Yeni sədr peşəkar diplomatdır, insan hüquqları sahəsini bilir, münaqişə haqqında məlumatlıdır
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasına yeni sədr seçildi. Belə ki, dekabrın 20 – də İcmanın 2-ci qurultayı keçirilib. Qurultayının qərarı ilə Tural Gəncəliyev qurumun yeni sədri seçilib. Gəncəliyevin ictimai əsaslarla fəaliyyət göstərərək icmanın fəaliyyətinə öz töhfəsini verəcəyinə inam böyükdür. Məlumdur ki, Azərbaycanın ən ağrılı problemi olan Qarabağ münaqişəsinin həlli məsələsində bölgənin Azərbaycanlı İcmasının da rolu var.
İcmanın istər İdarə Heyəti üzvləri, istərsə də rəhbəri daha gənc və çevik, intellektual, problemi kökündən bilən biri olmalıdır. İctimaiyyətin qənaətincə bu kriteriyalara cənab Gəncəliyev cavab verir.
Gəncəliyevin dosyesi...
Kimdir Tural Gəncəliyev? Tural Babaşah oğlu Gəncəliyev, 6 mart 1980-ci ildə Qarabağın dilbər guşəsi olan Şuşa şəhərində dünyaya göz açıb. Uşaqlıq illərini Şuşanın ən qədim və məhşur məhəllələrindən biri sayılan "Çölqala Məhəlləsi”ndə yerləşən Xan qızı Xurşudbanu Natəvan, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyli və tanınmış muğam ustası Xan Şuşinskinin ev muzeyləri ilə qonşuluqda keçirib. Bu isə onun sonradan musiqi təhsili almağına həvəs yaradıb. Gəncəliyev daha sonra Şuşa şəhəri Vaqif Cəfərov küçəsi 28 ünvanında yaşayıb. Şuşada 4 saylı orta məktəbdə ibtidai təhsil alıb. Bununla yanaşı 1987-ci ildə Şuşa şəhəri Niyazi adına musiqi məktəbində tar sinfinə daxil olub.
Eyni zamanda, atası Gəncəliyev Babaşah Şuşa şəhər Uşaq Şahmat Məktəbinin direktoru işlədiyi müddətdə şahmat dərsləri sinfinə gedərək, şahmat təlimi alıb. Dağlıq Qarabağda keçirilən musiqi müsabiqələri və şahmat yarışlarında uşaq vaxtlarımdan iştirak edib.
Musiqi istedadı...
Şuşanın işğalı səbəbindən 1992-ci ilin may ayından etibarən Bakı şəhərinə köçüb və məcburi köçkün olaraq orta məktəb və musiqi təhsilini Bakıda davam etdirib. 1995-ci ildə Bakıda musiqi məktəbləri arasında keçirilən Hacı Xanməmmədovun xatirəsinə həsr olunmuş musiqi müsabiqəsinin qalibi olub və Dövlət Filarmoniyası və Rəşid Behbudov adına mahnı teatrında musiqi proqramları ilə çıxış edib.
Gəncəliyev 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini, 2002-ci ildə isə eyni fakültənin magistraturasını fərqlənmə diplomu ilə bitirib.
Diplomatik fəaliyyət...
İcmanın yeni sədri 5 avqust 2004-cü ildə Azərbaycan Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Problemləri İdarəsinin referenti vəzifəsinə, 2006-cı ilin 16 yanvar tarixində həmin idarənin attaşesi, 2008-ci ilin 1 may tarixində üçüncü katibi vəzifəsinə təyin edilib. 2008-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Kanadadakı Səfirliyinə ezam olunub. Səfirlikdə uzunmüddətli ezamiyyət müddəti bitdikdən sonra, 25 yanvar 2013-cü il tarixində XİN-nin Amerika İdarəsinin Şimali və Mərkəzi Amerika şöbəsinə təyin edilib. 8 aprel 2014-cü il tarixində birinci katib vəzifəsini alıb. 2014-cü ilin 1 oktyabr tarixindən etibarən Azərbaycanın Çex Respublikasındakı səfirliyinə birinci katib vəzifəsinə təyin edilib. 2017-ci ilin 16 noyabr tarixində ATƏT-in İnsan ölçüsü çərçivəsində "İnsan hüquqları və məcburi köçkünlər haqqında” Vyana şəhərində keçirilən konfransında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının təmsilçisi qismində çıxış etmək üçün Avstriyaya ezam edilib. 2018-ci ilin 1 oktyabr tarixindən etibarən Çexiyada uzunmüddətli ezamiyyətini başa vuraraq, Xarici İşlər Nazirliyinə geri çağırılıb. Xarici İşlər Nazirliyində işlədiyi müddət ərzində bir sıra diplomatik kurslar və seminarlarda iştirak etmək məqsədilə xarici ölkələrə ezam edilib. İcmanın yeni rəhbəri ingilis, fransız və rus dillərini sərbəst bilir.
Məqsəddən irəli gələn dəyişiklik...
Gəncəliyevin xarici ölkələrdə keçirilən konfranslarda Qarabağ münaqişəsi ilə bağlı, məcburi köçkünlərin hüquqları ilə bağlı çıxışları var. Kifayət qədər intellektual səviyyədə, düşmənim cavabını ən yüksək tribunalarda laiqli şəkildə verdiyini əks etdirən videomateriallar mövcuddur. İzlədikdə belə fikir formalaşır ki, Gəncəliyev Azərbaycanın haqq davasına öz qatqısını verəcək bir şəxsdir. Elə ictimaiyyət nümayəndələri də, əslən Qarabağ bölgəsindən olan ziyalılar da bu fikirdədirlər.
