Gec-tez Qarabağı azad edəcəyik
"Ermənistan nə qədər tez danışıqlar masasına qayıtsa, onlar üçün bir o qədər yaxşı olacaq”. Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin ötən gün keçirilən iclasında səsləndirib. Prezident bildirib ki, Ermənistan danışıqlar prosesini hər vəchlə dayandırmağa, onu boykot etməyə çalışsa da, buna nail ola bilmir və bundan sonra da ola bilməyəcək:
"Minsk Qrupunun həmsədr ölkələri artıq bir neçə dəfə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Bu, əslində işğala son qoyulması deməkdir. Ermənistana, onun işğalçı siyasətinə Minsk Qrupu tərəfindən təzyiq daha da güclənməlidir ki, onlar beynəlxalq normalara riayət etsinlər və işğala son qoysunlar. Bizim danışıqlar prosesindəki mövqeyimizdə heç bir dəyişiklik yoxdur, ola da bilməz. Ərazi bütövlüyü prinsipi danışıqlar mövzusu deyil. Bütün beynəlxalq təmaslarda qeyd edirəm ki, bu məsələdə heç bir ölkə, yaxud təşkilat tərəfindən ikili standartlar özünü göstərməməlidir. Bəzən postsovet məkanında mövcud olan digər münaqişələrə daha böyük diqqət göstərilir”. Ölkə başçısı bəyan edib ki, Azərbaycan gündən-günə güclənir, möhkəmlənir: "Həm siyasi, həm hərbi, həm də iqtisadi potensialımız artır və gec-tez biz bu məsələni istədiyimiz kimi ədalətli həll edəcəyik. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir neçə hadisəni qeyd etmək istəyirəm. Qondarma referendumun keçirilməsi ilə Ermənistan özünü bir daha biabır və ifşa etdi. Düşmən orada nə qədər çox qanunsuz "referendum” keçirsə, bir o qədər bizim xeyrimizə işləyir. Çünki bütün qonşu ölkələrimiz, Minsk Qrupuna həmsədrlik edən dövlətlər, Avropa İttifaqı və bir çox ölkələr dərhal bu "referendum”u pislədilər. Bəyan etdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”.
"Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayacaq”
Dövlət başçısı daha bir əlamətdar hadisəyə diqqət çəkib. Prezident bildirib ki, Dağlıq Qarabağa qanunsuz səfərlər etmiş, Azərbaycan dövlətini, xalqını təhqir etmiş bir nəfər xaricdə saxlanılaraq bütün dünyanın gözü qarşısında ölkəmizə təhvil verildi: "Bu, ilk dəfə baş verən hadisədir, ədalətin bərpasıdır. Beynəlxalq hüququn aliliyidir. Ekstradisiya ilə bağlı olan bütün məsələlər beynəlxalq qanun və konvensiyalar əsasında baş verib. Əminəm ki, bu fakt qanunlarımızı kobudcasına pozan və bununla qürrələnən şəxslərə dərs olacaq. İlin əvvəlində daha bir önəmli hadisə baş verdi. Biz Cocuq Mərcanlı kəndinin bərpasına başladıq. Hesab edirəm ki, bu da tarixi hadisədir. İndi orada yeni qəsəbə salınır. Birinci növbədə 50 ev, məktəb, uşaq bağçası, məscid tikilir, yeni yol salınır. Sonra əlavə 150 ev və tibb məntəqəsi tikiləcək. Onu da qeyd etməliyəm ki, oradakı məscid Şuşa məscidinin memarlığını təkrarlayır. Bu, mənim göstərişim idi. Erməni vəhşiləri tərəfindən dağıdılmış bütün abidələrimizin, məscidlərimizin bərpası günü gələcək. Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayacaq. Eyni zamanda, onu göstərir ki, Azərbaycan öz ərazilərini bərpa edəndən sonra bütün kəndləri, bütün şəhərləri yenidən quracaq. Qeyd etməliyəm ki, bu il köçkünlər üçün digər yerlərdə yeni binalar tikilir, qəsəbələr salınır. Onlardan biri Tərtər rayonunda inşa edilən böyük qəsəbədir, yaxın aylarda istifadəyə veriləcək.
