Millət vəkilinin qaldırdığı məsələyə kriminalist də reaksiya verdi
Ölkədə bıçaqlaşma "dəb” halını alıb. Kimin sözü kimə xoş getmirsə, məsələni bıçaqla həll edirlər. Artıq problemin aktuallığı millət vəkillərini də hərəkətə keçməyə vadar edib. Millət vəkili Aqil Abbas Milli Məclisin ötən iclasında sözügedən məsələ ilə bağlı həyəcan təbili çalıb. Azərbaycanda bıçaqlanmaların az qala adət-ənənəyə çevrildiyini vurğulayan millət vəkili deyib ki, hər gün respublikada bıçaqlanma nəticəsində ölüm hadisəsi baş verir. Qardaş qardaşı, dayı bacı qızını, qonşu isə qonşunu qətlə yetirir.
Millət vəkili qeyd edib ki, belə halların qarşısını almaq məqsədi ilə soyuq silahların saxlanması, gəzdirilməsi və satılması ilə bağlı qanunvericilikdə dəyişiklik edilməlidir: "Polisə əlavə səlahiyyət verilməlidir ki, şübhələndiyi şəxsi saxlayıb, üzərində baxış keçirsin. Artıq beynəlxalq təcrübədə belə bir qanun var. Türkiyədə soyuq silahların müəyyən edilməsi ilə bağlı qanun qəbul edildi. Niyə bizdə də bu qəbul olunmasın? Əgər qanunvericilikdə məsuliyyət məsələsi sərtləşdirilsə, bir sıra cinayət hallarının qarşısını almaq olar”.
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist-ekspert İlqar Altay isə ilk növbədə deyib ki, haqlı olaraq Aqil Abbas bu məsələni parlamentdə qabardıb: "Görünür, Aqil müəllim vətənpərvər bir millət vəkili olaraq, bu məsələni Milli Məclisin plenar iclasında qaldırmağı özünə borc bilib. Əslində, Aqil müəllimin narahatlığı əsassız da deyil. Faktiki olaraq ölkədə kriminal vəziyyət xeyli dərəcədə gərginləşib”.
Kriminalistin sözlərinə görə, Azərbaycanda baş verən cinayətlərə həm hüquqi, həm də ictimai prizmadan yanaşmaq lazımdır: "Hesab edirəm ki, bıçaqlanmanın qarşısını almaq üçün ilk növbədə cəzalar sərtləşdirilməlidir. Həmçinin bu cür cinayətlərin qarşısını almaq üçün qabaqlayıcı tədbir olaraq media və ictimaiyyət cəmiyyətə təsir göstərməlidir. Doğrudan da bıçaqlanma halları bu gün ölkəmizdə problemli məsələ olaraq qalır. Əsasən, gənclər mübahisəli məsələləri bıçaq yolu ilə həll etməyə çalışırlar. Azərbaycan gəncliyinin mübahisəyə, biri-birinə üstün gəlmə, qrup halında birləşib dalaşmağa meyli var. Bu, mənəvi bir patologiyadır, son vaxtlar isə cəmiyyətdə özünü çox büruzə verir”.
Üzərində bıçaq gəzdirən insanların polis tərəfindən saxlanmasına gəldikdə isə İ.Altay deyib ki, sovet dövründə soyuq silahların gəzdirilməsi ilə bağlı ciddi qadağalar hökm sürürdü: "Cəzalar çox sərt olduğu üçün də heç kəs cibində bıçaq gəzdirməyə risk etmirdi. Buna cəsarət edən cinayətkarlar isə dərhal məsuliyyətə cəlb olunurdu. Amma indi hər gəncin cibində bir bıçaq var. Sovet dövründə həmin bıçaq kimin cibində tutulsa, həmin adam dərhal həbs olunurdu. Amma indi hərə qarşısına bir "stol” qoyub, həmin bıçaqlardan satır. Cürbəcür formalarını kitaydan gətirib, bazarlarda satırlar. Maraqlıdır ki, gömrük orqanları həmin bıçaqların ölkəyə buraxılmasına necə şərait yaradır? Axı həmin bıçaq nəyə lazımdır ki, hərə birini alıb, cibindən asır. Onunla çörək doğranmır, meyvə soyulmur ki? Hesab edirəm ki, Aqil Abbasın dediklərində həqiqət var. Bu məsələ ciddi nəzarətə götürülməli və hüquq-mühafizə orqanları üzərində soyuq silah gəzdirən insanlara qarşı biganə qalmamalıdır”.
Ailədaxili bıçaqlaşmalara gəldikdə isə kriminalist deyib ki, bu cür cinayətlərin qarşısını almağın yeganə yolu tərbiyədir. Polis, prokuror gedib, kiminsə evində oturub, onlara nəzarət edəsi deyil ki? Ailədaxili münaqişələr mənəvi aşınmalardan qaynaqlanır. Bunun üçün də maarifləndirmə şərtdir.
Şəymən