Aqşin Yenisey: “Diqqətsizlik o həddə çatıb ki, media reytinq xatirinə belə şəxslərin həyatını, əməllərini yaradıcı üslubla təqdim etməklə cinayətkarlığın, terrorun, əxlaqsızlığın xəbərçisinə deyil, təbliğatçıNiyaz Niftiyev: “Bu kimi internet resurslarının nəinki fəaliyyətinə, ümumiyyətlə, ölkədə yayımına qadağa qoyulmalıdır”
Ölkəmizdə porno və radikal dini saytların sayı durmadan artmaqdadır. Şübhəsiz ki, bu cür "media quruluşlarının” meydana gəlməsi və ayaq tutub yeriməsi cəmiyyətdə birbaşa milli-mənəvi və dini dəyərlərin zədələnməsinə, səbəb ola bilər. Ona görə də məlum vəziyyət ictimaiyyətdə ciddi etirazla qarşılanır. Çünki insanlar bunun böyük təhlükə mənbəyi olduğunu və gələcəkdə ən ağır fəsadlar saçacağını anlayırlar.
Artıq bəzi parlamentarilər də problemin ciddiliyini nəzərə alıb, məsələni Milli Məclisin gündəminə daşıyıb. Məsələn, parlamentin ötən həftə baş tutan iclasında millət vəkili Elmira Axundova sözügedən hala diqqət çəkərək, onun aradan qaldırılmasının zəruriliyini vurğulayıb. Xanım deputat bildirib ki, Azərbaycanda pullu seks xidməti təklif edən və eyni zamanda vətəndaşlarımızın xarici ölkələrdə muzdlu döyüşçü kimi cəlb olunması üçün xidmət göstərən saytlar fəaliyyət göstərir. E.Axundova təklif edib ki, müxtəlif ölkələrə məxsus olan pornonu təbliğ edən, muzdlu döyüşçüləri qaynar bölgələrə səsləyən, aqressivlik aşılayan və yeniyetmələrin mənəviyyatını korlayan və digər bu xarakterli saytların fəaliyyəti tamamilə qadağan edilsin: "İnternetdə sərbəst fəaliyyət göstərən müxtəlif dövlətlərə məxsus əxlaqsız saytların xidməti bizim yeniyetmələrə çatmasın. Bu ən azından 95 faiz əhalisi müsəlman olan ölkəyə yaraşmır. Bir çox dövlətlər, məsələn, Türkiyə, Rusiya belə məhdudiyyətləri tətbiq etməyə başlayıblar”.
Bunun maraqlı və aktual mövzu olduğunu bildirən, tanınmış şair-publisist Aqşin Yenisey "Şərq”ə açıqlamasında qeyd edib ki, belə məsələləri yalnız əxlaq ənənələri kodeksində dəyərləndirmək mühafizəkar darqursaqlıq olar: "Hansısa yazıçının belə bir sözü var: "Seks beynəlxalq ünsiyyət vasitəsidir”. Baxın, ənənələr də zamanın və məkanın diktəsinə tabedir. Məsələn, vaxtilə hətta müqəddəs kitablarda belə haram buyurulan sələmçilik hazırda bank sektorunda ən geniş yayılmış xidmət növüdür. Zamanın və həyatın tələbi, Allahın hökmünü bank xidmətlərindən sıxışdırıb çıxarıb. Kredit, bir növ, halal sələm kimi başa düşülür. Bir üzünə baxanda, biz ailə mühafizəkarlığı baxımından fahişəliyin leqallaşmasına qarşı çıxmaqla, bu cinsi ünsiyyətcanlılığın ailədaxili münasibətlərdə gizlin şəkildə yaşamasına, artıb-törəməsinə şərait yaradırıq. Ailədaxili cinayətlərin çoxu da bu üzdən, ailədaxili, qohumlar, dostlararası cinsi ünsiyyət xətalarından yaranır. Yəni biz əxlaqsız deyib cəmiyyətdə ört-basdır etdiyimiz bir dəyərlə günlərin birində öz evimizdə, hətta bəzən öz yatağımızda qarşılaşırıq. Ailə və cəmiyyət arasındakı sərhədlər o qədər zəif qorunur ki, istənilən eybəcər cəhət qaçaqmalçılıq yoluyla ailədən cəmiyyətə və əksinə ötürülə bilir. Ailə cəmiyyətin, cəmiyyət də ailənin, fərdin suverenliyini tanımalıdır. Yalnız bu zaman fahişəlik, homoseksuallıq, narkomanlıq kimi arzuolunmaz istəklər, vərdişlər ailədaxili münasibətlərdən uzaqlaşa bilər və ehtiyac olanda onlarla mübarizə aparmaq da asanlaşar. Azərbaycanda heç bir ana öz əli ilə narkoman oğlunu həkimə, yaxud polisə verməz”.
