Gənclər faciə günlərini və rayonlarımızın işğal tarixini bilmir ? - Fikirlər haçalandı

Qulu Məhərrəmli: "Azərbaycanın işğal olunmuş rayonlarını gənclərin çoxu bilmir. Bu, onun nəticəsidir ki, həmin gənclər Dağlıq Qarabağ və qan yaddaşımız barədə məlumatları əldə edə bilməyib"
Tahir Mirkişili: " Verilən suallar, gənclərin o suala cavab verə bilməməyi bütövlükdə Azərbaycan gəncliyini əhatə etmir"






Vaxtaşırı sosial şəbəkələrdə, müxtəlif veb-saytlarda çox insanın qınadığı sorğularla, müsahibələrlə rastlaşırıq. Onlardan ən populyarı demək olar hər addım başı qarşımıza çıxan gənclərin faciə günlərini, rayonlarımızın işğal tarixini bilməməsi haqqında videolardır. 

Belə ki, hərə əlinə bir mikrofon götürüb, şəhərin gənclər çox olan hissələrində belə suallarla onları sınağa çəkir. Nəticə isə çox zaman oxşar olur: gənclər ya bu tarixləri ümumiyyətlə bilmir, ya da sualları baş-ayaq cavablandırırlar. Aktiv sosial şəbəkə istifadəçiləri isə həmin gəncləri qınayır, onların qan yaddaşımızı bilməməsini vətənpərvərlik hissinin olmaması ilə əlaqələndirirlər.

Məsələ barədə Sherg.az-a danışan tanınmış jurnalist, professor Qulu Məhərrəmli gənclərin həqiqətən də bu məsələlərdən xəbərsiz olduğunu deyir. Bunun səbəbini isə ekspert onların məlumatsızlığı ilə əlaqələndirir:

"Küçədə sorğu keçirilir, Azərbaycanın işğal olunmuş rayonlarını gənclərin çoxu bilmir. Bu hal çox insanı təəccübləndirir, hətta tənqid edirlər. Lakin bu onun nəticəsidir ki, evdə, televiziyada radioda, qəzetlərdə, sosial şəbəkələrdə və internetdə həmin gənclər Dağlıq Qarabağ, qan yaddaşımız barədə məlumatları əldə edə bilməyib. İnformasiya Texnologiyaları sahəsində bununla bağlı müəyyən işlər görməliyik. Məsələn, məlumdur ki, gənclər daha çox kompyuter oyunları, müxtəlif tətbiqlərdən istifadə edir, boş vaxtlarını dəyərləndirirlər. Yaxşı proqramçılar var. Dağlıq Qarabağla bağlı müəyyən oyunlar, tətbiqlər düzəldib, gənclərin istifadəsinə vermək olar. Bizdə fəaliyyət göstərən Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutu (İTİ) bununla bağlı layihələr işləyə bilər. Bu məsələyə hərtərəfli yanaşmaq lazımdır ki, hər bir Azərbaycan vətəndaşı məlumatlı, məsələlərdən xəbərdar olsun”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Tahir Mirkişili isə həmin sorğuların Azərbaycan gəncliyini tam əhatə etmədiyini düşünür. O deyir ki, bu bəlli zaman müddətində, bəlli sayda insanı əhatə edən müəyyən olunmuş suallardır:

"Verilən suallar, gənclərin o suala cavab verə bilməməyi bütövlükdə Azərbaycan gəncliyini əhatə etmir. Azərbaycan gəncliyinin vətənpərvərlik mövqeyi aprel hadisələri zamanı müşahidə olundu, yüz minlərlə gənc küçələrdə idi. Aprel şəhidimizin Sumqayıtda dəfn mərasimində mən də iştirak etdim. 14, 15, 18 yaşında gənclərin küçələrdə, əlində bayraq yürüşə çıxmaları, dəfndə aktiv iştirak etmələri, döyüşmək üçün hərbi komissarlıqların qarşısında növbədə dayanmaları Azərbaycan gəncliyinin məhz vətənpərvərlik göstəricisi idi. İstənilən Azərbaycan gəncinin ürəyində vətən sevgisi, torpağı qorumaq hissləri var”.

Əlavə maarifləndirmə tədbirlərinə gəldikdə isə deputat vurğulayıb ki, bütün tarix dərsliklərində, orta məktəblərdə keçirilən tədbirlərdə, televiziya kanallarında bu barədə kifayət qədər məlumat verilir:

"Həm qan yaddaşımız, həm vətənpərvərlik mövzusunda, həm də tarixi faktlarla bağlı bütün tədbirlərə gənclər cəlb olunur, müxtəlif məlumatlar alırlar. İşğal olunmuş rayonlarımızın işğal tarixlərinin xatırlanması, işğal qurbanlarının yad olunması ilə bağlı bütün media orqanlarında məlumat var.

Bütün ümumi vəziyyətə baxdıqda, bir daha sübut olunur ki, Azərbaycan gəncliyi torpaqlarımızın işğaldan azad olması uğrunda canlarından keçməyə, ölüb, öldürməyə qadirdir. Ona görə, yenə qeyd edirəm ki, mən həmin sorğuların nəticələrini bütün Azərbaycan gəncliyinə aid etmirəm”.

Aysel Aslan