Gənclər aktiv olmalıdır

Ramin Hacılı: “Avropa Oyunlarının imkanını maksimum dəyərləndirməliyik”
“Bu oyunlar həm də Azərbaycanın öz milli adət və ənənələrini, tarixi həqiqətlərini gələn qonaqlara çatdırmağımız üçün gözəl imkandır”


"Bakı-2015” Birinci Avropa Oyunları ilə bağlı "Şərq”ə danışan Avropa Gənclər Hərəkatının sədri, Ümid Partiyası sədrinin müavini Ramin Hacılı qarşıdan gələn oyunların Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğundan, görülən işlərin effektivliyindən söz açıb və ölkəmizin tanıdılması, oyunların təbliğatı istiqamətində öz təkliflərini verib:

Beynəlxalq yarışların keçirilməsi böyük məsuliyyət tələb edir. Amma bu cür tədbirlər Azərbaycan həqiqətlərinin, inkişaf dinamikasının dünyada tanıdılması baxımından olduqca vacibdir. Avropa Oyunları Azərbaycanı Avropada daha yaxşı tanıdacaq. Bu oyunlar Azərbaycanı Avropada təbliğ edir. Qərb dünyası Azərbaycan dəyərlərini və Azərbaycanın yaşam tərzini daha yaxından izləyə biləcək. Avropa Oyunları bizim üçün çox böyük qazancdır. Avropa Oyunları Azərbaycanın Avropa məkanına inteqrasiyası yolunda ən möhtəşəm addımlardan biridir. Düşünürəm ki, Azərbaycan bu istiqamətdə əldə etmək istədiklərinə nail olacaq. Ən azından dövlətin bütün strukturlarını bu işə cəlb etməsi və Avropa Oyunlarının təşkili üçün ən yüksək görülən işlər bunu deməyə əsas verir.

- Bir partiya funksioneri olaraq, tədbirin Azərbaycan üçün siyasi əhəmiyyətini nədə görürsünüz?

- Azərbaycan Avropanın tərkib hissəsidir və bu oyunlar da Azərbaycanın Avropa ailəsi olmaq cəhdlərindən biridir. Ən azından infrastruktur nöqteyi-nəzərindən Avropa Oyunları ölkəmizin qərb standartlarına uyğun formalaşması, həmçinin daha böyük beynəlxalq yarışları öhdələnəcək bir ölkəyə çevrilməsi ilə nəticələnəcək. Bu mənada I Avropa Oyunları qarşıdakı illərdə nəzərdə tutulan başqa yarışlar üçün bazadı.

Bu ancaq təqdirəlayiq bir haldır. Siyasi nöqteyi-nəzərdən əhəmiyyətinə gəldikdə isə Azərbaycan Avropaya inteqrasiya prosesində həm idman, sülh, dostluq istiqamətində, həm də iqtisadi-siyasi sahədə də islahatlara gedəcək. Çünki yalnız infrastruktur və idmanla bağlı həyata keçirilən tədbirlər yox, Azərbaycanın ümumbəşəri ölkəyə çevrilməsi istiqamətində də əhəmiyyətli işlər görüləcək.

- Azərbaycan üçün əsas prioritet məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllidir. 1-ci Avropa Oyunlarının bu problemin həllinə hansısa müsbət təsiri mümkündürmü?

- Təbii ki, Avropa Oyunlarının birbaşa Dağlıq Qarabağ probleminin həllinə təsiri olmayacaq, çünki bu bir idman oyunları yarışıdır. Ancaq qeyd etdiyim kimi, Azərbaycanın tanıdılması, ölkəmizdə əmin-amanlığın, sabitliyin mövcudluğunun nümayişi dolayı da olsa, Dağlıq Qarabağ probleminə müəyyən qədər təsir göstərəcək. Xüsusən də, Ermənistandan gələn idmançılar Azərbaycanda gedən hərtərəfli inkişafın şahid olacaqlar ki, bu da onların inkişaf etmiş Azərbaycanla müəyyən əlaqələrin qurulmasına maraqlı olmasına gətirib çıxara bilər.

- Ölkənin ictimai-siyasi proseslərində iştirak edən, fəal gənc olaraq cəmiyyətin 1-ci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə münasibətini necə dəyərləndirirsiniz?