Şairin qənaətincə, fahişəlik dünənin, bu günün, yaxud hansısa ziyanlı ideologiyaların, gizli təşkilatların hansısa xalqa, dövlətə yönəlik məxfi təxribatı deyil ki, ona qarşı yalnız inzibati yollarla mübarizə aparılsın: "Bu həyat tərzi insan təbiətinin bir fenomenidir. Min illərdir kimi buna zövq kimi, gəlir mənbəyi kimi baxır. Sadəcə, bu münasibətləri digər xidmət növləri kimi qanunla tənzimləmək lazımdır. Başa düşmək lazımdır ki, fahişəlik mənşəcə cinayət yox, günah kateqoriyalı xidmətdir. İndiki halda əksər narkomanlar kimi fahişələr də ailədə gizlənir, gizlədilir, hətta valideyn statusuyla tərbiyəçilik edir. Problem budur”.
Fəaliyyətlərini soydaşlarımızı xarici ölkələrdəki döyüşlərə cəlb etmək istiqamətində quran saytlara gəlincə, həmsöhbətimiz bəyan edib ki, bu, konkret cinayət tərkibli bir əməldir: "İnanc təəssübkeşliyi adı altında sadəlövh adamların aldadılıb muzdlu döyüşçü kimi münaqişə zonalarına aparılması, işə düzəltmək adıyla insanların, xüsusilə sosial dayağı olmayan qadınların kölə kimi alınıb-satılması üçün müsəlman Şərqində çəkilən xəyali "İpək yolu” artıq kəndlərimizə gedib çıxıb. Bu insan qaçaqmalçılığının qarşısının inzibati yollarla alınmasından başqa, həm də belə əməllər ictimai müzakirələrə açıq saxlanılmalıdır. Çünki muzdlu döyüşçülər təkcə din fanatları deyil, idman karyerasını ardıcıl məğlubiyyətlərlə siftədən bitirib gücünü cinayətkarlığa həsr etmiş çoxsaylı idmançıları da bura aid etmək lazımdır. Hər iki halda problemin səbəbi insanlarımızın mənəvi pintiliyidir. Belə adamlar muzdlu kimi aktiv döyüşlərə qatıla bilməsələr də, cəmiyyətdə potensial cinayətkar həyatı yaşayırlar. Hətta diqqətsizlik o həddə gəlib çatıb ki, media reytinq xatirinə belə şəxslərin həyatını, əməllərini yaradıcı üslubla təqdim etməklə cinayətkarlığın, terrorun, əxlaqsızlığın xəbərçisinə yox, təbliğatçısına çevirilir. Təhsil, din, idman əcgahanlarına cinayət kişilik meyarı, əxlaqsızlıq işgüzar kübarlıq kimi sırınır”.
E.Axundovanın təklifinə diqqət çəkən müsahibimiz hesab edir ki, bu cür kütləvi-mənəvi cəhalət yalnız kiminsə təklifi ilə yada salınmamalıdır, ümumilikdə dövlət quruculuğu işinin tərkib hissəsinə çevrilməlidir: "Bu gün gözdən qaçan adi bir səhv, qulaqardına vurulmuş xırda bir avaz getdikcə milli bəlamıza gətirib çıxara bilər. Bir dəfə hind xalqının iki minillik əsarətə necə dözməsinin, bununla necə barışmasının, lap axırda vegeterian Qandinin passiv müqavimət ideyasına - özündə şiddət ehtiva etməyən oturaq aksiyalara sığınmasının səbəblərini araşdırmağa başladım. Bütün səbəblərin izləri buddizmə və çaynizmə aparırdı. Buddizmə tapınmaq, bitkisəl həyata canatım hindliləri milli qürur hissindən məhrum etmişdi illər ərzində. Türklər demiş, iki min il ərzində bir türlü toparlana bilmirmişlər. Fərdi ibadət və itaət fəlsəfəsinin kütləviləşməsi hind tarixini dünyanın ən uzun əsarət tarixinə çevirmişdi”.
