Gənclərin ev almaq şansı artıb

İpoteka fonduna əlavə pul ayrıldı




"Dövlət büdcəsindən Azərbaycanın İpoteka Fonduna əlavə 200 milyon manat pul ayrılacaq”. Bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Dövlət başçısı çıxışında, həmçinin yaxın vaxtlarda dərman preparatlarının qiymətlərinin tənzimlənəcəyini və bu sahədə şəffaflığın təmin olunacağını da söyləyib.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov isə söyləyib ki, parlamentdə dövlət büdcəsi müzakirə olunan zaman ipoteka fonduna ayrılan vəsaitin azlığını həmişə diqqətə çatdırıblar: "2014-cü ildə 20, 2015-ci ildə isə 40 milyon manat ayrıldı. 800-1000 nəfər bundan yararlana bildi. Nəhayət, cənab Prezident göstəriş verdi ki, 2 yüz milyon manatdan artıq vəsait ayrılsın. Bu gün məlumat əldə etdim ki, Mərkəzi Bankın idarə heyətinin sədri 250 milyon manat ayrılacağını deyib. Şübhəsiz ki, onun müəyyən hissəsi güzəştli, müəyyən hissəsi isə kommersiya ipotekasına ayrılacaq. Bu çox vacib addım idi. İpoteka krediti dünyada işləyən ən mühüm formadır. Məxsusi olaraq gənclərin mənzillə təmin olunması yönündə çox səmərəli işdir. Hazırda ölkəmizdə evə ehtiyacı olan çoxsaylı gənclər var. Bu baxımdan addımı dəstəkləyirəm”.

Ayyət Əhməd