Generalın hərəkətini hamı alqışladı
“Vəzifəli şəxslər hər zaman öz övladlarının ipini çəkməlidirlər”
Daxili İşlər Nazirliyi (DİN) İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevi törətdiyi cinayətə görə istintaq orqanlarına təhvil verməsi ölkə ictimaiyyətində geniş müzakirə predmetinə çevrilib. Doğrudur, bəziləri "general vəzifəsini itirmək istəmir, bu səbəbdən gözə kül üfürür” deyib, onun addımını qeyri-səmimi qarşıladı. Lakin əksəriyyət bunun bir örnək olduğunu düşünür.
Məlumat üçün bildirək ki, DİN-in İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev məhkəmə önünə çıxarılıb. Buna səbəb general oğlunun davada iştirak etməsi olub. Məhkəmənin qərarı ilə T.Əsədullayev barədə iki aylıq həbs-qətimkan tədbiri seçilib. Generalın oğlu CM-nin 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunur. Baş Prokurorluqdakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, T.Əsədullayev artıq 1 saylı Kürdəxanı İstintaq Təcridxanasına köçürülüb.
Generalın addımını dəyərləndirən Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov "Şərq”ə açıqlamasında söyləyib ki, yüksək vəzifə daşıyan və cəmiyyətin gözü önündə olan dövlət məmurları övladlarına münasibətdə daha həssas olmalıdırlar. Akademikin sözlərinə görə, məmur övladının adi qüsura belə yol verməsi, valideyninə qarşı mənfi rəy formalaşdırır: "Onlar daha da diqqətli olmalıdır. Generalın davranışına müsbət yanaşıram. Yaxşı haldı. Övladın
qüsurlu davranışının ilk hesabı valideyndən soruşulur. Valideyn cəzalandırılır. Çünki onun məsuliyyətini valideyn daşıyır”.
Bununla yanaşı, millət vəkili qeyd edib ki, yaxşı əməllərlə məşğul olan məmur övladları da var: "Onların gördüyü işlərlə doğrudan da fəxr etmək olar. Beynəlxalq səviyyədə addımlar atırlar. Düşmənlərimizə qarşı mübarizə aparırlar. Azərbaycanı dünya miqyasında tanıtmaq üçün müxtəlif əcnəbi ölkədə xüsusi tədbirlər gerçəkləşdirirlər. Bu görünür və cəmiyyət buna qiymət verir. Həmin övladı böyüdən dövlət məmuruna "sağ ol” deyirlər. Bu, valideynin baş ucalığıdır. Belə hallar nümunədir və buna istənilən cəmiyyətin, o cümlədən Azərbaycan cəmiyyətinin də ehtiyacı var”.
"Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov deyib ki, heç bir valideyn istəməz ki, övladı səhv hərəkət etsin. Bəzən qanunların pozulmasına səbəb olacaq, hətta cinayət kimi qiymətləndiriləcək əməllər törətsin. Amma cavanlıqda olur. Bəzən insan əsəblərini cilovlaya bilmir, bəzən düşünmür, bəzən dəliqanlılıq edir: "Bu hadisəni eşidəndə çox dərin təəssüf hissi keçirdim. Ancaq generalın atdığı addım məni çox razı saldı. Uzun müddət mühafizə orqanlarında işləmiş bir insanın qanunun aliliyini övlad məhəbbətindən üstün tutması təqdir olunacaq haldır. Bu, eyni zamanda hamımız üçün bir nümunədir ki, qanun hamı üçün qanundur. Əgər övladımız da səhv edibsə, biz çalışmalıyıq ki, onu qanuni yolla islah edək. Övladımız da nəzərə almalıdır ki, valideyn məni nə qədər çox istəsə də, qanun hər kəsdən yüksəkdir. Mənim valideynim də qanunun aliliyini qəbul edibsə, buna görə onun özü də hörmətə layiqdir”.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Şərif Əsədullayevin addımına haqq qazandırıb: "Alqışlanmalı, bəyənilməlidir. O, yüksək çinli bir zabitdir, hər zaman dövlətə xidmət edib. Belə insanın oğlunun xuliqanlıq etməsi və kiməsə xəsarət yetirməsi bağışlanmazdır. Əgər ata öz oğlu barədə bu tədbiri seçibsə, onu yalnız alqışlamaq olar. Onun bu hərəkəti digər məmurlara da nümunədir. Vəzifəli şəxslər hər zaman öz övladlarının ipini çəkməlidirlər. Onları cəmiyyət arasında yaxşı olmağa sövq etməli, yeri gəldikdə, tənbeh etməlidirlər.
Hörmətli prezidentimiz də dəfələrlə deyib ki, hər bir şəxs öz ailəsinin, uşağının tərbiyəsilə məşğul olmalı, harınlamamalı, cəmiyyətdə ziyanlı bir insana çevrilməməlidir. Ona görə Şərif Əsədullayevin əməlini təqdirəlayiq hesab edirəm. Şübhəsiz ki, hadisə cəmiyyətdə böyük rezonans yaradıb, insanların əksəriyyəti bu addımı müsbət qiymətləndirir. Qarşıdakı şəxs ciddi xəsarət almadığından, ölmədiyindən Şərif Əsədullayev oğlunun hərəkətini gizlədə, ört-basdır da edə bilərdi. Bəzən cinayət törədib onu gizlədənlər də olur. Belə olan halda həmin cinayəti törədən şəxslər daha da azğınlaşır, kənardan baxanlar da fikirləşir ki, filankəsin oğlu belə hərəkətə yol verib, mən niyə etməyim? Burdan görünür ki, neqativ halların gizlədilməsi cəmiyyətə pis örnəkdir”.
Ayyət Əhməd