"Ermənistanda girov saxlanılan vətəndaşlarımız la bağlı kifayət qədər işlər görülüb, ölkə başçısı səviyyəsində bütün daxili və beynəlxalq tədbirlərdə bu məsələ diqqətə çatdırılıb”.
Bunu "Sherg.az”a işğal olunmuş Azərbaycan torpaqlarında ermənilər tərəfindən girov saxlanılan azərbyacanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi ilə bağlı danışarkən Modern.az saytının baş redaktoru, Parlament Jurnalistləri Birliyinin (PJB) sədri Elşad Eyvazlı deyib.
Baş yazarın sözlərinə görə, elə beynəlxalq təşkilat yoxdur ki, məsələdən məlumatlı olmasın:
"Artıq hamı "öz evinə getməlidir”. Düşünürəm ki, hamı Dilqəm və Şahbaz olmalıdır. Yəni dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq ki, öz torpaqlarımıza, öz evimizə getmək istəyirik. Hər birimiz Dilqəm kimi, Şahbaz kimi ata-babalarımızın qəbrini ziyarət etmək istəyirik. Belə çağırışlarla beynəlxalq ictimaiyyətin də diqqətini cəlb edə bilərik. Bu günə qədər bütün lazımi tədbirlər, müraciətlər edilib.
İndiki şəraitdə qan-qadanın olduğu, bəzi müsəlman ölkələrində yüzlərlə, minlərlə insanın qətlə yetirildiyi vaxtda dünyanın diqqətini ancaq onlara təsir etməklə cəlb edə bilərik. Məsələn, bir çarx formasında hansı kütləyə təsir etmək istəyiriksə, onlara çatdıra bilərik. Bunun üçün həmin kütlənin mədəniyyətini, məişətini, tarixini, siyasətini bilən bir nəfərlə məsləhətləşməliyik ki, onlara məsələni çatdıra bilək.
Bir daha bəyan edirəm ki, hamı Dilqəm və Şahbaz olmalıdır”.
Qeyd edək ki, hazırda Dağlıq Qarabağda üç azərbaycanlı saxlanılır.
2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycan vətəndaşı Elnur Hüseynzadə isə bu ilin fevralında Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb. Azərbaycanda isə iki erməni diversant - Arsen Baqdasaryan və Zaver Karapetyan saxlanılır. Arsen Baqdasaryan artıq məhkəmə qarşısına çıxarılıb. O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Aysel Aslan