Əməliyyat masasında ölən model Leyla Oruclunun ailəsi həkimi günahlandırır
Gərəksiz əməliyyat...
Plastik cərrahiyyə daha bir qadının həyatına son qoydu
Əməliyyat masasında ölən model Leyla Oruclunun ailəsi həkimi günahlandırır
Əməliyyat masasında ölən model Leyla Oruclunun ailəsi həkimi günahlandırır
Azərbaycanlı gənc xanım, model Leyla Oruclunun estetik əməliyyatdan sonra ölməsi son günlərin ən çox müzakirə olunan qəmli hadisəsidir, deyə bilərik. Həqiqətən də, gənc, yaraşıqlı bir xanımın dünyadan gərəksiz bir əməliyyat səbəbindən köçməsi, ağrılıdır. Amma nə edəsən ki, ölüm saçan plastik əməliyyatlardan bəzi xanımlar heç cür imtina etmir, hətta bu əməliyyatları həyatlarının vazkeçilməzi sayırlar. Vaz keçmədikləri əməliyyatlarsa, onları həyatlarından vaz keçirir. "Gözəllik qurban tələb edir” deyimini həyatdaykən yaşam prinsipinə çevirənlər, plastik əməliyyatdan öləcəklərini bilsələr, həyatdan ikiəlli nədir, lap dördəlli yapışarlar. Heç nə həyatdan, ömürdən önəmli deyil, heç nə həyatı əvəzləmir. Lakin şəksiz, "qeyb Allaha məxsusdur”. İnsan harda, nə zaman həyatdan köçəcəyini bilməz. Sadəcə, ömrü verən Allah insana beyin, dərrakə, ağıl, düşüncə... adlanan gözlə görünməyən maddi nemətlər də verib ki, düzgün yolu seçsin. Kimisə şeytan seçimində yanıldırsa, yazıq o kəsin halına.
Həkim özünü günahkar bilmədi
Model Leyla Oruclunun ölümü ilə nəticələnən əməliyyatı həkim Siruz Qoçxani icra edib. Hadisə "Zəfəran Hospital”da baş verib.
Siruz Qoçxani açıqlamasında deyib ki, Leyla Oruclu emboliya diaqnozundan dünyasını dəyişib:
"Leyla başqa xəstəxanada analizlər vermişdi. Analizlərdə əməliyyat üçün hər hansı bir qaranlıq məqam qalmamışdı. İyunun 22-də 16:00-da əməliyyata alındı. Əməliyyat saat 18:00-da yekunlaşdı və palataya köçürüldü. Həmin gün axşam saat 19:30 radələrində onun vəziyyəti pisləşdiyi üçün reanimasiyaya köçürüldü. Orada da lazımi tibbi yardım göstərildi. Mən də həmin anda özümü xəstəxanaya çatdırmışam. Leyla 25 iyun tarixində saat 11-də piy emboliyası (piy parçasının damarda tıxac yaratması) diaqnozundan dünyasını dəyişdi”.
Həkim Leylanın əməliyyata girməsinin səbəblərini açıqlayıb: "22 yaşlı Leyla model idi. Buna baxmayaraq onun qarın və bel nahiyəsində piylənmə gedirdi. Bundan narahat idi. Ancaq o, kök deyildi. Bu piylənmə modelliyinə görə ona artıqlıq edirdi. Kompleksinə görə işini müvəqqəti dayandırmışdı. İşinə başlamaq üçün əməliyyatı özünə vacib bilirdi. Mən ona dedim ki, "qızım, bu, sənə lazım olan əməliyyat deyil”. Ancaq mənimlə razılaşmadı. Çox xahiş etdiyi üçün əməliyyatı etməli oldum. O, əməliyyatdan qabaq təəssüflər olsun ki, yaxınları ilə məsləhətləşməyib. Mən də onun yetkinlik yaşını nəzərə alıb bu barədə sorğu-sual aparmamışam. Bu cür xəstələrin 1-3 faizi dünyasını dəyişir. Əməliyyat öncəsi Leyla ilə söhbət aparıb müvafiq sənədləri imzalatmışıq”.
S.Qoçxani deyib ki, ölüm hadisəsi ilə bağlı prokurorluqda izahat verib: "Bütün lazımi sənədlər prokurorluğa təqdim olunub. Hazırda öz işimin başındayam. Qeyd olunan ölüm hadisəsində mənim günahım yoxdur. Bu, cərrahi əməliyyatdır və hər zaman belə hallara hazır olmalıyıq. Təəssüflər olsun ki, Azərbaycan reallığında bu cür hadisələrdə həkimlər günahlandırılır”.
Reyhan Müslümova faciəsi...
Leyla Oruclunun faciəvi sonluğu plastik əməliyyatlar, liposaksiya kimi əməliyyatların təhlükəlilik dərəcəsini bir daha gündəmə gətirib.
Son illərdə plastik əməliyyatlardan dünyasını dəyişən, yaxud, gözəlləşmək istəyi ilə həkimə müraciət edib, əksinə, eybəcərləşən insanlar az deyil.
Liposaksiya əməliyyatı faciəsi Azərbaycanda 10-12 il əvvəl də yaşanmışdı.
