Gənc alimlər elmi tədqiqat institutlarında işləməyə maraq göstərmirlər

Çünki onların sosial müdafiəsi zəif təşkil olunub, əməkhaqları aşağıdır





Milli Məclisin ötən iclasında deputat Səməd Seyidov elmi dərəcələr mövzusuna toxunub. Millət vəkilinin sözlərinə görə, elmi dərəcə elmi qabiliyyətləri olan insanların potensiallarını göstərməkdir:

"Mən müşahidə etmişəm ki, bəzən ən yüksək səviyyəli, savadlı müəllim, professor, elmlər namizədi adını almaq istəmir. Professor sözü fransız dilində müəllim deməkdir. Elələri də var ki, elmlər doktoru olmağa layiqdir, amma elmlər namizədi olmaqla kifayətlənir. Bunlar reallıqdır. Düşünürəm ki, bu məsələyə baxılmalıdır”.

Təhsil eksperti, tarixçi-alim Kamran Əsədov isə məsələ ilə bağlı "Şərq”ə açıqlaması zamanı son illər ərzində Azərbaycan təhsilində həyata keçirilən islahatlar nəticəsində bu sahədə ciddi şəkildə irəliləyiş əldə olunduğunu deyib: 

"Lakin bütün bunlara baxmayaraq ölkəmizdə fəaliyyət göstərən 51 universitetin heç biri dünya reytinq cədvəlində xoşagələn yerdə deyil. Bunun əsas səbəblərindən biri də məhz ali təhsil müəssisələrində fəaliyyət göstərən elmi dərəcələri olan əməkdaşlarının sayı və onların fəaliyyətinin ürəkaçan olmamasıdır”.

K.Əsədovun sözlərinə görə, "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və bu strategiyanın həyata keçirilməsi ilə bağlı qəbul edilmiş dövlət proqramının icra tezisləri kimi də məhz elmi dərəcəsi olan şəxslərin sayı və keyfiyyətinin yüksəldilməsi üçün əsas sənəd kimi qəbul etmək mümkündür: 

"Konkret olaraq statistik göstəricilərə nəzər saldıqda bu sahədə mövcud olan vəziyyətin xoş olmadığını görmək olar. Belə ki, 2016-cı ildə elmlər namizədlərinin 86,2 faizinin yaşı 40-dan, elmlər doktorlarının 60 faizinin yaş həddi 60-dan çox olub. Ölkə üzrə elmlər doktorlarının cəmi 0,5 faizi 31-40 yaş həddindədir. Elmlər namizədlərinin isə 2,1 faizinin yaşı 30-dan aşağıdır. Elmi nailiyyətlərin istehsala tətbiqini xarakterizə edən bir statistik göstəricini də əlavə etmək yerinə düşərdi. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-ci ildə sənayedə innovasiya məhsulunun xüsusi çəkisi ümumi sənaye məhsullarının cəmi 0,03 faizini təşkil edib. Həmin ildə sənayedə texnoloji innovasiyalara çəkilən xərclər 2015-ci ildəki 53,3 milyon manatdan 8 milyon manata qədər azalıb. Yaranmış vəziyyətin səbəbləri Milli Strategiyada ətraflı işıqlandırılıb və qarşıya qoyulan məqsədlər, vəzifələr, onların yerinə yetirilməsini təmin edən tədbirlər kompleksi müəyyənləşdirilib”.

Statistik göstəricilərdən də göründüyü kimi, bu gün Azərbaycan elminin, o cümlədən universitetlər və AMEA qarşısında duran əsas vəzifələrdən biri yüksək ixtisaslı kadrların hazırlanmasıdır. Elə kadrlar ki, onlar elmi yeniliklərə həssas olsunlar, nəzəri və metodoloji biliklərə fəal yiyələnsinlər, bir sözlə, tədqiqatçı-mütəxəssis kimi yetişsinlər. Ekspert deyib ki, 2016-cı ildə ölkənin 146 elmi-tədqiqat və işləmələri yerinə yetirən təşkilatlarında 18,1 min nəfər çalışıb ki, onların da cəmi 22,4 faizi elmlər doktoru və elmlər namizədidir. Ölkə alimlərinin yalnız 30 faizə qədəri bilavasitə elmi-tədqiqat müəssisələrində çalışırlar. Qalanları dövlət və qeyri-dövlət ali məktəblərində fəaliyyət göstərirlər: "Bunun əsas səbəbi Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında alimlərin sosial müdafiəsinin zəif təşkili və əməkhaqlarının aşağı olmasıdır. Belə halda alimlər, xüsusilə, gənc alimlər elmi tədqiqat institutlarında işləməyə maraq göstərmirlər. Nəticədə elmi-tədqiqat təşkilatlarının sayı 2006-cı ildəki 108-dən 2016-cı ildə 92-yə qədər azalıb. İndi Azərbaycanda hər 10 min nəfərə düşən elmlər doktoru və elmlər namizədlərinin sayı MDB ölkələrindəki analoji göstərici ilə müqayisədə 1,6 dəfə azdır”.
Təhsil ekspertinin sözlərinə görə, elmə marağın azalmasını səciyyələndirən digər fakt aspiranturaya əyani qəbul edilmiş şəxslərin əvvəlki iş yerlərini tərk etməməsidir. Çünki aspiranta verilən təqaüd onların ehtiyaclarını ödəmir. Beləliklə, əyani aspirantlar həm oxumağa, həm də işləməyə məcbur olurlar:
"Yeri gəlmişkən, doktoranturaya qəbul üzrə say etibarı ilə ön sırada texnika, filologiya və iqtisad elmləri durur. Məsələn, son 5 ildə orta hesabla hər il iqtisad elmi üzrə 68 nəfər doktoranturaya qəbul edilib. Doktorantların 75 faizə qədəri Milli Elmlər Akademiyasının tərkibinə daxil olan elmi müəssisələrdə çalışdıqları üçün Milli Strategiyada düzgün olaraq AMEA-nın yüksək ixtisaslı kadrların hazırlanması sahəsində fəaliyyətinin yeni əsaslar üzərində qurulması mühüm vəzifə kimi qarşıya qoyulub.
Hesab edirəm ki, gənclərin elmi tədqiqat işlərinə cəlb edilməsi və daimi olaraq bu sahədə saxlanması üçün onların sosial müdafiəsi ciddi şəkildə təmin olunmalıdır”.

Şəymən