Girovları azad etməyin iki yolu var

Beynəlxalq məhkəməyə müraciət və ya burdakı girovlarla dəyişdirmək...




"Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməyin yalnız iki yolu var”. Bunu Xocalının deputatı Elman Məmmədov deyib. Millət vəkili bildirib ki, birinci yol girovların azad edilməsi üçün beynəlxalq qurumlara, məhkəmələrə müraciət edilməsidir. İkinci yol isə erməni hərbiçilərlə girovlarımızın dəyişdirilməsidir.

E.Məmmədovun sözlərinə görə, ermənilər bu hərəkətlərinə görə, beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. Xatırladaq ki, həmsədr ölkələr və bir sıra beynəlxalq qurumlar girovların azadlığı ilə bağlı dəfələrlə çağırış etsələr də, bunun heç bir nəticəsi olmayıb. Əksər ictimaiyyət nümayəndələri də hesab edir ki, girovların azadlığı üçün mütləq beynəlxalq məhkəmə instansiyalarına üz tutulmalıdır. Kəlbəcərli girovların azadlığı ilə bağlı aparılan ümumi işdən danışan "Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova məsələ ilə bağlı "Şərq”in suallarını cavablandırıb.

- Esmira xanım, girovların azadlığı ilə bağlı niyə beynəlxalq məhkəmələrə müraciət edilmir?

- Bilirsiz, bunun öz prosedur qaydaları var. Hansısa məsələdən ötrü Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək yalnız müəyyən etaplarla mümkündür. Proses əvvəlcə ərazi üzrə məhkəmədən başlayır. Daha sonra Apelyasiya Məhkəməsinə və Ali Məhkəməyə müraciət edilir. Bu mərhələləri keçəndən sonra Avropa İnsan Haqları Məhkəməsinə gedilir. Yəni beynəlxalq məhkəməyə birbaşa müraciətin mexanizmi yoxdur.

- Beynəlxalq məhkəmələrə kim müraciət etməlidir, girovlarımız, yoxsa onların ailə üzvləri?

- İndiki şəraitdə beynəlxalq məhkəməyə yalnız girovların ailə üzvləri müraciət edə bilər. Çünki girovlarımızın əl-qolu bağlıdır. Onların beynəlxalq məhkəməyə çıxmaq şansları sıfırdır. Ermənilər buna şərait yaratmır. Bizim ölkədən və ya başqa bir neytral dövlətdən girovlarımızın yanına da heç kim gedə bilmir. Biz ora hüquq müdafiəçisi göndərə bilmirik. Çünki vətəndaşlarımız tanınmamış bir qurum tərəfindən "mühakimə” olunurlar. Əslində bu da ermənilərin bir hiyləsidir. Düşmənlər bilə-bilə girovlarımızı Ermənistanda yox, işğal etdikləri ərazimizdə saxlayırlar. Bu da bizə çətinlik yaradır.

- Siz girovların ailə üzvləri ilə əlaqə saxlayırsızmı? Onlara prosedur qaydalarını izah edirsizmi?

- Mən mütəmadi olaraq girovların ailələri ilə ünsiyyətdə oluram. Ancaq sözün düzü, beynəlxalq məhkəmə ilə bağlı onlarla söhbətim olmayıb. Çünki girovların ailə üzvləri ilə söhbət etmək asan deyil. Bilirsiz, onlarla danışmaq necə ağırdır? Dilqəmlə Şahbazın yaxınları o qədər psixoloji gərginlik içindədirlər ki, hər telefon zəngindən, hər qapı tıqqıltısından böyük həyəcan keçirirlər, xoş xəbər gözləyirlər. Ona görə də onlarla tez-tez əlaqə saxlamaq çətindir. Bəzən jurnalistlər zəng edib girovların ailə üzvlərinin telefon nömrəsini istəyirlər. Ancaq dediyim səbəbə görə, nömrə verməkdən imtina edirəm. Çünki suallar onları daha artıq təsirləndirir.

- Xeyli vaxt keçməsinə baxmayaraq, proseslə bağlı irəliləyiş hiss olunmur. Sizcə, müvafiq dövlət qurumları üzərlərinə düşən öhdəliyi yerinə yetirə bilirmi?

- Şəxsən cənab Prezident İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Ölkə başçısı bütün beynəlxalq tədbirlərdə, xarici dövlət rəhbərləri ilə görüşlərdə girovlarla bağlı məsələni gündəmə gətirir. Eyni zamanda "Qaçqınkom”un sədri Əli Həsənova da təşəkkür edirəm. Əli müəllim vətəndaşlarımız girov götürülən gündən xeyli iş görüb. Bir çox beynəlxalq təşkilatlara ərizələrlə müraciət edib. Bundan artıq nə iş görülə bilər? Daha neyləmək olar? Vallah, məəttəl qalmışam bu işə. Çox təəssüflər olsun ki, görülən işlərin nəticəsi olmur. Bu da ondan irəli gəlir ki, ermənilərin arxasında böyük güclər durur”.

İsmayıl