Gəncə hadisələrinə münasibət:"Heç kimə haqq verilməyib ki, silahı, xəncəri əlinə alıb, kimlərisə qətlə yetirsin !"






"Azərbaycan ərazi cəhətdən ölkədir, amma bizim inkişafımız bəzi xarici qüvvələrin ürəyincə deyil”.

Bunu "Sherg.az”a Gəncə hadisələrindən danışarkən millət vəkili Rauf Əliyev söyləyib.

Onun sözlərinə görə, hətta bütün dünyada böhran davam edən zamanda belə Azərbaycan inkişafından qalmadı:

"Bütün siyasi, iqtisadi, mədəni uğurlar bizim bəzi qonşularımızı, sevməyən qüvvələri narahat edir. Ona görə, dövlətçiliyimizə zərər vurmağa çalışırlar. Azərbaycanın 20 faiz torpaqları işğal altında olsa da, müharibə şəraitində yaşasaq da, ölkəmiz stabildir. Müxtəlif vasitələrdən istifadə edən qüvvələr Azərbaycanı beynəlxalq təşkilatlarda nüfuzdan salmağa, ölkəmizin stabilliyini pozmağa çalışırlar. Amma nəticə nə oldu? Məsələn, konkret Gəncə hadisələri zamanı nəticə dəyişmədi. Heç kimə haqq verilməyib ki, silahı əlinə alıb, kimisə güllələsin. Bəzi insanlar imanlarını o qədər itiriblər ki, qətl törətməyi, dövlətçiliyə təhlükə olmağı adi bir hərəkət kimi qəbul edirlər. Azərbaycanda din azaddır, məscidlər tikilir, hər kəsin etiqad azadlığı təmin olunur. Bəs din adı ilə iğtişaş törətmək nəyə lazımdır? Bir neçə il əvvəl Sumqayıtda, Nardaranda da oxşar hadisələr baş verdi. Azərbaycanı Suriyayamı çevirməkmi istəyirlər? Suriyanın tək bərpası üçün 30-40 il lazımdır. Bunu istəyirlər?”

Dövlətimizə qarşı yönələn qüvvələrin xaricdən idarə olunduğunu vurğulayan R. Əliyev qeyd edib ki, onlar bəzi daxili qüvvələrin təlimatlarını da alırlar:

"Ona görə, hər kəs ayıq-sayıq olmalıdır, hüquq-mühafizə orqanları daim nəzarət etməlidirlər. İnsanlar arasında maarifləndirmənin də gücləndirilməsinə ehtiyac var. Baxın, bir ildir, cinayətkarlar Gəncə şəhər icra başçısını izləyirlər. Bəs biz niyə bu cinayətkarları izləməyək, nəzarətdə saxlamayaq? Yenə qeyd edirəm, dövlətçiliyimizə ziyan vurmaq məqsədi daşıyan proseslər təhlil olunmalı, nəticələrə uyğun müvafiq tədbirlər həyata keçirilməlidir. Beynəlxalq aləmdə, regionda siyasətimizi elə qurmalıyıq ki, bütün təhlükələrə hazır olaq, təhdidləri zərərsizləşdirə bilək.

Ən asası, düşünürəm ki, Azərbaycan insanları ilə, xalqla həm münasibətdə, həm də davranışda mülayim olmaq lazımdır. Məmurlar, deputatlar, aidiyyəti orqanlar vətəndaşların müraciətlərinə diqqət etməli, gənclərin, ayrı-ayrı şəxslərin fəaliyyətinə şərait yaratmalıdırlar. Çünki insanların problemi həll edilmədikdə narazı qalırlar. Amma elə problem var, bir saata, elə problem də var, bir ilə düzəlir. Amma istənilən halda vətəndaşların qayğılarına önəm vermək lazımdır. Bu məsələlər hələ çox faktların üstünü açacaq”.


Aysel Aslan