loqolarının rəngləri sanki divar boyu axaraq suya qarışır.
O, 2009-cu ildə Armani dükanını üzərində Chanel loqosunu təsvir etdiyinə görə Honq Konqda həbs edilib.