Elman Məmmədov: “Girovları azad etməyin başqa yolları da var”
Ötən ilin iyul ayında öz doğmalarının qəbrini ziyarətə gedən Dilqəm Əsgərovla Şahbaz Quliyev hələ də erməni işğalçılarının əlindədir. Tək günahı 21 ilin Vətən həsrətini içlərində boğa bilməməkləri olan bu azərbaycanlılar "casusluqda” ittiham edilərək, bir neçə ay bundan əvvəl onlara qarşı qondarma ölkədə saxta məhkəmə düzənləndi və "məhkəmə”nin qərarıyla Dilqəm Əsgərova ömürlük həbs cəzası verildi.
Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edildi. Qeyd edək ki, iki azərbaycanlı öz ərazilərində qanunsuz tutulub. Onlar Azərbaycan ərazisində həbs olunublar, ancaq beynəlxalq ictimaiyyət hələ də susur. İlk vaxtlarda bu məsələ dünya ictimaiyyətinin diqqətinə çatdırılanda,
beynəlxalq təşkilatlar məlumatlandırılanda, girovları geri qaytarmaq kimi fikirlər çox səsləndi. Bu istiqamətdə də müvafiq addımlar atıldı. Həm dövlət, həm də ictimaiyyət səviyyəsində. Nəticə isə göz önündədir. Onu da deyək ki, "hökm”dən sonra girovlarla bağlı məsələ gündəmdən düşüb. Artıq Azərbaycan girovları taleyin ümidinə buraxıb, ya onların Azərbaycana qaytarılması istiqamətində hansısa addımlar atılır?
Əslən Xankəndindən olan sabiq millət vəkili Həvva Məmmədova da deyib ki, Şahbaz Quliyevlə Dilqəm Əsgərovun girovluq məsələsi hər zaman Azərbaycan ictimaiyyətinin və dövlətinin diqqətindədir. Bu məsələ heç vaxt gündəmdən düşməyib, onlar girovluqdan azad olunana qədər də bizim üçün prioritet məsələlərdən biri olacaq: "Öz doğma torpaqlarına, valideynlərinin qəbrini ziyarət etməyə gedən iki günahsız insanın girov götürülməsi və haqlarında ədalətsiz məhkəmə qərarının çıxarılması yolverilməzdir. Onların əlində nə silah tutulub, nə də səfərlərində kəşfiyyat xarakterli faktlar əldə olunub. Onların həbsinin heç bir hüquqi əsası yoxdur. Şahbaz və Dilqəm 20-25 ildən artıq doğmalarının qəbirlərini ziyarət edə bilməyib. Axı, onların nə günahı var? Əzəldən Azərbaycan torpağı olan yerlərə gediblər. Hesab edirəm ki, dünya ictimaiyyəti bu iki şəxsin həbsi ilə bağlı öz sözünü deməlidir. Dağlıq Qarabağ dünyada tanınmamış qurumdur və onların məhkəməsi də qondarmadır. Onların çıxartdığı qərarları da beynəlxalq təşkilatlar, beynəlxalq məhkəmələr tanımayacaq. Bunun üçün də dövlət və ölkə ziyalıları əlindən gələni edirlər. Biz əlimizdən gəldiyi qədər bu məsələni Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlar qarşısında qaldırır, ədalətin bərpasını tələb edirik. Amma bir məsələ var ki, Ermənistan yalnız azərbaycanlılara qarşı deyil, öz vətəndaşlarına qarşı da amansız münasibət sərgiləyir. Əsgər anaları ayağa qalxıb, əsgər ölümlərinə etiraz edir. Kasıb ailələrin övladları hərbi xidmətə cəlb olunaraq, ölümə göndərilir. Belə bir rejimdən girovlarla bağlı ədalətli qərar gözləmək ən azı sadəlövhlük olar. Odur ki, biz öz üzərimizə düşən vəzifəni yerinə yetirməli, bu məsələ ilə bağlı beynəlxalq təşkilatlara durmadan müraciət edib, onların başına açılan oyunları gündəmdə saxlamalıyıq. Ermənistan heç vaxt məkrli niyyətlərindən əl çəkməyəcək. Ermənistan cəzasız qalan dövlətdir. Bu ölkəyə heç BMT-nin 4 qətnaməsi ilə də təsir etmək mümkün olmur. Ona görə də cəzasız qalan Ermənistan dünya üçün problemə çevrilir. Əgər bu gün 2 azərbaycanlı girov götürülübsə, vaxt gələcək başqa ölkələrə də qarşı münasibətləri pisləşəcək. Beynəlxalq təşkilatların ermənilərə qarşı sanksiyalar tətbiq etməsinin vaxtı çoxdan keçib. Hesab edirəm ki, Avropa Məhkəməsi girovlar məsələsinə baxmalı və tezliklə doğru cavab verməlidir”.