A.Yenisey onu da əlavə edib ki, məsələnin ciddiliyini anlamaq üçün təklifin reallaşmayacağı təqdirdə ölkənin halını göz önünə gətirmək lazımdır: "Pullu seksual xidmətlər, killer sifarişləri, muzdlu döyüşçü profilləri və əmgəyi bərkiməmiş bir cəmiyyət. Görün azərbaycanlı universitet tələbələrinin, təkkərrəlik (odnorazovı) Avropa, dünya çempionlarının, "facebook” möminlərinin səsi, pulu, nəşi haralardan gələcək. Belə məsələlərdə bəzən Napoleon kimi düşünmək lazımdır; böyük ideyalara görə kiçik insanları qurban vermək olar. O kiçik adamları ki, öz cılız eqolarının acgöz ehtiraslarına nəinki başqalarını, hətta bütün Azərbaycanı qurban verməyə hazırdılar.
"Azadinform”.az saytının baş redaktoru Niyaz Niftiyev də qeyd edib ki, bu hal ilk növbədə yeniyetmə və gənclərin tərbiyəsinə mənfi təsir göstərir, əxlaqlarında ciddi qüsurların bünövrəsini qoyur, təhsildən və digər mədəni, intellektual əyləncələrdən uzaqlaşdırır: "Bir sözlə, gəncliyin başını qatırlar. Bunun da qarşısını fərdi şəkildə almaq mümkünsüzdür. Əgər evdə ciddi nəzarət olunursa, bu saytlara meylli gənclik çöldə - internet klublarda və digər yerlərdə bu resurslara rahat girə bilirlər. Bunun üçün də məsələ birdəfəlik həll olunmalıdır. Bu kimi saytlara ya məhdudiyyət, ya da qadağa qoyulmalıdır. Düşünürəm ki, bu məhdudiyyət və ya qadağanın söz və ya erotik azadlıqlara heç bir aidiyyəti yoxdur.
Artıq Milli Televiziya və Radio Şurasının son iclasında "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın layihəsi təsdiq edildi.
Belə saytlara girişi məhdudlaşdırmağın mümkün olacağını düşünən baş yazar söyləyib ki, hazırda Azərbaycanda ən müasir informasiya-kommunikasiya texnologiyaları mövcuddur: "Yəni dövlət istəsə və aidiyyəti qurumlar səfərbər olunsa, niyə də mümkün olmasın? Təbii ki, ilk növbədə bu sahədə qanunvericilikdə dəyişikliklər olunmalıdır”.
N.Niftiyevin fikrincə, bu kimi internet resurslarının nəinki fəaliyyətinə, ümumiyyətlə, ölkədə yayımına qadağa qoyulmalıdır: "İnternet əlaqə, təbliğat baxımından daha tez və rahat ünsiyyət vasitəsi olduğu üçün bu yoldan mümkün qədər çox istifadə edirlər. Bilirsiniz, heç kim, xüsusən də biz ətrafımızı saran təhlükələr, müharibələr, separatizm meyillərindən ilhamlanan vətəndaşlardan sığortalanmamışıq. Onlar müxtəlif məzhəb "pərdəsinə bürünərək” özlərini "qoruyucu mələk” kimi təqdim edirlər. Azərbaycanda da bu kimi insanlar var. Bəzən ailə halında, bəzən tək-tək, bəzən də qruplar halında müharibə bölgələrinə gedirlər. Sonrası da bəlli: həm ailələri, yaxınları, həm də dövlət olaraq əziyyət çəkməli oluruq”.
Təklifi müsbət qiymətləndirən həmsöhbətimiz vurğulayıb ki, bu çox ciddi məsələdir: "Yəqin ki, parlament bu məsələyə təkrar qayıdacaq”.
(davamı var...)
Ayyət Əhməd