“Prokuror istədiyi cəza ilə məhkəmə qərar çıxardı. Məhkəmə bir növ “notarius” rolunu oynadı”
Dünən Səbail Rayon Məhkəməsində jurnalist Rasim Əliyevin ölümünə görə həbs edilən "Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə C.Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, əvvəlki proseslərdən birində dövlət ittihamçısı futbolçunun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. May ayının 25-də Səbail Rayon Məhkəməsində futbolçu C.Hüseynov son sözlə çıxış edib. O, ifadəsində baş vermiş cinayət işindən xəbərinin olmadığını, özünü təqsirli bilmədiyini deyib və məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını istəyib.
Qərarı dəyərləndirən futbolçunun vəkili Adəm Məmmədov "Şərq”ə bunu doğru hesab etmədiklərini söyləyib: "Məhz ona görə də apelyasiya şikayəti verəcəyik. Məhkəmə tamamilə ədalətsiz qərar verdi. Məhkəmə nəinki ədaləti pozdu, heç cəza hissəsini də nəzərə almadı. Əslində biz bəraət gözləyirdik. Heç olmasa, müəyyən yüngüllləşdirici halları nəzərə alıb 2 il şərti cəza veriləcəyini düşünürdük. Çox təəssüf ki, bu da baş vermədi. Prokuror istədiyi cəza ilə məhkəmə qərar çıxardı. Məhkəmə bir növ "notarius” rolunu oynadı. İttiham aktını olduğu kimi hökmə köçürüb qərar çıxardılar”.
Vəkil diqqətə çatdırıb ki, apelyasiya şikayətini dünən bu gün (dünən) hazırlayıb: "Yəqin ki, yaxın 2-3 günə şikayəti məhkəməyə təqdim edəcəyik”.
A.Məmmədov qeyd edib ki, hakimin naməlum səbəbdən məhkəmə prosesini 25 maydan bugünədək (31 may) təxirə salması C.Hüseynovun amnistiyaya düşmə ehtimalının da qarşısını kəsib: "Qərara görə, amnistiya iyun ayının 15-dək qanuni qüvvəsini alan şəxslərə şamil edilir. Cavid amnistiyaya düşəcəkdi. Prokurorluq və məhkəmə qəsdən hökm oxunmasını mayın 31-nə saxladı. Hökm 24-25-də elan olunsaydı, iyunun 15-də qanuni qüvvəsini alacaqdı və Cavid azadlığa çıxacaqdı. Mayın 31-nə saxladılar ki, o, amnistiyaya düşməsin. Cavid barədə çıxarılan hökm iyunun 20-də qanuni qüvvəsini alacaq. Beləliklə, müvəkkilimin amnistiyaya düşməsini də əngəllədilər. İlk dəfədir ki, hökm oxunması 5 günlük təxirə salınır”.
Müsahibimizin sözlərinə görə, məhkəmələr təzyiq, təsirdən çəkinərək belə bir qərar çıxarıb: "Qəbul edilən qərar məcburi xarakter daşıyır. "Qərara jurnalist ölüb, bəraət verilsə, dünya bizə nə deyər” prinsipi ilə yanaşıldı. Hər yerdən təzyiqlər oldu. Təzyiqlər olmasaydı, Cavidi həbs etməzdilər”.
Sonda vəkil onu da əlavə edib ki, futbolçu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək: "Apelyasiya şikayəti verəcəyim üçün o, hələlik Bakı İstintaq Təcridxanasında saxlanacaq”.
Ayyət Əhməd