Məşhur müğənni Reyhan Müslümova məhz liposaksiya əməliyyatı nəticəsində dünyasını dəyişdi. Məlum olmuşdu ki, xanım müğənni şəkər xəstəsiymiş və orqanizm əməliyyata cavab verməmişdi. O zaman da çoxları mərhum müğənninin hərəkətini qınadı ki, lazımıydımı, bu yaşda əməliyyat etdirmək?! Yəni, mərhum Reyhan xanım artıq gənc deyildi, Azərbaycan tamaşaçısı onu olduğu kimi, göründüyü kimi sevirdi. Nəysə, əcəlmi deyək, yoxsa əcəli tezləşdirməkmi, Reyhan Müslümova bir əməliyyatın qurbanı oldu. Amma bu faciəvi olay başqalarına yenə dərs olmadı. "Həftə səkkiz-mən doqquz” plastik cərrahların qarşısına uzanıb həyatlarını oyun taxtasına qoyanlar azalmır. Amma dediyimiz kimi, onlardan hansınasa "bu əməliyyatdan sağ çıxmayacaqsan” deyilsə, gözəlliyi də, səhnəni də, ulduz həyatını da ömürlərinə qurban edərlər.
Bu yaxınlarda Türkiyədə dodaq əməliyyatı etdirib eybəcər hala düşən Türkiyə vətəndaşı 22 yaşlı Mərvə Kalaşın acı taleyi də göz qabağındadır. Əməliyyatdan öncə normal insan olan Mərvə dodaq inyeksiyası səbəbindən baxılmaz və çəkilməz hala gəlib. Demə, Mərvənin dodaqlarını "cazibədarlaşdırmaq” istəyən həkim - saç ustasıymış!.. İndi də həkim iddia edir ki, zorla kimisə əməliyyat etməyib. Mərvə özü dodaq inyeksiyası etdirmək istəyib. Nəticə yaxşı alınmadığı üçün həkimi, daha doğrusu, saç ustasını günahkar bilir. Eynən Leyla faciəsində həkimin dediyi kimi: "Mən dedim, lazım deyil, özü əməliyyatda israr etdi”. Göz görəsi ölüm, deyərlər buna.
"Liposaksiya yüngül əməliyyat deyil, hətta təhlükəlidir”
Leyla Oruclunun kədərli sonluğu liposaksiya əməliyyatının hansı hallarda ölümə səbəb ola biləcəyi suallarını doğurub. Sağlamolun.az saytında liposaksiya əməliyyatı haqqında maraqlı faktlar yer alıb. "Hazırda liposaksiya bütün dünyada ən populyar estetik əməliyyatlardan biridir. Bu əməliyyat hətta o dərəcədə adiləşib ki, insanlar ona artıq ciddi cərrahi müdaxilə kimi deyil, adi bir kosmetik prosedur kimi baxır. Lakin bu, heç də belə deyil.
Liposaksiya yuxarıda qeyd etdiyimiz kimi, ümumi narkoz altında keçirilən ciddi cərrahi əməliyyatdır. Liposaksiyanın bir neçə növü var - vakuum, ultrasəs və lazer liposaksiyası. Lakin növündən asılı olmayaraq, bu, cərrahi müdaxilədir və onun da müəyyən riskləri var.
Əməliyyatdan əvvəl pasiyentin sağlamlığı diqqətlə qiymətləndirilməli, anamnez yığılmalı, pasiyent lazım olan müayinə və analizlərdən keçməlidir. Bu, əksər ağırlaşmaların qarşısını almağa kömək edir. Təəssüf ki, bəzən bu mərhələ buraxılır.
Arterial hipertenziya (yüksək təzyiq), qan laxtalanması sistemi xəstəlikləri, böyrək, qaraciyər xəstəlikləri və bəzi digər pozulmalar zamanı liposaksiya əməliyyatı keçirilmir.
Əməliyyatdan əvvəl pasiyentin narkoza mümkün olan reaksiyası da nəzərə alınmalıdır.
Piyin miqdarı həddindən artıq çoxdursa, liposaksiya tətbiq edilmir. Bu zaman digər üsullardan istifadə olunur. Piyin miqdarı az olanda da liposaksiyaya ehtiyac yoxdur.
Əgər həkim sizə bütün artıq piyi birdən çıxartmağa söz verirsə, bu, sizdə şübhə yaratmalıdır. Bir əməliyyat zamanı 4-5 litr piy çıxarıla bilər. Bundan artıq olmaz. Bu, ağır nəticələrə (ağır qanaxma və s.) gətirib çıxarda bilər.
Liposaksiyanın ən ciddi riskləri arasında:
- narkozla bağlı olan risklər,
- qanaxma,
- kəskin böyrək çatışmazlığı,
- piy emboliyası (piy iri damara düşüb onu bağlaya bilər ki, nəticədə insan ölə bilər) və s.
