“Üzvlərimiz təkcə Azərbaycanda deyil, ölkədən kənarda, Avropa ölkələrində, Rusiyada, Türkiyədə də fəaliyyət göstərirlər”
“Gənclər müraciətimi həssaslıqla qarşıladı”
Fəzail Ağamalı: “Son məlumata görə, hazırda qrupda 15 mindən çox üzv var”
“Üzvlərimiz təkcə Azərbaycanda deyil, ölkədən kənarda, Avropa ölkələrində, Rusiyada, Türkiyədə də fəaliyyət göstərirlər”
“Üzvlərimiz təkcə Azərbaycanda deyil, ölkədən kənarda, Avropa ölkələrində, Rusiyada, Türkiyədə də fəaliyyət göstərirlər”
Birinci Avropa Oyunlarının start götürməsinə az qalıb. Hazırda Azərbaycan bütün dünyanın diqqət mərkəzindədir. Ölkəmizə etibar edilmiş Avropa Oyunları bir idman hadisəsi olmaqla yanaşı, respublikamızın ictimai-siyasi, humanitar, sosial-iqtisadi həyatı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq baxımından da mühüm əhəmiyyət kəsb edir. Oyunların Azərbaycan üçün başlıca əhəmiyyəti ölkəmizdəki güclü siyasi sabitlik və iqtisadi inkişaf barədə mövcud mənzərənin dünyaya nümayiş etdirilməsidir.
Ona görə də ölkə ictimaiyyəti tam şəkildə həmrəylik nümayiş etdirərək, beynəlxalq yarışların yüksək səviyyədə keçməsi üçün əlindən gələni edir. Cəmiyyətin bütün təbəqələri də bu işə bacardıqları qədər öz töhfələrini verirlər. Avropa Oyunları ilə bağlı ciddi təşəbbüs göstərən tanınmış ictimai-siyasi xadimlərdən biri də millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıdır. Məlumat üçün deyək ki, bir müddət əvvəl F.Ağamalının birbaşa səyi nəticəsində "facebook” sosial şəbəkəsində "Bakı 2015 Birinci Avropa Oyunları”na dəstək dostluq qrupu yaradılıb. Keçən zaman ərzində qrup öz üzvlərinin sayını artıraraq ölkə daxilində və xaricində mühüm işlər görüb. Oyunlara hazırlıq və qrupun hazırkı fəaliyyəti barədə "Şərq”ə müsahibə verən deputat gənclərin nümayiş etdirdiyi həmrəylikdən məmnunluğunu ifadə edib.
- Fəzail müəllim, Oyunlarla bağlı yaratdığınız qrupun işi necə gedir, ümumi anlamda hazırlıq və təbliğat prosesi sizi qane edirmi?
- Ümumiyyətlə, Avropa Oyunlarının keçirilməsi ilə bağlı ölkənin hər yerində genişmiqyaslı tədbirlər, konfranslar keçirilir. Bizimlə paralel olaraq Avropa ölkələri də yarışa ciddi hazırlaşır. "Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın rəhbərliyi altında Avropa ölkələrinin paytaxtlarında yüksək təqdimat mərasimləri keçirilir. Bütövlükdə, Azərbaycan Avropa Oyunlarına həm psixoloji, həm də təşkilati cəhətdən tam hazırdır və həyəcanla iyunun 12-ni gözləyirik. Lakin bununla yanaşı, Azərbaycanı istəməyən qüvvələr, anti-Azərbaycan koalisiyasında yer alanlar həm ölkə xaricində, həm də ölkə daxilində bədxahlıq edərək, qarayaxmalarla Azərbaycan dövlətinin, xalqının üzərinə gəlməyə cəhdlər edirlər. Bu gün də həmin proses davam edir. Bunların qarşısını almaq, digər tərəfdən cəmiyyətin və ölkədən kənarda olan idmansevərlərin diqqətini bu işə cəlb etmək üçün mən də üzərimə düşəni etmək üçün bir layihə hazırladım. "Bakı 2015 Avropa Oyunları”na dəstək dostluq qrupu mənim ideyam əsasında yaradıldı. Mən öz profilim vasitəsi ilə gənclərə müraciət etdim. Etiraf edim ki, müraciətim çox həssaslıqla qarşılandı. Qısa zaman kəsiyində dostluq qrupunun ətrafına xeyli insan cəmləşdi. Son məlumata görə, hazırda qrupda 15 mindən çox üzv var. Üzvlərimiz təkcə Azərbaycanda deyil, ölkədən kənarda, Avropa ölkələrində, Rusiyada, Türkiyədə də fəaliyyət göstərirlər. Onlar Avropa Oyunlarının təbliği ilə ən müxtəlif şəkildə məşğul olurlar.
