Gənclər sosial şəbəkələri “avaraçılıq” meydanına...

... Evdar xanımlar isə “bulaq başına” çevirib




Sosial şəbəkələr... Bu gün yəqin ki, bu anlayışın nə olduğunu bilməyən yoxdur. Hətta kiçik yaşlarından onun istifadəçisi olan, hər atdığı addımı, yediyi yeməyi belə dostları ilə paylaşmamış keçinməyən insanlar da kifayət qədərdir. Qızlar, oğlanlar, yeniyetmələr, evdar qadınlar, tələbə və şagirdlər, yaşlılar. Yaş sferasından asılı olmayaraq bir çox insanlar sosial şəbəkələrin aludəçisinə çevrilə bilib. Bəs gəlin münasibət bildirək ki, cəmiyyətimiz internetdən, sosial şəbəkələrdən daha geniş necə və nə məqsədlə istifadə edir?

Mənim özüm də hər bir gənc kimi internetdən, sosial şəbəkələrdən istifadə edirəm. Və elə internetdə müəllifini xatırlamadığım yazıların birində maraqlı bir lətifəyə rast gəlmişdim:

- Müttəhim, siz təsdiq edirsinizmi ki, mərhumu əvvəllər tanımamısınız?

- Bəli, tanımamışam!

- Bəs niyə qurbanınızın adı sizin şəbəkədəki hesabınızın dostluğunda var?

Bu nümunədən sonra mənimlə hər kəs razılaşacaq ki, müxtəlif insanlar eyni məqsədlə internetdən, şəbəkələrdən istifadə etmir. Bəzi insanlar internetdən müəyyən məlumatlar əldə etmək, bəziləri vaxtlarını keçirmək, istisna bir qrup isə digər faktorlar üçün yararlanırlar. Müasir dövrün tələbinə uyğun olaraq hər bir insan, xüsusilə də gənclər hər bir şey haqqında "məlumat dəryası” olan internetdən geniş yararlanmağa məcbur olur. Amma bilməliyik ki, hər bir şeyin, o cümlədən internetin də müsbət cəhətləri olduğu kimi mənfi cəhətləri də vardır.

Bu mövzuda fikirlərinə müraciət etdiyim sosioloq Lalə Mehralı "Şərq”ə açıqlamasında sosial şəbəkələrin və insanların biri-birinə qarşılıqlı mənfi təsirlər göstərdiyini deyib. Əvvəla, cəbhə xəttində baş verən hadisələrdə insanların məlumat paylaşma davranışına və hətta savadlı insanların bir çoxunun belə düşmənin dezinformasiyalarına düzgün, məntiqli, hərtərəfli cavab verməməsinə diqqət çəkən Lalə Mehralı insanların hərbə marağının olduğunu, döyüş zamanı lazım olan-olmayan, xeyri və ya ziyanı hesablanmamış hər bir məlumatı yaymağa çalışdığını qeyd edib: "Hərbi sirr deyilən bir qanun var ki, xüsusilə arxa cəbhədə gedən informasiya müharibəsində buna diqqət etmək vacibdir. Təəssüflər olsun ki, cavan əsgərlərimiz də bunun fərqinə varmadan düşmən tərəfindən başqa məqsədlərlə istifadə oluna biləcək məlumatları da yayırlar. Açıq etiraf etməliyik ki, onlar sosial şəbəkələrdən düzgün istifadə etməkdən xəbərdar olmayan gənclərimizdir. Həmin gənclər bu səhvlərə yol verir, digərləri isə başqa məqsədlərlə sosial şəbəkələrdən istifadə edir. Bu reallıqdır ki, özünə profil açaraq şəbəkəyə qatılan gənclərin əksəriyyəti qızlara dostluq atmağa, tanışlıq, bəzi mübahisələrdə vulqar sözlərdən istifadə etməyə və ya digər hallara biganə qala bilmirlər. Vaxt keçirmək üçün bu fəaliyyətini daha da artıranlar zaman keçdikdə artıq bunun aludəçisi olmağa başlayırlar. Hər dəqiqə istəmədən də olsa gününü, istirahətini, işini sosial şəbəkələrə bağlayan bu gənclər üçün virtual həyat önə keçir. Və artıq hazırkı sosial şəbəkələrdən istifadə mədəniyyətinə gəldikdə belə bir ifadə işlətmək olar ki, gənclər sosial şəbəkələrdən "avaraçılıq meydanı”, evdar qadınlar isə "bulaq başı” kimi istifadə edirlər. Bəli, kobud səslənsə də, bir çox insanlar şəbəkələrdən düzgün istifadə etmədiklərinin fərqində deyillər”. Sosioloqun bu fikirlərini isbat etmək üçün adi bir nümunə çəkmək də yerinə düşər. Jurnalist kimi bir çox problemli, müzakirə olunmağa dəyər yazılar yazırıq və bunu internet vasitəsilə ictimaiyyətin münasibətinə açıq elan edərək paylaşırıq. Müşahidələrimizdə isə tam əksini görürük. İnsanlar ictimai bir problemin sorğusuna vaxt sərf etməkdənsə, tez-tez fotolar paylaşıb, rəy gözləyən qızların, hər bişirdiyi yeməyin qazanla birlikdə şəklini çəkib göndərən evdar xanımların, hər 10 dəqiqədən bir lazımlı, lazımsız cümlələr yazan insanların, bütün həyatları ilə maraqlandıqları sənət adamlarının səhifələrini izləməklə məşğul olurlar.

Ekspertin dediyi kimi, yaradılan şəbəkə qruplarında xüsusilə qadınlar şəxsi həyatlarını, hətta ailədaxili intim münasibətlərini üzə çıxarmağa çalışırlar. Biri yazır, "qayınanamla aramda bu cür dava oldu” və ya "həyat yoldaşımla aramıza yüngül bir qadın girib”, o zaman həmin statuslara kifayət qədər şərh gəlir. Bu da ondan irəli gəlir ki, insanlar artıq sosiallaşmanı bu yöndə görürlər. Buna görə sosial şəbəkələri tanınmış və söz sahibi olan insanların nümunəsi ilə cəmiyyət özü tənzimləməlidir. Yəni biz özümüz analiz etməliyik ki, sosial şəbəkə nə üçündür, nəyi yerləşdirmək olar, nəyi yerləşdirmək düzgün deyil.

Aysel Aslan