Gərginlik azaldı

Vaşinqton-Ankara münasibətləri məcrasına düşür



ABŞ və Türkiyə bir-birinə qarşı tətbiq etdikləri sanksiyaları qarşılıqlı ləğv ediblər. Öncə Vaşinqton rahib Endryü Branson işinə görə türkiyəli nazirlərə tətbiq etdiyi sanksiyaları aradan qaldırıb. Daxili işlər naziri Süleyman Soylu və Ədliyyə naziri Əbdülhəmid Gülün adı sanksiya siyahısından çıxarılıb. Bundan sonra Türkiyə Xarici İşlər Nazirliyi də amerikalı iki nazirə tətbiq edilən sanksiyaları götürüb. Xatırladaq ki, Süleyman Soylu və Əbdülhəmid Gülün adları rahib Bransonun Türkiyədə həbsdə olmasına cavab olaraq ABŞ tərəfindən avqust ayında sanksiya tətbiq edilənlər siyahısına salınmışdı. Branson terror təşkilatına yardımda günahkar bilinərək ötən ay barəsində 3 il, 1 ay 15 gün azadlıqdan məhrumedilmə cəzası kəsilib. 

Ancaq həbsdə olduğu müddət nəzərə alınaraq azadlığa buraxılıb. Ekspertlər Ankara və Vaşinqtonun qarşılıqlı addımlarının tərəflər arasındakı münasibəti nisbətən yaxşılaşdıracağını deyirlər. Lakin hesab edilir ki, iki ölkənin Yaxın Şərq və FETÖ kimi məqamlarla bağlı kifayət qədər ciddi anlaşmazlığı mövcuddur.

Tərəflərin yaxınlaşmasını "Şərq”ə şərh edən politoloq Sədrəddin Soltan məşhur ifadəni söyləyib. Ekspert bildirib ki, "siyasətdə əbədi dost yoxdur, əbədi maraq var”. Türkiyənin ABŞ, AB, Rusiya və İranla olan münasibətləri bu prinsipə uyğun inkişaf edir: 

"Təbii ki, zaman-zaman tərəflər arasında ziddiyyətli məqamlar da ortaya çıxır. Belə vəziyyət Türkiyə-ABŞ münasibətlərindən də xali deyil. Sanksiyaların qarşılıqlı olaraq tətbiqi və aradan qaldırılması daha çox Türkiyədəki siyasi hadisələrlə bağlıdır. Bu baxımdan məsələnin müsbət həlli tərəfləri qane edir. Bununla belə tərəflər arasında Türkiyənin siyasi həyatı ilə bağlı həll edilməyən məsələlər az deyil. FETÖ lideri Fətullah Gülənin ölkəsinə təhvil verilməsi, yaxud Rza Zərrabın tutulması kimi məsələlər öz həllinin tapmayıb. Türkiyə ilə ABŞ arasında fikir və fəaliyyət toqquşması Suriya və İraqda baş verən hadisələr fonunda da ziddiyyət təşkil edir. 

Bu baxımdan Türkiyə-ABŞ arasında gərginlik münaqişəyə çevrilə biləcək hal sayıla bilməz. Ancaq Suriya, İraq və İranla bağlı problemlər həll edilməyənə kimi Ankara-Vaşinqton arasında oxşar gərginliklərin yaşanacağı istisna edilmir”. Ekspert xatırladıb ki, ABŞ Suriyada hələ də terrorçu qruplaşmaları müdafiə edir: 

"Rəsmi Ankaranın etirazları fonunda terrorçu qruplaşma Türkiyədə hələ də müxtəlif terror hadisələri törədir. ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar da Vaşinqton-Ankara münasibətlərində əsas xətlərdəndir. Türkiyə və İran qonşu və ortaq problemləri olan iki dövlətdir. Ola bilsin, bu səbəbdən sanksiyalarla bağlı məsələdə Türkiyə də daxil olmaqla 8 ölkənin adını siyahıya daxil etməyib”.

İsmayıl