Fuad Poladov istefa verdi

“Elə hadisələr olur ki, onu şərh etmək lazım deyil, bəzi hadisələr zamanla özünü təsdiqləyir”



Akademik Milli Dram Teatrında yenidən qalmaqal yaşanır. Xalq artisti, görkəmli teatr və kino aktyoru Fuad Poladov çalışdığı Akademik Milli Dram Teatrından gedib. Bu barədə teatrın keçmiş aktyoru Hikmət Rəhimov öz şəxsi feysbuk səhifəsində məlumat verib.

Belə ki, Xalq artisti teatrda oktyabrın 28-i sonuncu dəfə səhnəyə çıxacaq: "Başıma gələn olaylarla bağlı mənə dəstək olan və arxamda dayanan insan Fuad müəllim Poladova minnətdaram. Mənə görə polis bölməsinə, rayon polis idarəsinə məndən xəbərsiz gedən, oradakılara narahatçılığını bildirən və ən sonda teatrdan çıxdığını bildirən Fuad Poladov... Səmimiliyimə inanın ki, bununla fəxr etmirəm və şokdayam. Hər gün mənə ən azı zəng vurub, ürək-dirək verməyi heç vaxt unutmaram. Bunu heç kim etməzdi. Hər şeyə görə sağ olun”.

Fuad Poladovla əlaqə yaradıb məlumatın nə qədər həqiqət olub-olmadığını öyrənməyə çalışdıq. "Şərq”ə açıqlama verən Fuad Poladov "Mən bu məsələylə bağlı şərh vermək istəmirəm. Əgər hardasa bu barədə məlumat yazılıbsa, demək ki, bunun bir səbəbi var. Təbii ki, gec-tez səbəbi bilinir, məlumat yazılır. Ancaq mən özümlə bağlı heç bir açıqlama verməyi düşünmürəm. Qaldı Hikmətin yazdıqlarına, bəli, mən həqiqətən Hikmətə dəyər verirəm. Hikmət bir neçə vaxt əvvəl işdən çıxarılıb. Çalışırdım ona ürək-dirək verim. Hesab edirəm ki, hər bir teatr Hikmət kimi istedadlı aktyora ehtiyac duyur. Hikməti bir ay olar çıxarıblar. İstedadlı aktyordu Hikmət. Nə deyim” söylədi. "Onda elə çıxır ki, Hikmətin işdən çıxarılmasını haqsızlıq hesab etmisiz deyə, Akademik Milli Dram Teatrından getdiniz” sualına Xalq artisti "Yenə deyirəm, bu barədə şərh vermək, danışmaq istəmirəm. Sadəcə elə hadisələr olur ki, onu şərh etmək lazım deyil, bəzi hadisələr zamanla özünü təsdiqləyir. Məni sevən tamaşaçı isə Rus Dram Teatrına gəlib tamaşaları izləyə bilər. Mənim məkanım bəllidir. Rus Dram Teatrında çalışıram. Və tamaşaçı Fuad Poladovu bundan sonra da Rus Dram Teatrının səhnəsində görə bilər”.

Tahirə