“Gərək məhkumun atası bizə müraciət etsin”

“Çalışarıq, hadisə barədə təfərrüatları öyrənək”
Səadət Bənənyarlı: “Belədə bizim həmin məhkumla təkbətək görüşümüzə heç bir maneə olmayacaq”



13 saylı cəzaçəkmə müəssisəsində məhkum Rövşən Əmirovun işgəncəyə məruz qalması ilə bağlı araşdırma aparılmır. Qeyd edək ki, məhkumun atası Qərib Əmirov oğlunun cəzaçəkmə müəssisəsinin nəzarətçiləri tərəfindən döyüldüyünü və işgəncəyə məruz qaldığını mətbuata bildirmişdi.

Atanın dediyinə görə, müəssisənin baş ədliyyə leytenantı, dəstə rəisi Elman Nuriyev və köməkçisi Telman Rəsulov oğlunu döyüb, sonra isə soyunduraraq videoya çəkiblər və tələb olunan pulu verməzsə, bu videonu məhkumlara göstərəcəkləri ilə hədələyiblər.

Hadisə ilə bağlı Penitensiar Xidmət susqunluğunu davam etdirir.

Beynəlxalq İnsan Haqları Cəmiyyətinin sədri, Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin üzvü Səadət Bənənyarlı isə "Şərq”ə açıqlamasında 13 saylı cəzaçəkmə müəssisəsinə səfər etməyi planlaşdırdıqlarını bildirdi:

- Biz ora səfər edə bilərik. Amma konkret hansısa məhkumla görüşmək üçün gərək onun özündən və ya valideynlərindən bizə müraciət olsun. Düzdür, biz hüquq müdafiəçiləri müraciət olmadan da məhkumlarla görüşürük, problemlərini dinləyirik. Amma məhkum Rövşən Əmirovun atası oğluna qarşı işgəncə edildiyini iddia edirsə, yaxşı olar ki, bizə məktubla müraciət etsin. Belədə bizim həmin məhkumla təkbətək görüşümüzə heç bir maneə olmayacaq. Çalışarıq, hadisə barədə təfərrüatları öyrənək.

Məlahət