Psixoloq Orxan Oruc: “Bu cür hadisələrin ənənəyə çevrilməsində medianın və serialların rolu çoxdur”
Gəlinin toy günü başqasına qoşulub qaçmasına nə anlam verək?
Mehriban Zeynalova: “18 yaşda qız başqa birinə qoşulub gedirsə, demək, onu bu həddə çatdıranlar olub. Günahkar qızın valideynləridir”
Psixoloq Orxan Oruc: “Bu cür hadisələrin ənənəyə çevrilməsində medianın və serialların rolu çoxdur”
Psixoloq Orxan Oruc: “Bu cür hadisələrin ənənəyə çevrilməsində medianın və serialların rolu çoxdur”
Sevinc Elsevər: "Bundan sonra könüllü razılıq olmadan qızları gəlin gətirməyə oğlanlar da qorxar”
Qız qaçırmaq qədim adətlərdəndir. Bu ənənə ta qədim zamanlardan bu günə qədər öz aktuallığını qoruyub saxlayıb. Ailələr izdivaca razı deyilsə, gənclər bir- birinə qoşulub qaçacaq. Hüquqi baxımdan bu hal cinayət məsuliyyəti daşısa da, cəmiyyətdə qız qaçırma halları bir o qədər də ikrah doğurmur.
Hətta zamanla onlara haqq verdiyimiz anlar da olur. Bəs, gəlinin toy günü başqasına qoşulub qaçmasına nə anlam verək?! Hər nə qədər bizim üçün təəccüblü olsa da, son illər Azərbaycanda bu cür hadisələrin sayı artıb. Xəbərlərin əksəriyyətində qızların qaçmağına səbəb istəmədiyi insanla ailə qurmağa məcbur edilməsi olur. Qızların valideynləri tərəfindən evliliyə sövq edilməsi də bizim üçün yeni məsələ deyil. Hətta bu məsələ hər birimizin sevə-sevə izlədiyi "Əhməd haradadır?” filmində belə çox gözəl ekranlaşdırılıb. Leylanın timsalında məcburi evləndirilən qızların üsyanı səsləndirilib: "Üzüyü qaytar, tez qaytar, indi XIX əsr deyil”. Düzdür, filmin sonunda tərəflər razılığa gəlir, amma həyatda heç də bütün sonluqlar xoş olmur.
Bir çox ailələrdə bu prinsip pozulur, xüsusən də rayon yerlərində valideynlər qızlarının istəklərini nəzərə almadan onları məcburi nikaha vadar edirlər.
Halbuki, atalarımız deyib ki, "Sevmədən evlənmək, inanmadan ibadət etmək kimi bir işdir”. Yəni hər kəs inandığı yolla getməli, evlənərkən öz seçimini özü etməlidir. Bəzi valideynlərin qız uşaqlarının sevmək haqqını əlindən alması kiminin intihar faicəsi, kiminin də toy günü evdən qaçması biabırçılığı ilə sonlanır. Elə növbəti belə bir hadisə də bir neçə gün əvvəl İmişlidə yaşanıb. Toyu olan gəlin toy gecəsi evdən qaçıb. Aprelin 15-də İmişli şəhəri "Kral” şadlıq sarayında toy mərasimi keçirilən İmişli rayon Qaradonlu kənd sakini Samirə Əliyeva (ad şərtidir: red) toydan sonra evdən qaçıb. Gəlinin sevdiyi oğlanla bərabər qaçdığı bildirilib.
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın sözlərinə görə, bu hadisənin əsas günahkarı qızın valideynləridir:
"Azərbaycan reallığında bu cür hallara çox rast gəlinir. Qızı sevmədiyi birinə verməyin sonu belə də olmalıdır. 18 yaş müstəqil yaş həddidir. Bu yaşda qız başqa birinə qoşulub gedirsə, demək, onu bu həddə çatdıranlar olub. Düşünürəm ki, günahkar qızın valideynləridir. Qızın tərk etdiyinə də, qoşulub qaçdığına da fikirlər birmənalı olmayacaq. Yəni müəyyən bir vaxta kimi cəmiyyət içərisində hər iki oğlan özlərini rahat hiss etməyəcək. Pis odur ki, qızın qoşulub qaçdığı oğlanın ailəsi də gələcəkdə bu hadisəni cütlüyə qarşı istifadə edə bilər”.