- Qrupun fəaliyyəti sadəcə internet üzərindən aparılır, yoxsa digər təbliğat üsullarından da istifadə edilir?
- Əlbəttə, fəaliyyətimiz təkcə sosial şəbəkə ilə məhdudlaşmır. Biz həm də müxtəlif layihələr həyata keçiririk. Qrupun fəalları tez-tez televiziyaya çıxır, ayrı-ayrı verilişlərdə iştirak edirlər. Xatırladım ki, ötən həftənin sonunda Sumqayıt Dövlət Universitetində tələbələr qarşısında Avropa Oyunları ilə bağlı böyük bir tədbir keçirildi. Qrupun fəal gəncləri yarışla əlaqədar tələbələrlə geniş müzakirələr apardılar və mötəbər tədbirin ölkəmiz üçün vacibliyini vurğuladılar. Eyni zamanda onlara da müraciət edildi ki, öz imkanları daxilində təbliğat və təşviqat prosesində iştirak etsinlər, sosial şəbəkədə aktiv olsunlar. Həmçinin, ayın 17-si saat 3-də Fəvvarələr meydanında flaşmob keçirildi. 50 nəfərin iştirakı ilə keçirilən həmin flaşmob da çox maraqla qarşılandı. Orada məşhur insanlarla şəkillər çəkildi. Həmin şəkillər və videolar sosial şəbəkədə yerləşdirilib. Məqsədimiz regionlara getməkdir. Regionlarda Avropa Oyunlarının əhəmiyyətini, vacibliyini ən müxtəlif layihələr altında təqdim və təbliğ etməkdir. Oyunların əhəmiyyətini ölkə xaricində və daxilində önə çəkmək əsas məqsədimizdir. Dostluq qrupunda olan üzvlərimiz öz yazılarını Azərbaycan dili ilə yanaşı, rus, ingilis, fransız, ispan, alman və italyan dillərində də paylaşırlar. Qrupun loqosunda Cənab Prezidentin məşəli yandırmasını əks etdirən şəkil yerləşdirilib. Onun sağında isə dostluq qrupunun yumruq şəklində ifadə olunan şəkli əks olunub. Mənə elə gəlir ki, hədəfimiz bizim üçün tam aydındır. Biz son ana qədər bu hədəfə doğru getmək niyyətindəyik. Deyərdim ki, qrup öz coğrafiyasını genişləndirməkdə və geniş hərəkata çevrilməkdədir. Mən ideyama dəstək verən hər kəsə öz təşəkkürümü bildirirəm.
- Təəssüflər olsun ki, xaricdən yönləndirilən qarayaxma kampaniyasına ölkəmizdə də dəstək verən qüvvələr var. Qrup olaraq onlara qarşı hansısa tədbirlər görülürmü?
