Gizli reklamlar: Televiziyalarda yayım qaydaları hər addımda pozulur

Kommersiya reklamlarına sosial reklam donu geyindirməyə cəhd edirlər
Hətta ən reytinqli verilişlərdə aparıcılar da, iştirakçılar da reklam şərtlərini pozmamağa çalışırlar



Milli Məclisin dünənki iclasında "Reklam haqqında” qanun qəbul edilib. Qanun layihəsinin müzakirəsi zamanı deputatlar bir sıra təkliflərlə çıxış ediblər. Millət vəkili Azay Quliyev isə çoxlarını narahat edən məsələyə - telekanalların reklam şərtlərini pozduğuna diqqət çəkib. "Mən gizli reklamla bağlı məsələyə diqqət çəkmək istəyirəm.

Bu gün filmlərdə, televiziya verilişlərində tütün məmulatlarının, spirtli içkilərin gizli reklamı gedir” deyən millət vəkili gizli reklama nəzarətin gücləndirilməsini təklif edib. Deputat qeyd edib ki, belə halların qarşısının alınması üçün monitorinqlər aparılmalıdır. Bir müddət öncə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli "Reklam haqqında” qanunun tələblərini pozan telekanallarla bağlı ciddi tədbirlər görüləcəyini bildirmişdi. MTRŞ sədri aparılan monitorinqlərdə yayım qaydalarının pozulması hallarının aşkarlandığı telekanalların cərimə olunduğunu da qeyd etmişdi. Bu pozuntular əsasən reklamlarda səs tempi, filmlərin nümayişi zamanı yaş kateqoriyasının göstərilməməsi ilə bağlı idi. Amma yerli telekanalları, böyük məşəqqət hesabına olsa da, azacıq izləmək kifayət edir ki, yayım qaydalarının da, reklam şərtlərinin də ciddi şəkildə pozulduğu görünsün. "Ürəkgetmələr” və "toy-bayram” üzərində "oturuşmuş” Azərbaycan telekanallarından imtina edib xarici telekanalların daimi izləyicisinə çevrilmiş adamlar bilir ki, istənilən verilişdə hər hansı bir malın üstün keyfiyyətləri sadalanırsa, bu, artıq reklamdır və ekranın bir güncündə mütləq "R” işarəsi görünməlidir. Bir misal; hazırda Türkiyənin TV 8 kanalında yayımlanan "Survivor All Star” layihəsində hər dəfə müxtəlif ödüllərin təqdimatı zamanı "R” işarəsi ekrana gəlir. Artıq dünyaca məşhurlaşmış aparıcı Acun İlıcalı reklam şərtlərini pozmağı ağlından da keçirmir. Çünki qayda-qanunu bilir və onlara sayğılı davranır. Bizimkilər isə bir balaca "məşhurlaşan” kimi qanun-qaydanı çeynəmək yolu tuturlar. "Şərq” qəzeti bir neçə dəfə bu mövzuya toxunub. Ayrı-ayrı telekanallarda dərmandan tutmuş geyimə qədər müxtəlif məhsullar açıq-aşkar reklam edilir, ancaq "R” işarəsini qeyd etmək kimsənin yadına düşmür. Eləcə də, tütün məhsullarının, spirtli içkilərin reklamı gedir və burada da qayda pozuntusuna görə bir kimsə cəzalandırılmır. Milli teleseriallarda da reklam qaydalarının pozulmasının şahidi oluruq. Serial qəhrəmanları içki içir, siqaret tüstülədir, amma qaydalara rəğmən bu epizodlar işarələnmiş verilmir. Örnəyi yenə Türkiyə televiziyalarındandır. Türkiyə televiziyalarında nəinki son dönəm çəkilmiş dizilərdə, hətta 70-ci illərin filmlərinin nümayişi zamanı da siqaret çəkmələr, içki şüşələrinin üzəri xüsusi işarə ilə qapadılır. Obrazların alış-veriş etdikləri məkanlarda belə, şopinqlərin adı yazılmış lövhələrin üzəri qapadılır. Bu, qanunun tələblərinə riayət etməkdir. Bəs bizim telekanallar, nə zaman qanunun aliliyinə hörmət edəcək?

