Azərbaycanda bu bəla əhalinin sağlamlığına ciddi ziyan vurur
Eyyub Hüseynov təmənnasız işləmək istəyir, deyir real vəziyyəti stolun üzərinə qoya bilər
Respublikada GMO məhsulların satışı qanunla qadağan olundu. Milli Məclisin komitəsi bununla bağlı Cinayət və İnzibati xətalar məcəllələrinə əlavə və dəyişikliklər edib. Azərbaycanda geni dəyişdirilmiş bitkilərin idxalı, ticarəti, istifadə edilərək yeyinti məhsullarının dövriyyəsinə qoşulması qəti qadağan olunur. Bundan sonra GMO məhsulu yetişdirən və satan cinayət məsuliyyəti daşıyacaq.
Komitə sədri Eldar İbrahimov əlavə dəyişikliklər barədə məlumat verərək əvvəlcə Cinayət Məcəlləsinə əlavə edilən 200.2-ci (Genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsi) maddə barədə məlumat verib.
Bildirilib ki, maddənin birinci hissəsinə əsasən, elmi-tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını bilə-bilə idxal etmə, satma - bu əməllər xeyli miqdarda törədildikdə 3 min manatdan 5 min manata qədər cərimə və ya 2 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
İnzibati Xətalar Məcəlləsinə də eyni məzmunda əlavə edilir. Məcəlləyə əlavə edilən 228-2 maddədə bildirilir ki, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının bilə-bilə idxal edilməsinə və ya satılmasına az miqdarda yol verilməsinə görə, inzibati xətanın bilavasitə obyekti olmuş bitkilər, bitki materialları və yeyinti məhsulları müsadirə edilməklə onların dəyərinin 80 faizindən 100 faizinədək miqdarda cərimə edilir. Yeni maddənin qeyd hissəsində isə izah olunur ki, burada "az miqdar” dedikdə min manatadək olan dəyər başa düşülür.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə hesab edir ki, Azərbaycanın dövlət səviyyəsində apardığı siyasət əladır, icra isə sıfırdır: "Çünki qəbul edilən qərarlar kağız üzərindədir. Cin çoxdan şüşədən çıxıb. Azərbaycanda GMO əkinçiliyi var, biomüxtəlifliyə və əhalinin sağlamlığına ciddi zərər dəyir. Bu baxımdan Azərbaycan hökuməti apteklərdəki və klinikalardakı növbələrə, xaricə müalicə dalınca gedən insan axınına baxsınlar və papaqlarını qabaqlarına qoyub fikirləşsinlər”.
Onun sözlərinə görə, bütün aidiyyəti dövlət qurumları, millət vəkilləri respublikada GMO məhsullarının olduğunu təsdiqləsə də, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin "AzSert GMO” laboratoriyasının direktoru Azərbaycanda GMO olmadığını və belə bir tərkibli məhsul müəyyənləşdirmədiklərini söyləyir: "Bu günlərdə keçirilən AMEA-nın İnsan Hüquqları İnstitutunun Avropa İttifaqının maliyyə dəstəyi ilə keçirilən beynəlxalq konfransda da AzStend qeyd etdiyim laboratoriyanın rəhbərliyi isə GMO məhsulunun olmadığını deyir. O zaman niyə cənab prezident GMO-ya qarşı tədbirlərin görülməsi ilə bağlı əhəmiyyətli fərmanlar imzalayır və sərəncamlar verir. Milli Məclis qərarlar qəbul edir. Onda Azərbaycan hökuməti qaranlıq otaqda qara pişik axtarır. Belə hərc-mərclik şəraitində GMO laboratoriyası gözləyirik ki, kim gətirib bizə pul verəcək və ekspertiza aparacağıq. Belə bir fikir təzadlığı şəraitində GMO irəliləyir. Türkiyə və İrandan ölkəmizə GMO məhsulları gətirilir”.
Birlik sədri sonunda əminliklə bildirib ki, respublikadakı GMO ilə bağlı real vəziyyəti, problemi araşdıra bilər: "Azərbaycan dövləti GMO məshulları satılmamasını və markalanmamasını istəyirsə, AİB-yə müstəqil təşkilat kimi sözügedən laboratoriyaya təmənnasız çıxış təşkil etsin. Bundan sonra mən hər şeyi stolun üzərinə qoya bilərəm. Azərbaycanda yeganə şəxsəm ki, bəlkə də GMO-nu hazırlayan alimlə Londonda görüşmüşəm. Amerikanın Mansata şirkətindən imtina edərək çıxmış şəxsdir”.
Vüqar Şahinoğlu