"Gənc Psixoloqlar” İctimai Birliyinin sədri, psixoloq Orxan Oruc isə hesab edir ki, sevmədiyi biri ilə evlənməyə məcbur qalan qızlar toy gününə kimi hansısa möcüzənin baş verəcəyinə və onları nikahdan xilas edəcəyinə inanır:
"Artıq toy günü sonuncu ümidləri də ölür və onlar qaçmaqdan başqa çıxış yolu tapa bilmirlər: "Bəlkə də, toy gününə qədər o ailəsi ilə, evləndiyi şəxslə mübarizə aparıb, onlara istəmədiyini dəfələrlə deyib, amma heç kəs onun istəklərinə məhəl qoymayıb. Ola bilsin ki, toya qədər qaçmağa da çalışıb, amma ciddi nəzarətdə olduğu üçün belə bir şansı olmayıb və istədiyi fürsət toy günü əlinə düşüb. Konkret səbəbləri və hadisə anına qədər yaşanan prosesləri bilmədiyimiz üçün toydan qaçan gəlinləri birmənalı olaraq ittiham edə bilmərik”.
Bu cür hadisələrin artıq bir ənənəyə çevrilməsinə gəldikdə isə psixoloq hesab edir ki, burada medianın və serialların rolu çoxdur:
"Əslində bu cür faktlar həmişə olub, ancaq ümumrespublika səviyyəsində yayılmayıb. Bir kənd, bir rayon səviyyəsində qalıb. Son illər isə sosial şəbəkələrin əhatə dairəsi genişlənib və vətəndaşların mediaya çıxış imkanları asanlaşıb. Bu cür xəbərlərin mətbuatda yazılması, televiziyalarda efirə verilməsi artıq insanların psixologiyasına şüuraltı təsir edir. Məcburi evliliyə vadar edilən o qədər qızlar var ki, istəmədikləri adamla evlənməmək üçün müxtəlif variantlara əl atırlar. Birdən də bu televizorda və ya saytlarda bu cür xəbərlə rastlaşan kimi ağlından "Niyə də yox?!” sualı keçir. Yəni toy günü evdən qaçan qızlar onlar üçün bir növ nümunəyə çevrilir. Bunun isə mənfi və ya müsbət olmasının o an üçün elə bir əhəmiyyəti olmur. Normal vəziyyətdə bu cür xəbərlərə gülüb keçən qızlar belə eyni tale ilə üzləşəndə ən məntiqli variant kimi öz beyinlərinə həkk edirlər. Serialların, filmlərin qərar anlarında təsiri böyük olur. Hindistan kinolarının əksəriyyətində gəlinlər toy günü qoşulub sevdiyinə qaçır. Hətta toya qədər öz taleyi ilə barışan qızlar belə bu cür səhnələri izləyəndə özündə bir cəsarət hiss edir və düşünmədən bu yola gedir”.
Yazar Sevinc Elsevər isə deyib ki, gəlini toydan sonra qaçmağa vadar edən səbəblər məlumdur:
"Valideynlər qızlarını zorla ərə verir. Onlar da bu üsula əl atırlar. Ola bilsin, nəzarət güclü olur ata evində, aradan çıxa bilmirlər. Ola bilsin, sadəcə acıq çıxmaq üçün məhz toy günü o addımı atsınlar. Ola da bilər ki, qızın tərəddüdləri uzun çəksin. Seriallardan da baxıb öyrənə bilərlər. Xeyli serialda qızlar belə eləyir. Amma bütün hallarda qızlar istəmədikləri adamdan qaçırlar. Ona görə evlənmək istəyən oğlanlar sevgi ilə ailə qurmağa üstünlük versinlər. Mən qızı evimə gətirəcəm, sevməsə də sonra sevəcək deməsinlər. Köhnə qızlar belə idi. Yeni nəsil qızlar isə başqadı. Belə vəziyyətdə qalan oğlan üçün yazıq olur. Toya xeyli xərc çək, restorana pul ödə, qız da çıxsın getsin. Bundan sonra könüllü razılıq olmadan qızları gəlin gətirməyə oğlanlar da qorxar. Məncə, bir neçə belə ciddi cəzadan sonra valideynlər də, gənc kişilər də ibrət dərsi alarlar. Razılığı olmayan heç bir qızı gəlin masasına otuzdurmazlar”.
Şəymən