“Fürsəti düzgün dəyərləndirməliyik”

Elvin Mürsəliyev: “Qoy düşmənlərimiz də bizim güclü dövlətimiz olduğunun bir daha şahidi olsunlar”



Yunan-Roma güləşi üzrə milli komandanın üzvü, Dünya kubokunun qalibi, Avropa mükafatçısı Elvin Mürsəliyev 1-ci Avropa Oyunlarına hazırlıqdan danışıb.

75 kq-da mübarizə aparan idmançı "Şərq”ə açıqlamasında ilk Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə keçdiyini dilə gətirib:

"Qarşıdakı yarışa çox ciddi hazırlaşırıq. Doğma meydanda azarkeşlərimiz qarşısında çıxış etmək bizə əlavə güc verəcək. Ümidləri doğruldub birinci olmağa çalışacağıq. Birinci Avropa Oyunlarının Bakıda təşkil olunması bu ölkənin vətəndaşı kimi məni çox qürurlandırır. Demək olar ki, iştirakım dəqiqləşib. Əlimdən gələni edəcəm ki, üzərimə düşən vəzifəni artıqlamasıyla yerinə yetirim”.

İlk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsini yüksək dəyərləndirən idmançı "Həqiqətən Azərbaycan tarixi bir hadisəyə ev sahibliyi edir. İlk Avropa Oyunlarının təməli Azərbaycanda qoyulur. Bu bir tarixdir. Hər birimiz bu tarixi hadisəni dərindən dərk etməliyik. Mənə elə gəlir ki, bu yarışlarda təkcə idmançılar, dövlət qurumlarında çalışan məmurlar deyil, hər bir vətəndaş məsuliyyətini hiss etməlidir. Avropa bu Oyunlar vasitəsilə bizi bir daha yaxından tanıya bilər. Ona görə də mədəniyyətimiz, insani dəyərlərimiz, qonaqpərvərliyimiz, musiqimizlə qonaqlarda o qədər yüksək əhval-ruhiyyə yaratmalıyıq ki, onların yaddaşından Bakı səfəri silinməsin. Biz idmançılar dünyanın bir çox ölkələrində oluruq. Ancaq bu gün Bakı dünyanın ən məşhur şəhərlərini belə bəlkə də kölgədə qoyub. Çünki Bakı çox gözəlləşib. Biz qonaqlara Azərbaycan xalqının həm tarixi, həm də mədəni millət olduğunu göstərmək şansını əldə etmişik. Bu imkandan öz xeyrimizə maksimum istifadə etməliyik. Biz idmançılar da çalışmalıyıq ki, öz arenamızda vətənimizin bayrağını daha çox yüksəklərə qaldıraq. Hər birimiz ev sahibi olduğumuzu hiss etməliyik. İdmançıların mühafizəsi, onların istirahəti tam təmin olunmalıdır ki, onlar bu səfərdən razı qalsınlar. Unutmaq lazım deyil ki, bütün Avropanın diqqəti iyunun 12-dən etibarən Bakıda olacaq. Müxtəlif ölkələrin telekanalları Bakı haqqında verilişlər hazırlayacaqlar. Biz bu fürsəti düzgün dəyərləndirməliyik. Qoy düşmənlərimiz də bizim güclü dövlətimiz olduğunun bir daha şahidi olsunlar” söylədi.

Elvin Mürsəliyev ilk Avropa Oyunlarından danışarkən "Avropa Oyunları Dünya Çempionatından da nüfuzlu turnirdir. Doğma divarlar arasında keçirildiyindən özüm qarışıq bu mötəbər turnirdə bütün idmançılarımız nailiyyət qazanmaq üçün çalışırıq” bildirdi.

Əslində idmançımızın fikirlərində böyük həqiqət var. Hər birimiz bu yarışlarda ev sahibi olduğumuzun məsuliyyətini hiss etməli və maksimum dərəcədə bu millətin nə qədər mədəni və tarixi kökə malik olduğunu qonaqlara çatdırmalıyıq. Deməli, məmurundan tutmuş, sıravi vətəndaşa qədər bu yarışlara dəstəyimizi əsirgəməməliyik.

Tahirə