Qadın zorakılığı ilə bağlı Azərbaycanda "qaynar xətt" yaradılması o qədər də inandırıcı deyil
Ülkər Abdullayeva: "Bu sistem institut şəklində formalaşmalıdır. Hadisə baş verən zaman anında reaksiyalar verilməlidir. Effektsiz olacaqsa, belə xəttin yaradılmasına ehtiyac yoxdur"
Bir çox ölkələrdə qadın zorakılığı ilə bağlı problemlərin zamanında aşkarlanması üçün "qaynar xətt”lər fəaliyyət göstərir. Ailə və qadın problemləri üzrə fəaliyyət göstərən QHT-lər, həmçinin bir sıra ekspertlər belə bir xəttin Azərbaycanda da yaradılmasının vacib olduğunu bildirirlər.
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova belə bir xəttin yaradılmasının zəruri olduğunu deyib: "Belə nömrələri yalnız dövlət qurumları ala bilər. Çünki "qaynar xətt" 3 rəqəmdən ibarət olur”.
"Lakin hansısa bir quruma "qaynar xətt" verilməsi o demək deyil ki, bütün məsuliyyəti onlar daşıyacaq. Həmin qurum problemin həlli üçün şikayəti istiqamətləndirəcək”- deyə Zeynalova bildirib.
Onun sözlərinə görə, bir sıra problemlərin zamanında aradan qaldırılması üçün belə bir xəttin yaradılması vacibdir: "Düşünürəm ki, problemin dərhal müəyyən edilməsi üçün bu "qaynar xətt"ə peşəkar işçiləri cəlb etmək lazımdır. Bu gün ən effektiv fəaliyyət göstərən "qaynar xətt"lərdən biri 102-dir. Bura daxil olan şikayətlərə dərhal reaksiya verilir, müəyyən yardım göstərilir”.
M.Zeynalova bildirib ki, bu gün vətəndaşlar bir çox problemlərə görə 102-yə zəng edirlər:
"Bu səbəbdən, düşünürəm ki, həmin problemləri dinləyəcək "qaynar xətt"in yaradılması həm də 102 xidmətinin yükünü azaltmış olar. Hazırda öncəki illərlə müqayisədə qadınların problemlərini danışmaqla bağlı stereotipləri yoxdur”.
Bəs hazırkı şəraitdə ölkəmizdə belə bir sistemin qurulması mümkündürmü?
Mövzu ilə bağlı fikirlərini "Şərq”lə bölüşən "Qadın Liderliyi” Uğrunda İctimai Birliyin sədri Ülkər Abdullayeva ölkəmizdə qadın zorakılığına qarşı "Qaynar xətt" xidmətin yaradılmasının o qədər də inandırıcı olmadığını deyib:
"Xarici ölkələrdə hüquq-mühafizə orqanları bu işlə birbaşa məşğul olurlar. Dövlət səviyyəsində dəstəklənən "qaynar xətt" layihələri var ki, həmin layihələr çərçivəsində böyük komandalar işləyirlər. Onlar hər zaman zorakılığa məruz qalan qadınların müraciətləri əsasında işləyirlər və kifayət qədər də operativ reaksiyalar verirlər.
Əgər bir qadın ailədə və yaxud küçədə getdiyi yerdə zorakılığa məruz qalırsa, dərhal müəyyən nömrəni yığaraq başına gələnlər barədə məlumat verir. Bu işlə məşğul olan komandalar hadisə yerinə gedirlər və öz işlərini görürlər.
Ölkəmizdə bunu həyata keçirmək üçün sadəcə istək olmalıdır. Hazırkı şəraitdə inanmıram ki, bizdə çevik çalışa bilən bir komanda formalaşdırmaq olar. Amma dövlət səviyyəsində "qaynar xətt" yaradılarsa, zorakılığa məruz qalan qadın istənilən halda başına gələnləri bildirə bilər. Yəni belə bir şəraiti qurmaq bizdə də mümkündür. Sadəcə olaraq bu sistem institut şəklində formalaşmalıdır. Hadisə baş verən zaman anında reaksiyalar verilməlidir. Effektsiz olacaqsa, belə xəttin yaradılmasına ehtiyac yoxdur. Yox əgər effektiv şəkildə işi qurmaq mümkündürsə, belə sistemin ölkəmizdə də yaranmasına ehtiyac var”.
Ülkər Abdullayevanın sözlərinə görə, zorakılıq əleyhinə "qaynar xətt" əslində təcili yardım səviyyəsində təşkil edilməlidir:
"Yəni onun hər yerdə məntəqələri olmalıdır ki, hadisə anında çevik, operativ reaksiya vermək mümkün olsun. Bu da hansısa QHT-nin görə biləcəyi iş deyil. Ya da gərək donorlar tərəfindən böyük məbləğlərdə vəsait ayrılsın ki, QHT işi təşkil eləsin. Onun çox geniş şəbəkəsi, təcrübəli insanlardan ibarət komandası olmalıdır ki, bu işin öhdəsindən gələ bilsin. Bizdə QHT səviyyəsində hələ ki, real deyil. Amma dövlət səviyyəsində qurmaq mümkündür”.
Yeganə Bayramova