- Təbii ki, görülür. "Milli Şura” səviyyəsində anti-Azərbaycan koalisiyasında yer alan qüvvələrə qarşı sərt iradəmiz ortadadır. Onların qarayaxmasına, böhtanlarına qarşı qətiyyətli güc nümayiş olunur və bundan sonra da olunacaq. Bizim üçün fərqi yoxdur, əcnəbi və ya "özümüzünkü” olsun, kim Azərbaycanın əleyhinə təbliğat aparırsa, qarşısında bizi görəcək. Xaricdə olduğu kimi, Azərbaycanda da Əliyehdər Qarayev, Sultanməcid Əfəndiyev, Çingiz İldırım libasında yenidən peyda olan qara qüvvələr var. Biz onlara qarşı da mübarizə aparırıq. Mövqeyimizdə çox prinsipialıq. İradəmizi ardıcıl olaraq bütün anti-milli ünsürlərə qarşı səfərbər etmişik. Sona qədər də öz imkanlarımızdan maksimum iştirak edəcəyik.
- Hökumət və ictimaiyyətlə yanaşı, müxalifət partiyaları da belə ümummilli məsələdə həmrəylik nümayiş etdirməli deyilmi?
- Əlbəttə, etdirməlidir. Amma Azərbaycanda hökumətin uğurlarına qısqanclıqla yanaşan anti-milli qüvvələr var. Həmin qüvvələr sadəcə olaraq hakimiyyət uğrunda mübarizə aparmırlar. Çünki hakimiyyət uğrunda mübarizə anti-Azərbaycan dəhlizindən keçmir. Siyasi mövqeyindən asılı olmayaraq bütün qüvvələr Azərbaycan dövlətinin və xalqımızın lehinə olan tədbirləri dəstəkləməlidir. Bu, hər bir vicdanlı azərbaycanlının vəzifə borcudur. Burada siyasi baxışlar tamamilə kənara qoyulmalıdır. Ancaq təəssüflər olsun ki, ölkəmizdə xəyanət yolunu tutan insanlar var. Onlar Azərbaycanın heç bir uğuruna sevinmirlər. Əksinə, erməni diasporası ilə bərabər Azərbaycana qarşı qarayaxmalarda iştirak edirlər. Təbii ki, bu cür qüvvələr hər zaman millət tərəfindən lənətlənir.
- Avropa Oyunları təkcə idman yarışı deyil, bu tədbirin siyasi, iqtisadi və mədəni tərəfləri var. Oyunlar Azərbaycanın təbliği baxımından mühüm önəm kəsb edir. Bəzi şəxslərin Oyunları sadəcə idman yarışı kimi təqdim etməsi doğrudurmu?
- Biz Avropa Oyunlarına təkcə idman yarışı kimi baxa bilmərik. Düzdür, ilk növbədə bu, bir idman yarışıdır. İdman dünyada ən kütləvi hadisə hesab olunur. Millətindən asılı olmayaraq, insanların idmana münasibəti xüsusi olaraq diqqəti cəlb edir. Avropa Oyunlarının Azərbaycanda keçirilməsi dünyanın bütün diqqətini hərtərəfli şəkildə ölkəmizə yönəldəcək. Oyunlar Azərbaycanın bütün maddi mədəniyyətini, mənəvi aləmini dünyaya çatdıracaq. Azərbaycanın hüquqi və sivil bir ölkə kimi təbliğ olunmasında, ölkənin inkişafının göz önünə gətirilməsində və dünyaya göstərilməsində müstəsna rol oynayacaq. Unutmaq olmaz ki, bundan sonra Avropa Oyunları keçirilən bütün ölkələrdə məşəl məhz Azərbaycanda alovlandırılacaq. Bu, hər il Azərbaycanın xatırlanması deməkdir. Bizim qoymuş olduğumuz bu fundament, təməl və ənənə bütün dövlətlər tərəfindən təkrarlanacaq. Prezident İlham Əliyev belə bir məsuliyyətli missiyanı öz üzərinə götürəndə, əlbəttə, bütün bunların hamısını nəzərə alıb. Bu cür möhtəşəm bir yarışın hazırlığına başlanılması böyük və riskli addım idi. Qısa zaman kəsiyində böyük idman qurğularının tikilib başa çatdırılması bəziləri üçün mümkün görünmürdü. Amma şükürlər olsun ki, biz həmrəylik nümayiş etdirərək bu işin öhdəsindən layiqincə gəldik.
İsmayıl