“Girov torpaqlara tələbat olmalıdır”

Vahid Məhərrəmov: “Bir sıra ölkələrdə üç il müddətində pay torpağı istifadə olunmursa, avtomatik olaraq həmin pay torpağı dövlətin mülkiyyətinə keçir”




Azərbaycanda torpaq bankının yaradılması təklif olunur. Bunda əsas məqsəd kənd təsərrüfatının müxtəlif sahələri ilə məşğul olan fermerlərə sadə şərtlərlə kreditlərin verilməsidir. Bəs bu sistem yaradılarsa, necə işləyəcək? Kənd təsərrüfatı ili olsa da, məhz iqtisadiyyatın bu sahəsində fəaliyyət göstərən fermerlərin əksəriyyəti banklardan asanlıqla kredit ala bilmirlər.

Səbəb isə məbləği nisbətən yüksək olan kreditlər üçün bankların fermerlərdən tələblərinin çox olmasıdır. Çıxış yolu kimi mütəxəssislər dünyanın bir çox ölkəsində tətbiq olunan Torpaq Bankının yaradılmasını təklif edirlər. Dünya təcrübəsində kənd təssərüfatı sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların kreditə əlçatanlığını artırmaq üçün bankları stimullaşdırmaq üsulundan da istifadə edilir, kredit portfelində bu cür kreditlərə çox yer verən banklara müəyyən güzəştlər tətbiq etməklə bu sahədə ciddi canlanma əldə etmək olar.

Kənd təsərrüfatı üzrə iqtisadçı-ekspert Vahid Məhərrəmov isə hesab edir ki, Azərbaycanda torpaqlar kəndlilərə pay şəklində verildiyi üçün günümüzdə torpaq bankların yaradılması və ya mövcud olan hər hansı banklarla bağlı torpaqların girov götürülməsi istiqamətində qanunvericilik bazası yaradılaraq buna şərait yaradılması mümkün deyil: "Bunun üçün ilk növbədə ölkədə torpaq bazarı yaradılmalıdır. Torpaqlardan öz təyinatı üzrə istifadə olunması üçün tələbat olmalıdır. Amma indiki şəraitdə biz bu prosesin şahidi deyilik. Dövlət tərəfindən əkilib-biçilmək üçün verilən pay torpağını istifadəsiz qoyan kifayət qədər kəndli var. Onlardan kimisi kiçik sahələrə çəkilən zəhmətin səmərə vermədiyini, bəziləri də az qazanclı olduğunu əsas gətirərək payına düşən torpağı əkib-becərmir. Kəndlilər pay torpaqlarından tamam başqa məqsədlər üçün istifadə edirlər.

Əkin işləri bir o qədər də faydalı olmadığı üçün pay torpaqlarının alıcıları da aşağı səviyyədədir. Torpaq bankların yaradılması üçün ilk əvvəl girov torpaqlara tələbat olmalıdır. Bir sıra ölkələrdə üç il müddətində pay torpağı istifadə olunmursa, avtomatik olaraq həmin pay torpağı dövlətin mülkiyyətinə keçir. Azərbaycanda da belə bir sistem yaratmaq olar.

Girov torpaqlar banka qoyulanda pay sahibi torpaqdan sərfəli istifadə etmirsə, bank onun torpağını əlindən almalı və digər alıcılara təklif etməlidir.

Amma alıcılar varmı? Məsələ bundan ibarətdir. Ümumiyyətlə, digər ölkələrdən fərqli olaraq bu cür sistemlər özünü doğrultmur. Birincisi, torpaq əraziləri həddindən artıq çox kiçikdir. Digər tərəfdən də kənd yerlərində hər kəs torpaq sahibini tanıyır deyə alıcısı çox olmur. Şəhərdən fərqli olaraq kənd sakinləri biri-birindən halallıq istəyir”.

Şəymən