Görməmişlik var, amma...

Əvvəllər lap biabırçılıq idi
Son 1 ildə sanki feysbuka bir az mədəniyyət gəlib


Sosial şəbəkələr demək olar ki, insan həyatının ayrılmaz bir hissəsinə çevrilib. Hazırda insanların
böyük əksəriyyəti gününün böyük hissəsini sosial şəbəkələrə həsr edir. Müasir dövrdə sosial
şəbəkə dedikdə isə ağla daha çox feysbuk (Facebook) gəlir.Buna baxmayaraq hələ də feysbukdan istifadə qaydasını bilməyənlər kifayət qədərdir. 

Bir çox ölkələrdə isə sosial şəbəkələr məhz disskusiya, müzakirə yeridir. Lakin feysbukda müəyyən
xoşagəlməz məqsədlərin də ortaya çıxdığının şahidi olmuşuq. "Biz feysbukdan görməmiş kimi
istifadə edirik”.

 Bu sözləri isə, APA informasiya agentliyinin rəhbəri, jurnalist Nurşən Quliyev
söyləyib. Feysbukda qeyri-ciddi və normal olmayan halların müşahidə edildiyini deyən jurnalist,
insanların bu şəbəkələrdə iç üzünün açıldığını da vurğulayıb: "Media sosial şəbəkələrə uduzur.
Sosial şəbəkələrdən informasiya mənbəyi kimi istifadə etmək ənənəsi bizdə yenidir. Təbii ki,
yenilikləri həmişə hamı eyni formada qəbul etmir. Bizim üçün qeyri-adi sahə olduğuna görə bəzi
media rəhbərləri bunu normal qarşılamırdılar. Ancaq indi bizim qəbul etdiyimiz forma da
düzgün deyil. Sosial şəbəkədə nə varsa, onu dəqiqləşdirmək lazımdır. İndi feysbuk, həm də
insanların iç üzünü açan bir yerə çevrilib. Kimləri ki başqa cür tanıyırdınız, sonra gördünüz ki,
elə deyilmiş. Biz feysbukdan görməmiş kimi istifadə edirik. Hər şeyimizi açıb ora tökürük,
göstəririk ki, biz buyuq. Hamı bizim hər şeyimizi bilir. Adamın səhər yuxudan durub gecə yatana
kimi həyatını feysbukda yayması anormallıqdır”.

Avtosfer.az saytının redaktoru Elməddin Muradlı həmkarının fikirləri ilə müəyyən mənada razı
olduğunu bildirib. Onun sözlərinə görə feysbukdan sərfəli və əhəmiyyətli işlər üçün istifadə
etmək yanlış hal deyil: 

"Sosial şəbəkələr artıq onlayn media ilə bərabər yürüməkdədi. Hətta bəzən onlayn media sosial şəbəkələrdən asılı vəziyyətdə olur. Maraqlı bir informasiya olduqda onu feysbuk vasitəsilə yayırıq. Etiraf etmək lazımdır ki, bütün KİV-lərin, xüsusilə saytların informasiyalarının yayılmasında sosial şəbəkələrin rolu çox böyükdür. Yəni, oxucu hansısa saytı daimi olaraq izləmir, lakin feysbuku müntəzəm müşahidə edir. Yol polisləri ilə bağlı hansısa bir video çəkirik. Videonu sayta qoyduqda gün ərzində cəmi 20 nəfər oxuyur. Amma video feysbukda paylaşıldıqda daha çox izləmə imkanı olur. Bu bir gerçəklikdir ki, indiki dövrdə sosial şəbəkələr saytları üstələyir. Elə insanlar var ki, feysbukdan faydalı olaraq istifadə edir. Amma elələri də var ki, sosial şəbəkələrdən necə faydalanmaq lazımdır bilmirlər. Kifayət qədər tanınmış adamlar var ki, biz onu ziyalı biri kimi tanıyırıq. Lakin o, feysbukdan pis məqsədlər üçün istifadə edir. Mənim üçün feysbuk işimin 30 faizi deməkdir. Mən orda maraqlı xəbərlər tapa bilirəm. Gündəlik 30-40 saytı izləyə bilmirəm, amma ən maraqlı xəbərləri feysbukda
tapıram və faydalı informasiyalar alıram”.