Beləliklə, liposaksiya ciddi və kifayət qədər təhlükəli cərrahi müdaxilədir. Bu əməliyyata müraciət etdikdən əvvəl digər əməliyyatsız üsulları sınayın - pəhriz, idman, aparat kosmetologiya və s. Lakin əgər liposaksiya haqqında qəti qərar vermisinizsə, bunu yalnız və yalnız təcrübəli plastik və estetik cərraha etibar edin.
"Həkim o xanımı fikrindən döndərməli idi”
Baş vermiş hadisə ilə bağlı "Şərq”lə fikirlərini bölüşən tibb üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazlı plastik cərrahiyyənin xüsusi bir elm sahəsi olduğunu dedi:
- Mən bu sahənin mütəxəssisi olmadığım üçün konkret hadisə ilə bağlı fikir bildirməyim doğru olmaz. Amma ümumi şəkildə fikir bildirərəm. Biz həkimlər hər zaman insanlarımıza məsləhət görürük ki, zəruri ehtiyac olmadıqca plastik əməliyyatlara getməsinlər. Zəruri ehtiyac nədi? Təbii ki, zəruri ehtiyac deyildikdə, heç bir halda səhnə, efir görünüşü, daha da cazibədar, gözəl görünmək, "müasirliklə” ayaqlaşmaq nəzərdə tutula bilməz. Çünki bəziləri plastik əməliyyatlara hətta dəb xatirinə gedir. Zəruri ehtiyac insanın normal yaşayışını əngəlləyən hallardır. Məsələn, insanda burun çəpəri əyriliyi ola bilər və bu onun nəfəs almasını, gecələr rahat yatmasını çətinləşdirər, dovşan dodaq ola bilər ki, bunun da ümumilikdə orqanizm üçün bəzi fəsadları var. Hədsiz piylənmə ürək-damar problemləri yarada bilər və s. Yəni, orqanizmin normal ritmini pozan hallar yoxdursa, plastik əməliyyatlar, dodaq böyütmə, sinə kiçiltmə və s. bu kimi əməliyyatlar gərəksizdir və təhlükəlidir. Eləcə də gözə linza salmaq. Hər dəfə mütəxəssislər bunun göz üçün ziyanlı olduğunu deyir, lakin insanlar görməzdən gəlir. İstər plastik, istərsə də, hansısa digər əməliyyat olsun, ümumiyyətlə, bütün əməliyyatlarda risk faktoru var. Ona görə də hər bir əməliyyat öncəsi protokol qaydalarına əməl edilməli, xəstəyə əməliyyata razılığa dair sənəd imzaladılmalıdır. Leyla Oruclu faciəsində tromb emboliyasının baş verdiyi deyilir. Tromb emboliyası mümkündür, amma bunun da dərəcəsi bilinməlidir. Yəqin ki, tibbi ekspertizanın nəticələri bəlli olduqdan sonra ölümün nədən baş verdiyi də dəqiq bilinəcək. Əməliyyatlar zamanı bir çox amillər ölümə səbəb ola bilir. Qan laxtalanması, qara ciyərin funksiyasını itirməsi və s. Bu elə bir sahədir ki, düşündükcə dərinə gedirsən. İstənilən əməliyyatda risk faktoru olduğundan əməliyyat öncəsi bir sıra profilaktik tədbirlər görülür. Aşağı ətraflara xüsusi damar corablarının geyindirilməsi də bunlardan biridir. Bunlar xüsusi tibbi corablardır və xəstənin huşu özündə ikən geyindirilir. Bu, damar zədələnməsi və damar tıxanmasının qarşısının alınması məqsədilə edilir. Biz bilmirik, o xanıma belə corablar geyindirilibmi? Geyindirilməyibsə, niyə? Bu səbəbdən də istənilən halda tibbi ekspertizanın cavabını gözləməliyik.
Ş.Namazlı əməliyyatlarda mütəxəssislərə müraciət etməyin xüsusilə vacib olduğunu bildirdi:
- Hər sahənin öz mütəxəssisi var. Ümumi cərrah plastik cərrahiyyə ilə məşğul olmamalıdır. Plastik cərrahiyyə xüsusi bir sahədir və onun öz mütəxəssisləri var. Bu faciəli hadisə xaricdən gələn həkimlər problemini də aktuallaşdırır. Doğrudur, Səhiyyə Nazirliyi artıq bu məsələdə konkret mövqe ortaya qoyub və xarici həkimlərin rəsmi qeydiyyatı tələb olunur. Amma təəssüf ki, bəzən özəl klinikalar xarici ölkələrdən həkimlər dəvət edir, lakin o şəxsin iş təcrübəsi barədə yetərli məlumatlara sahib olmurlar. Yerli həkimlər belədir ki, hamı biri-birini tanıyır. Kiməsə müraciət edəndə də, müsbət və ya mənfi rəy almaq olur. Amma xaricdə çalışmış həkimləri burda heç kim tanımır. Dərəcələrinə də bələd deyillər. Bu da bəzən xoşagəlməz, bədbəxt hadisələrə səbəb olur. Gənc xanımın vəfatı həqiqətən də çox kədərlidir. Hesab edirəm ki, Leyla Oruclunun ölümü ilə biz sağlam və gözəl bir gələcək nəsil yetişdirmək imkanımızı itirmişik.
Məlahət Rzayeva