Gerasimovun fikirləri çox təhlükəlidir

“Postsovet məkanına daxil olan bütün ölkələr birgə fəaliyyət göstərməyi bacarmalıdırlar”




Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov postsovet məkanındakı münaqişə ocaqlarından danışıb. O bildirib ki, Moskvanın təhlükəsizliyindən, sərhədlərimizin
yaxınlığında vəziyyətin qeyri-sabitləşməsindən danışarkən postsovet məkanında dondurulmuş münaqişələrə diqqət göstərməmək olmaz.
Hökumət rəsmisinin sözlərinə görə, SSRİ-nin dağılmasından ötən müddətdə Moldova ilə Dnestryanı Moldova Respublikası, Gürcüstanla Abxaziya və Cənubi Osetiya arasında, Azərbaycanla Ermənistan arasında isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusuna dair münaqişələr nizamlanmamış qalır: "Rusiyanın ABŞ və Avropa ilə münasibətlərinin kəskinləşməsi fonunda postsovet məkanında mövcud olan bu konfliktlərin yenidən alovlanması ehtimalı güclənir. Dövlətimizin sərhədləri yaxınlığında silahlı qarşıdurmaların yenidən başlanması təhlükəsi mövcuddur. Gürcüstan hakimiyyəti bu gün Abxaziya və Cənubi Osetiyanı güc yolu ilə tərkibinə qatmaq niyyətində olduğunu bildirir. Son vaxtlar Kişinyov "yeni” Ukraynanın dəstəyi ilə Rusiya sülhməramlılarının Dnestryanıdan çıxarılmasını tələb edir, tanınmayan respublikanı iqtisadi blokadada saxlamaqda davam edir. Bütün bunlar isə həmin regionlarda gərginliyin artmasına təkan verir. Bununla bağlı tərəfimizdən müvafiq tədbirlərin görülməsi vacibdir”. Qərargah rəisinin bəyanatını dəyərləndirən politoloq Qabil Hüseynli "Şərq”ə açıqlamasında söyləyib ki, baş qərargah rəisi postsovet məkanındakı bütün silahlı toqquşmaların anatomiyasını bilən və yeri gələndə ona təsir göstərmək imkanı olan şəxslərdən biridir: "Baxın, şimal qonşumuzun Dağlıq Qarabağ bölgəsində hərbi bazaları mövcuddur. Moskvanın sözügedən qarşıdurmalara təsir imkanları var. Kreml Ukrayna ilə ciddi savaş aparır və onun planlarında Dnestryanı bölgəyə çıxmaq kimi strateji hədəflər mövcuddur. Rusiya Abxaziya ilə hərbi-siyasi əməkdaşlıq haqqında saziş imzalayıb. Bu səbəbdən zənn edirəm ki, həmin işlərin çoxunda Moskvanın barmağı var. Kreml istəsə, erməniləri susdurar. Münaqişəni daha konstruktiv zəmində həll etmək mümkün ola bilər. Təəssüf ki, Rusiyanın belə bir niyyəti yoxdur. Əvəzində baş qərargah rəisi qıcıqlandırıcı açıqlamalar verir. Bu o deməkdir ki, proseslərə psixoloji səviyyədə təsir göstərməyə çalışırlar”. Rusiyanın Avrasiya İqtisadi Birliyi planına diqqət çəkən ekspert vurğulayıb ki, rəisin söylədiklərini nəzəri mühakimə hesab etmək olmaz: "Kremlin bu istiqamətlərdə kəşfiyyat məlumatları var. V.Gerasimovun fikirləri çox təhlükəlidir. Bunun zərərsizləşdirilməsi yönündə postsovet məkanına daxil olan bütün ölkələr birgə fəaliyyət göstərməyi bacarmalıdırlar”.

Ayyət Əhməd