Televiziya mütəxəssisi Zeynal Məmmədli "Şərq”ə açıqlamasında deyib:

- Reklam çarxları ilə bağlı xüsusi qaydalar var və hamı bu qaydalara əməl etməlidir. Reklamın müddəti mütləq göstərilməlidir. Bu, tamaşaçı hüququdur. Tamaşaçı reklamların neçə dəqiqə uzanacağını bilməlidir. MTRŞ isə deyir ki, bu məsələni telekanalların öhdəsinə buraxmışıq.
Elə reklam çarxları var ki, onları yalnız gecə saatlarında efirə vermək olar. Efirdə sosial reklamlara xüsusi vaxt ayrılmalıdır. Hər hansı verilişdə aparıcı öz geyiminə, saç düzümünə görə kiməsə təşəkkür edirsə, ekranın kənarında mütləq "R” işarəsi olmalıdır. Amma bizdə necədir? Aparıcı onu geyindirmiş mağazaya təşəkkür edir, üstəlik, mağazanın ünvanını da göstərir. Amma reklam işarəsi verilmir. Bunlar hamısı əslində vergidən yayınma halıdır. Reklam etməmişəm, vergisini də ödəmirəm. Budur. Reklamların məzmunu da Azərbaycan mühitinə uyğun deyil. Telekanallara reklamlar adətən xarici şirkətlər tərəfindən verilir. Onlar reklam çarxını hansı formatda, hansı məzmunda çəkirsə, o şəkildə də verilməsini tələb edir. Bunların da əksəriyyəti Azərbaycana yad elementlərdən təşkil olunmuş reklam çarxlarıdır. Azərbaycan dilinin istisnasız olaraq tətbiqi ilə bağlı reklam çarxlarının dili də Azərbaycan dilinə tərcümə edilir. Bu isə bəzən mənfi effekt verir. Məsələn, Türkiyə telekanallarında "Pınar” südü ilə bağlı reklam çarxı var. Təbii halında çox gözəldir. Gəl ki, onun Azərbaycan variantı çox pis alınıb. İnsanın qulağını "deşir”. Həm də ona görə ki, bir çox tamaşaçılar artıq bu reklam çarxını orijinalda izləyib. Tamaşaçının yaddaşında o, orijinalda olduğu kimi qalıb. Yaxud, götürək, uşaq bezləri ilə bağlı reklamı. "Ən çox maye içən” uşaq bezini reklam etmək üçün azərbaycansayağı pediatr çəkmək heç də müsbət alınmayıb. Ümumiyyətlə, sosial reklam kommersiya reklamı ilə eyni götürülməməlidir. Sosial reklamda siyasi maraq güdülməməlidir. Və ona məhdudiyyət qoyulmamalıdır. Telekanallar tamaşaçısını itirməmək üçün sosial reklamlara da yer ayırmalıdır. Həm sosial reklamlarla bağlı, həm də sosial məzmunlu verilişlərlə bağlı sahibkarlara güzəştlər tətbiq olunmalıdır ki, onlar bunda maraqlı olsunlar. Onda görəcəksiniz ki, televiziyaların siması necə dəyişəcək. Sponsorluqla reklam qarışdırılmamalıdır. Bu dəqiqə telekanallarda əsas sponsor özəl klinikalardır. Bu, dəhşətdir. Dövlət xəstəxanaları kənarda qalıb. Telekanallar səhiyyənin problemlərini araşdırmaq əvəzinə, özəl klinikaları reklam etməklə məşğuldur. Özəl klinikaların reklamını məhdudlaşdırmaq lazımdır. Pis vərdişlərlə bağlı da məhdudiyyətlər olmalıdır. Audiovizual əsərlər kütləvi tamaşaçı üçün nəzərdə tutulubsa, orada bütün qaydalara əməl olunmalıdır.

Amma bizim telekanallarda bunlara məhəl qoyulmur. Sanki bütün telekanallar mağaza, özəl klinika reklamı xəstəliyinə tutulub. Əslində, bunlar hamısı kommersiya reklamıdır və o, xüsusi işarə ilə fərqləndirilməlidir. Digər ölkələrin TV-lərində biz belə pozuntuları müşahidə etmirik. Proqramın içində nəyinsə təqdimatı edilərsə, onun reklam olduğunu bildirən işarə altında efirə verilir. Türkiyə telekanallarına baxın. İstər hansısa proqram olsun, istər film, reklam xarakterli məlumat gedirsə, mütləq müvafiq işarə altında verilir. Əks halda, cərimələnəcəklərini bilirlər. Hətta aparıcı danışığında hansısa bir obyektin, nəyinsə, lap geyim olsun, saç düzümü, gözəllik salonu olsun, fərq etməz, bir halda ki, üstün cəhətləri vurğulayır, burada reklam işarəsi verilir. Hətta ən reytinqli verilişlərdə də aparıcılar da, iştirakçılar da reklam şərtlərini pozmamağa çalışırlar. Bəzən iştirakçılar geyim aldıqları mağazanın adını belə çəkmirlər. Bizdə isə yayım qaydaları hər addımda pozulur. Kommersiya reklamlarına sosial reklam donu geyindirməyə cəhd edirlər. Bu da sözsüz ki, TV peşəkarlığından uzaqdır və qanuna da ziddir. "Reklam haqqında” qanun artıq qəbul olunubsa, MTRŞ də bu qanuna istinad etməlidir.

Məlahət Rzayeva