E. Muradlı insanların iç üzünün açılmasında feysbukun müəyyən rol oynadığını da bildirib: 

"Elə insanlar var ki, özünü feysbukda əxlaq mücəssiməsi kimi göstərir. Nurşənin fikirləri ilə müəyyən
mənada razılaşıram. Hər halda o da sosial şəbəkə istifadəçisidir, nələrisə görür və gördüklərini
də dilə gətirir. Xarici ölkə istifadəçilərini də müşahidə edirəm. Dünyanın əksər ölkələrində bir
şəxs normal bir şəklini paylaşıb və görürəm ki, dostları ona maraqlı və pozitiv sözlər yazır.
Bizdə isə elə insanlar var ki, reklam məqsədilə şəkillər paylaşırlar. İnsanlar biri-birinə
xoşagəlməz fikirlər bildirirlər. Feysbukun bir üstünlüyü var ki, insanların mahiyyətini aça bilir.
Yazışmalardan, paylaşdığı informasiyalardan və şəkillərdən bunu anlamaq olur”.

Əməkdar jurnalist Azər Həsrət isə feysbukun Azərbaycan seqmentində çox ciddi və siyasi
məsələlərin müzakirə olunduğunu söyləyir. Aşağı səviyyəli paylaşımlarla çox qarşılaşmadığını
deyən jurnalist sözlərinə belə əlavə edir: 

"Bir çox ölkələrə nisbətən Azərbaycanda bu vəziyyət yaxşıdır. Məsələn, rusdilli sayt olan "odnaklassnik” saytını götürsək, bu sayta girəndə feysbukdakı kimi ciddiyəti görə bilmirəm. Mənasız və qeyri-ciddi auditoriya ilə qarşılaşıram. Biz feysbukdan əyləncə və vaxt öldürmək üçün istifadə etmirik. Ümumiyyətlə, ucuz şouları və digər  məsələləri müzakirə etmirəm. Azərbaycanın həm dövlət maraqları, həm də türk dünyası ilə bağlı paylaşımlar edirəm və müzakirələrdə iştirak edirəm. Mənim ya da çevrəmdə olan adamların arasında demək olar ki, boş söhbətlər edənləri yoxdur. Belələri olsa da, onlarla bağlı öz mövqeyimi müəyyənləşdirib yollarımı ayırıram. Mənim müşahidələrim tam əksini deyir. Kifayət qədər ciddi insanlar, deputatlar, ayrı-ayrı hökumət təşkilatlarının rəhbərləri ilə dostluq edirəm. Bu adamların da 99 faizi çox ciddi söhbətlər və paylaşımlarla məşğuldu. Aşağı səviyyəli və
qeyri-ciddi paylaşımlar şəxsən mənim nəzərimə o qədər də çarpmır”.

Həmkarının fikirləri ilə tamamilə razılaşdığını deyən jurnalist Elşad Məmmədli, həmçinin digər ölkələrdə də "görməmişlik” edildiyini düşünür: 

"Təkcə feysbukdan deyil, ümumiyyətlə bizim əksər insanlarımız bir çox məsələlərdə məsələn, maşın sürəndə, vəzifəyə gələndə, toy edəndə, hətta yas məclisi təşkil edəndə bir növ görməmişlik edir. Amma düşünürəm ki, zamanla bunlar öz həllini tapacaq. Deyək ki, əvvəllər 2009-2015-ci illərdə sosial şəbəkəyə çoxları əylənmək üçün gəlirdi, ciddi insanlar isə qeyri-ciddilərin çoxluğundan şikayət edirdilər. Son 1 ildə sanki feysbuka bir az mədəniyyət gəlib. Yəni tutaq ki, məni bir redaktor olaraq feysbukdan daha çox informasiya məkanı, yaxud da yazılarımızı, fikrimi bölüşmək, sosiallaşmaq, həmçinin özəl olaraq fotoları, tədbirləri dostlar üçün paylaşmaq məqsədilə edirəm. Biri də dostluq göndərir,qəbul edəndən sonra görürsən ki, qeyri-ciddi adamdır. Təbii ki, dərhal dostluqdan çıxarırsan. O da gedir özü ağlında, onunla eyni maraqları bölüşən insanlarla bir çevrə qurub orada "xoşbəxt
olur”. İstənilən yeni bir texnologiyanın tətbiqində əksər ölkələrdə görməmişlik təbii olaraq baş
verir. Yəni, faktiki olaraq insanlar indiyədək bunu görməyiblər, bu səbəbdən görməmişlik
haradasa başadüşüləndir. Bəlkə bizdə bir az ifrat kimi görünür, amma biz tək deyilik. Mən şahidi
oluram ki, feysbukdan "görməmişlik” edənlər sırasında Ukraynada, Rusiyada və digər MDB
ölkələrində, Avropa dövlətlərində yaşayanlar da var. Bunu təkcə özümüzə şamil etmək doğru
deyil. Qarşıdakı illərdə bu görməmişliyin də aradan qalxacağına, hərənin "öz meydanında
oynayacağına” inanıram”.

Yeganə Bayramova