Girov götürülən azərbaycanlılardan birinin Rusiya vətəndaşı olduğuna diqqət çəkən sabiq millət vəkili Rusiyanın bu məsələyə biganəliyindən, öz vətəndaşlarına laqeydliyindən də gileylənib: "Təəssüf doğurucudur ki, girovlardan birinin Rusiya vətəndaşı olmasına baxmayaraq, həmin ölkənin məsələyə müdaxiləsini görməmişik. Rusiya öz vətəndaşının hüququnu Ermənistanda qoruya bilməyib. Biz ölkəmiz, həm də dünyada yaşayan azərbaycanlılar adından davamlı şəkildə müraciətlər etməliyik”.
Xocalıdan olan millət vəkili Elman Məmmədov da qeyd edib ki, girovlarımızın azad olunması ilə bağlı məsələ heç vaxt Azərbaycan dövlətinin diqqətindən yayınmayıb: "Beynəlxalq təşkilatlar lap əvvəldən girovlarımızın qaytarılması ilə bağlı ədalətli mövqe nümayiş etdirmədilər və onların laqeydliyi nəticəsində separatçı qurum özünün təlxək oyununu reallaşdıra bildi. Amma tanınmamış separatçı qurumun hüququ da tanınmadığı üçün məhkəmənin bizim üçün heç bir hüquqi əsası yoxdur. Separatçı və qondarma bir qurumun "məhkəməsi” tam səlahiyyətsizdir”. Sivil qaydalar fonunda Azərbaycanın beynəlxalq təşkilatlara müraciət eləməkdən başqa təsir vasitəsi olmadığını vurğulayan E.Məmmədovun sözlərinə görə, Dilqəm Əsgərov və Şahbaz Quliyevi erməni girovluğundan xilas etməyin əsas yollarından biri qarşılıqlı dəyişmədən ibarətdir: "Azərbaycanda erməni girovlar və əsirlər var. Biz də onlar üzərində məhkəmə qurub, qanunsuz əməllərinə görə lazımi cəzanı vermişik. Hesab edirəm ki, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə girovların dəyişdirilməsini həyata keçirmək olar. Təbii ki, girovları azad etməyin başqa yolları da var. Amma bu məsələnin müzakirəsi dövlət rəhbərliyinin və güc strukturlarının səlahiyyətində olduğu üçün konkret variantlar səsləndirmək doğru olmaz. Ancaq onu deyə bilərəm ki, girovların azad olunması dövlətimizin hər an diqqətindədir. Onların azad olunması ilə bağlı lazımi işlər görülür. Ölkə başçısı Ramil Səfərovun ölkəmizə qaytarılmasına necə nailoldusa, Dilqəm Əsgərovla Şahbaz Quliyevi də ermənilərin əlində qoymayacağına əminəm. Biz güc nümayiş etdirməklə erməniləri girovları qaytarmağa məcbur qoya bilərik. Çünki bizim də əlimizdə ermənilərin hərbi əsirləri var. Onsuz da hansı yolla olur-olsun, Azərbaycan dövləti öz girovlarını azad edəcək. Ancaq yaxşı olmazmı ki, bunu insan hüquqları ilə məşğul olan beynəlxalq təşkilatlar etsinlər. Əgər onlar öz missiyasını yerinə yetirərsə, cəmiyyətin beynəlxalq qurumlara etimadı artar”.
Şəymən