Qarabağ kökənli, millət vəkili Elman Məmmədov Gəncəliyevlə bağlı "Şərq”ə danışarkən deyib ki, İcmanın əvvəlki sədri Bayram Səfərov da kifayət qədər işlər görmüşdü. Deputat bildirir ki, bununla bağlı qurultayda Bayram müəllim hesabat verib:
"Qurultayda keçən dövr ərzində İcmanın işi qənaətbəxş sayıldı. Amma bütün sahələrdə olduğu kimi, yenilənməyə ehtiyac vardı. Dayanmaq yox, irəliyə doğru addım atmaq məqsədini qarşımıza qoymalıyıq. Sədr dəyişikliyi də bu məramdan qaynaqlanır” – deyə vurğulayır deputat Məmmədov.
Qarabağ münaqişəsi və Azərbaycanın xarici siyasətini bilir
"Bu yoldaş həm hüquqşünasdır, həm insan hüquqlarını dərindən bilən şəxsdir, həm diplomatik fəaliyyətdə olub. Çexiyadakı səfirliyimizin birinci katibi olub, ordan döndükdən sonra da XİN-də fəaliyyətini davam etdirib” – deyə millət vəkili Gəncəliyev haqqında söyləyir. E.Məmmədov Tural müəllimin 38 yaşı olduğuna diqqət çəkərək qeyd edir ki, bu yaş şəxsiyyət üçün kifayət qədər dolğun yaşdır: "Düzdür 38 yaş hardasa gənclik dövrü sayılsa da, bu yaşda insan təkmilləşmiş olur. Əsas məsələ bir şəxsin tutduğu vəzifə sahəsini bilməsindədir. Tural Gəncəliyev əslən Şuşadandır, Qarabağ münaqişəsini bilir, məcburi köçkünlərin nə yaşadıqlarını, hüquqlarının erməni qəsbkarları tərəfindən necə pozulduğunu bilir. Bununla yanaşı Azərbaycanın xarici siyasəti ilə bağlı məlumatlı şəxsdir. Yəni lazımi sahələrdə təcrübəli adamdır”.
Gəncəliyevə fəaliyyətində uğur arzulamağı unutmayan deputat deyir ki, qurultayın İcmaya seçdiyi yeni sədr qurumun daha geniş sferada, effektiv işləməyə öz təsirini göstərəcək. Millət vəkili onu da bildirib ki, İcmanın İdarə Heyətində də əsaslı dəyişiklik edilib, üzvlərinin əksəriyyəti gənc insanlardan ibarətdir: "İdarə Heyətində olan gənclərin demək olar ki, hamısını tanıyıram. Hamısı da Qarabağdan olan, bu münaqişədən məlumatlı olan gənclərdir. Cənab Prezident İlham Əliyevin Qarabağla bağlı yürütdüyü xarici siyasətə bələd olan, bu siyasəti dəstəkləyən, yeni texnologiyalarla ayaqlaşan, xarici dilləri bilən gənclərimizdir”.
Məmmədov onu da vurğulayıb ki, bu qurultay, yeni sədr seçimi məqsədyönlü olmaqla yanaşı ümumi işin xeyrinədir: "Hesab edirəm ki İcmanın bundan sonrakı fəaliyyəti yaxın gələcəkdə öz bəhrəsini verəcək. İcmanın işində müsbət mənada dəyişiklik görünəcək”.
"Bu, Qarabağ danışıqlarında müsbət dinamikanın yaranmasına öz töhfəsini verə bilər”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, tanınmış politoloq Elçin Mirzəbəyli də Tural Gəncəliyevin yeni posta seçilməsini təqdir edir. Onun sözlərinə görə, 2019-cu ilin ilk aylarından Qarabağ konflikti ilə bağlı danışıqlar prosesində müsbət impuls hiss oluna bilər. Mirzəbəyli deyir ki, İcmanın yeni sədri peşəkar diplomatdır, insan haqlarından məlumatlıdır:
"Təbii ki, Tural bəy İcma üzvlərinin iştirakı ilə keçirilən səsvermənin nəticəsində sədr olub. Bütövlükdə isə peşəkar diplomatın prosesdə iştirak etməsinin özü, sədrliyə namizədliyini verməsi və seçilməsi olduqca doğru bir yanaşmadır. Bunu yalnız təqdir etmək lazımdır”. Elçin bəy hesab edir ki, təkcə Tural Gəncəliyev deyil, Elçin Əhmədovun da sədr müavini vəzifəsinə seçilməsi müsbətdir:
"Bu, Qarabağ danışıqlarında müsbət dinamikanın yaranmasına öz töhfəsini verə bilər. Eyni zamanda gələcəkdə icmalararası əlaqələrin qurulması baxımından da atılacaq addımlar üçün müsbət olacaq. Həm sədr, həm də sədr müavini gənc, təcrübəli, dünya hüquq sisteminə bələd və enerjili insanlardır. Onlar dünyada və regionda baş verən prosesləri yaxşı bilir və qiymətləndirirlər. Bu aspektdən dəyişiklikdə prosesə sırf peşəkar yanaşmanın təzahürü görünür”.
Anar Bayramoğlu