- Hesab edirəm ki, cəmiyyətin Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə münasibətinin müsbət formalaşması üçün görülən işlər zəifdir. Bunun səbəbi isə bəzi məmurların məsuliyyətsizliyidir. Düşünürəm ki, hökumət buna diqqət ayırmalı və məsələni xüsusi nəzarətə götürməlidir. Məmurlarımızın vətəndaşlara qarşı biganə münasibəti istər-istəməz bu tədbirin əhəmiyyətini azaldır. Xüsusən də, Avropa Oyunları ilə bağlı cəmiyyətin müəyyən təbəqəsində yaranan suallar heç vaxt məmurlar tərəfindən cavablandırılmır. Bu isə cəmiyyətin üzvləri tərəfindən saymamazlıq kimi dəyərləndirilir. Ona görə də Avropa Oyunları ilə bağlı cəmiyyətdə ictimai fikir formalaşdırmaqda məsul olan şəxslər öz məsuliyyətlərini artırmalıdırlar. Yalnız reklam rolikləri və şüarçılıqla kifayətlənməməli, cəmiyyəti narahat edən suallara da aydınlıq gətirməlidirlər ki, vətəndaşlarda heç bir çaşqınlıq yaranmasın. Avropa Oyunları ilə bağlı narazı təbəqənin əsas etirazı odur ki, guya pullar göyə sovrulur. Məmurlar isə çıxıb aydınlıq gətirmir ki, daha çox xərcləmələrlə bağlı tutulan iradlar əsassızdır. Şəhərin infrastrukturuna xərclənən pullar rayonların inkişafı üçün ayrılan vəsait hesabına həyata keçirilir. Bundan əlavə, Avropa Oyunlarının keçirilməsi ilə bağlı qoyulan qadağalar xoş qarşılanmır və bütün diqqət bura yönəlib. Amma məsul şəxslər bunun səbəbini cəmiyyətə izah etsə, insanların diqqətini qadağalardan daha çox 1-ci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin əhəmiyyəti vurğulansa, daha müsbət nəticələr əldə etmək olar. Filan şey olmaz təfəkkürü sovet dövründə qaldı. Bizim inteqrasiya etdiyimiz qərbdə "bunu etməyin” demirlər. Bunu etməsək də olar, kimi yanaşmalar mövcuddur. Yəni ki, qadağalar tövsiyə xarakterli açıqlamalarla əvəz edilməlidir ki, Oyunların əhəmiyyətinə, görülən təqdirəlayiq işlərin effektivliyinə kölgə salmasın.

- 1-ci Avropa Oyunlarının təbliğatı istiqamətində gənclərin fəaliyyətini necə dəyərləndirirsiniz?

Bu oyunlar həm də Azərbaycanın öz milli adət və ənənələrini, tarixi həqiqətlərini gələn qonaqlara çatdırmağımız üçün gözəl imkandır. Biz bu imkanı maksimum dəyərləndirməliyik. Hər bir gənc bu məsələdə aktiv olmalıdır. Sözün düzü, gənclərimizin üzərlərinə düşən işin öhdəsindən nə dərəcə gəldiklərini Avropa Oyunlarının gedişində şahidi olacağıq. Hazırda ancaq hazırlıq işləri görülür, könüllülərdən ibarət təbliğat qrupları yaradılır. Vətəndaşların və ölkəmizə gələn qonaqların davranışlarında heç bir anlaşılmazlıq olmasın deyə gənclərdən ibarət tənzimləmə qruplar yaradılır, onlara xüsusi təlimlər keçirilir. Ancaq nəticəni görəndən sonra nə qədər effektiv olduğunu müşahidə edəcəyik. Lakin bu istiqamətdə təqdirəlayiq hallar var. Hesab edirəm ki, gənclərin kütləvi şəkildə Avropa Oyunlarına cəlb olunması, onlara könüllülük vəsaitinin verilməsi bir növ Azərbaycanda könüllülük prinsiplərinin yayılmasına xidmət edəcək və gənclərin bu sahədə fəallığı sonrakı proseslərdə özünün müsbət təsirini göstərəcək.

- Ramil bəy, "Dalğa” Gənclər Hərəkatında sədr olduğunuz dönəmlərdən bilirik ki, siz həmişə fərqli ideyalarla çıxış edib, gördüyünüz işə diqqət çəkməyi bacarırsınız. I Avropa Yay Oyunlarına gələcək minlərlə insanı məlumatlandırmaq, onlarda ölkəmiz haqqında müsbət rəy yaratmaq üçün ev sahibi olaraq, daha çox nələrə önəm verməliyik?

- Mənə elə gəlir ki, daha çox üstünlüyü intellektual müstəviyə verməli idik. Bakının müxtəlif yerlərində kitab evləri tikilməlidir. Könüllülərin iştirakı ilə kitablardan ibarət ev formasında müəyyən fiqurlar hazırlamaq və kitabların satışını təşkil etmək daha effektiv olar. Azərbaycanda kitabın təbliği, intellektual müstəviyə ayrılan diqqət istər-istəməz turistlərin marağına səbəb olacaq. Hər nə qədər infrastruktur dəyişikliyi, idman yarışları, musiqi konsertləri təşkil olunsa da, əsas təhsil bazasıdır. Kitaba, təhsilə diqqət ayırmaq həm də ictimai rəydə kitaba olan marağın artmasına səbəb olar. Biz dünyaya çıxmaq, yüksək mədəniyyətə sahib olan xalqlarla eyni mərtəbədə dayanmaq üçün kitaba öncəlik verməliyik. Bu, birmənalıdır.

- Siz konkret olaraq hansısa idman növü ilə maraqlanırsınızmı?

- Sözün açığı, nə peşəkar, nə də həvəskar mənada idmanla məşğul olmuşam. Ancaq bir müddət sağlamlıq üçün karate ilə məşğul olmuşam. Hazırda isə üzgüçülüyə gedirəm.

- Yarışları izləməyi düşünürsünüzmü?

- Əlbəttə, belə bir planım var. Avropa Oyunlarının Bakıda keçirilməsi mənim üçün ən azından canlı olaraq maraqlı idman yarışlarını izləmək fürsətidir. Mən də maksimal dərəcədə bunu dəyərləndirməyə çalışacam.

- Favori oyunçunuz varmı? Daha çox yarışmada kimi izləmək istərdiniz?

- Avropa Oyunlarında iştirak etmək üçün ölkəmizə gələcək oyunçuların siyahısı ilə tanış deyiləm. Yalnız bu ayın sonu siyahı açıqlanan zaman hansı oyunlardan və kimlərdən zövq alacağıma dair seçimlərimi edəcəm. İndidən heç bir qərarım yoxdur.

Şəymən