Nizami Cəfərov: “Əsas məsuliyyət orta məktəblərin, ailələrin və gənclər sahəsi ilə məşğul olan qurumların üzərinə düşür”
Azərbaycan müharibə şəraitində yaşadığından uşaqların hərbi-vətənpərvər ruhda böyüdülməsi, gənclər arasında maarifləndirmə işlərinin aparılması çox önəmlidir. Hətta bu istiqamətdə aparılan təbliğatın bir an belə dayandırılmaması gərəkdir.
Bunun üçün isə təlim-tərbiyə, təhsil müəssisələrində, mətbuatda, dərsliklərdə, cəmiyyət arasında hərbi vətənpərvərlik tərbiyəsinin təbliği, ordu, şəhidlər, Milli Qəhrəmanlar, düşmənə nifrətlə bağlı müxtəlif yönümlü maarifləndirmə işləri aparılmalı, yazılar yazılmalı, verilişlər göstərilməlidir. Ancaq etiraf edilməlidir ki, bu işdə ailənin xüsusi yeri, xüsusi təsir dairəsi var.
Hazırda az sayda ailələr qarşısına övladının vətənpərvər böyütməsi məqsədini qoyur. Əksər hallarda ailələr bu vəzifəni məktəblərin üzərinə qoymaqla yaxalarını belə məsuliyyətli məsələdən çəkməyə çalışırlar. Məhz bu kimi məsuliyyətsizlikdən sabahımız olan uşaqların, yeniyetmə və gənclərin əksəriyyəti Azərbaycanın hansı bölgələrinin erməni işğalı altında olduğunu belə bilmir, o ki, qaldı onlardan işğal tarixlərini soruşasan. Çoxları neçə Milli Qəhrəmanımızın olduğunu, onlardan heç olmasa, 3-4 nəfərin adını bilmir.
Qeyd edək ki, 20 Yanvar günü Bakı küçələrində gənclər arasında sorğu keçirilib və gənclər bu hadisənin neçənci ildə törədildiyini deyə bilməyiblər. Kimisi tərəddüdlə 20 Yanvar faciəsinin 1992-ci ildə törədildiyini deyir, kiminin də ümumiyyətlə faciənin mahiyyətindən xəbərsiz olduğu görünür. Ən acınacaqlı isə odur ki, gənclər hələ də hansı rayonlarımızın işğal altında olduğunu belə bilmirlər. Əksəriyyət işğal olunmuş rayonlarımız arasında Daşkəsən, Xaçmaz, Ağsunun adını çəkir.
Millət vəkili, akademik Nizami Cəfərov isə "Şərq”ə açıqlamasında deyib ki, gənclərin Azərbaycanın qəhrəmanlıq salnaməsi və işğal tarixlərindən xəbərsiz olmasında əsas məsuliyyət orta məktəblərin, ailələrin və gənclər sahəsi ilə məşğul olan qurumların üzərinə düşür:
"Sözün açığı, gənclərimizin 20 Yanvar və digər işğal günlərimizlə bağlı bu qədər məlumatsız olduğunu təsəvvür belə eləmirdim. Bir nəfər gəncin belə Azərbaycan tarixinin qan yaddaşı barəsində məlumatsız olması qəbul olunmazkən bu qədər gəncin sorğuda passivlik nümayiş etdirməsi həddindən artıq xoşagəlməz nəticədir. Bu məsələ sırf ictimai əhəmiyyətli olduğundan əsas məsuliyyəti ailələrin üzərinə ata bilmərik. Ən böyük günah orta məktəblərin üzərinə düşür. Əslində formal olaraq, orta məktəblərdə bu istiqamətdə müəyyən addımlar atılır.
Dərsliklərdə, dəftərlərin üz qabıqlarında işğal edilən rayonlarımızın adları və onların tarixləri qeyd olunub. Məktəblərin girişində xüsusi lövhələrə yazılıb, asılıb. Nəticə niyə belə olur, bunun özü artıq ciddi araşdırma mövzusudur. Hansısa bir gəncin işğal olunan rayonlarımızın adını ardıcıl olaraq saya bilməməsi normaldır, bunu heç hadisələri gözü ilə görən yaşlı adamlar da saya bilməz. Amma işğal olan rayonlarla digər rayonların adını qarışdırmaq, Xaçmazı, Ağsuyu işğal olunmuş rayon kimi qeyd etmək artıq həyəcan siqnalı deməkdir. 20 Yanvarın mahiyyətini bilməyən gənc heç vaxt şəxsiyyət olaraq formalaşa bilməyəcək”.
Şəymən