"Prezidentin Cocuq Mərcanlı ilə bağlı fikirləri düşmənə mesaj idi”
Milli Məclisin deputatı Elman Məmmədov deyib ki, Prezidentin Nazirlər Kabinetinin iclasında söylədiyi kimi, Cocuq Mərcanlı kəndinin bərpası həqiqətən də tarixi hadisədir: "Ölkə başçısının səsləndirdiyi fikirlər işğalçı Ermənistana ünvanlanıb. Prezident bir daha bəyan etdi ki, ölkəmiz özünün bu addımı ilə hər qarış torpağının onun üçün nə qədər əziz olduğunu göstərdi. Bundan əlavə bildirdi ki, Azərbaycan işğal altında olan torpaqlarını işğaldan azad edəcək, bu torpaqlarda yüksək səviyyədə işlər görüləcək. İşğaldan azad olunacaq ərazilərdə yaşayış evləri bərpa olunacaq, infrastrukturlar ən yüksək səviyyədə qurulacaq. Bu, Azərbaycan xalqının və dövlətinin torpağın müqəddəsliyi uğrunda çalışdığını, mübarizə apardığını sübut edir. Ölkə başçısı çıxışında məhz bu mesajları verdi. Prezident həmçinin, çıxışında alış istiqamətində işğaldan azad olunan torpaqlarda da abadlıq, quruculuq işlərinin başlanacağını qeyd etdi. Bu da onu göstərir ki, ərazi bütövlüyümüz təmin olunana qədər işğaldan azad olunan ərazilərimiz ən yüksək səviyyədə yenidən qurulacaq”. Prezidentin çıxışında Ermənistanın təxribatları ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən deputat söyləyib ki, düşmən tərəfi bütün istiqamətlərdə uğursuzluqlara düçar olduğu üçün danışıqlardan qaçmağa cəhd göstərir: "Ancaq buna nail ola bilməyəcəklər. Azərbaycanın uğurları, inkişafı, gücü və ölkəmizin torpaqları uğrunda apardığı məqsədyönlü iş onları danışıqlar masasında oturtmağa məcbur edəcək. Düşmən ölkə Azərbaycanın şərtlərini qəbul etməyə məcbur olacaq”.
"Ermənistan sülhə məcbur edilməlidir”
Millət vəkili Asim Mollazadənin sözlərinə görə, Prezident haqlı olaraq qeyd etdi ki, təcavüzkarı sülhə məcbur edən heç bir addım atılmır. Deputat bildirib ki, uzun illərdir Ermənistan guya danışıqlarda iştirak etməsinə dair imitasiya ilə məşğul idi:
"İndi danışıqları da dayandırıblar. Amma görürsünüz ki, heç bir beynəlxalq təşkilat, ilk növbədə ATƏT-in Minsk Qrupu tərəfindən təcavüzkara qarşı heç bir təzyiq müəyyənləşmir. Bu da münaqişənin həllində ən əsas maneədir. Yəni münaqişə ona görə həll olunmur ki, beynəlxlaq hüquq normalarına riayət edilmir. Ona görə də bu prosesdə köklü dəyişiklik etmək lazımdır”. Millət vəkili vurğulayıb ki, hazırda Minsk qrupu Rusiyanın inhisarına keçib və münaqişənin həlli bilavasitə Moskvanın nəzarətindədir: "Ermənistanın istənilən şıltaqlığına isə göz yumulur”.
Prosesdə hansısa dəyişikliyin olacağına ümid etdiyini deyən A.Mollazadə əlavə edib ki, hazırda Minsk Qrupunun həmsədrləri Ermənistanla tutduğu mövqeyi dəyişməsinə dair danışıqlar aparmalıdır:
"Ermənistan sülhə məcbur edilməlidr. Əks halda vəziyyət dəyişməyəcək. ATƏT-in, BMT Təhlükəsizlik Şurasının qərarlarının icra olunması üçün müvafiq addımlar atılmalıdır. Düşünürəm ki, burda əsas rolu ABŞ oynamalıdır. Lakin son vaxtlar Rusiya-ABŞ münasibətlərində olan gərginlik Minsk Qrupunun fəaliyyətinə də öz mənfi təsirini göstərir”.
İsmayıl