Göz vuran evlər: Aldığımız lampalar heç bir ay getmir
Hətta əhaliyə qənaətcil lampa adı altında saxtaları satılır
Lampaların keyfiyyətsizliyi, çox qısa müddətdə sıradan çıxması barədə mətbuatda mütəmadi olaraq məsələ qaldırılır, insanlar bununla bağlı narazılıqlarını dilə gətirirlər. Amma vəziyyət dəyişmir: alınan lampaların "xidmət” müddəti bəzən bir neçə gün, bəzən də bir neçə ay olur. Nadir hallarda alınan lampalar nəzərdə tutulduğu müddətdə işlək vəziyyətdə qalır. Belə olan halda da isə insanlar maddi ziyana düşürlər. Ay ərzində bir neçə dəfə lampa dəyişməli olurlar. Satılan keyfiyyətsiz məhsullara görə isə heç kim məsuliyyət daşımır.
Halbuki, dünya üzrə bütün lampa istehsalçıları, hətta çinlilər də öz məhsullarına rəsmən zəmanət verirlər. Hətta Rusiya məhsulları olan közərmə lampalarına istehsalçı 3 ay zəmanət verir. Bu haqda məlumat lampaların qutularında yazılıb. Digər lampa növlərinə də bir və ya iki il zəmanət verilir. Başqa sözlə, dünyanın hər yerindən, o cümlədən Azərbaycandan istənilən sifarişçi Çindəki (və ya başqa ölkədəki) satıcıdan (istehsalçıdan) aldığı lampaların zay çıxanını, yaxud zəmanət müddətində xarab olanını yığıb geri göndərə, əvəzində yenisini tələb edə bilər. Azərbaycan bazarına bu məhsulları çıxaranlar və satanlar isə bunu etmirlər. Bəlkə də özlərinə əlavə əziyyət vermək istəmirlər. Buna görə onları sorğu-suala tutan, məsuliyyət tələb edən də yoxdur.
Artıq işıqlandırmada daha çox diodlu - led lampalar geniş tətbiq olunur
Qeyd edək ki, XIX əsrin sonuncu onilliyində ilk olaraq Avropada, daha sonra isə bütün dünyada istifadə edilib. Elektrik işıqlandırılması elm və texnikanın tarixində çox mühüm hadisələrdən biri olmaqla, həm də böyük və müxtəlif nəticələrə gətirib. Lampanın bu formasını Thomas Edison icad edib və bu icad digər icadları qabaqlayaraq bütün dünyaya uğurla yayılıb. Həmin dövrdə iki tip: közərmə və qövs elektrik lampası yaradılmışdı. Onların iş prinsipi Volta qövsünə əsaslanırdı: əgər güclü cərəyan mənbəyinin qütblərinə qoşulmuş iki naqilin əks uclarını bir-birinə toxundurub sonra bir neçə millimetr məsafəyə uzaqlaşdırsaq, bu naqillərin həmin (toxundurulub uzaqlaşdırılan) ucları arasında parlaq işıq saçan alov yaranar. Metal naqillər əvəzinə ucları itilənmiş (iynə şəklinə salınmış) iki kömür çubuq götürüldükdə bu hadisə daha gözəl və daha parlaq olar. Bu çubuqları tətbiq olunan gərginliyin kifayət qədər böyük qiymətlərində onların ucları arasında gözqamaşdırıcı şiddətə malik işıq əmələ gəlir. Onu da deyək ki, süni işıq mənbəyi olan elektrik lampalarının fərqli texnologiyalarla hazırlanan növləri mövcuddur. Ənənəvi lampalar artıq dünyada populyar deyil. Bu tip lampalar ucuz olsa da, yeni texnologiyalı lampalardan 8-10 dəfə artıq enerji işlədir, sərf etdiyi elektrik enerjisinin 95 faizini itirir. Müasir lampaların elektrik cərəyanını itkisiz və az sərf edən bir neçə növü var. Onlardan biri kompakt lüminessentli lampalardır. Bu növ lampalar da son illər bazarda mövqelərini itirməkdədir. Çünki tərkibində zərərli komponentlər var. Artıq işıqlandırmada daha çox diodlu - led lampalar geniş tətbiq olunur. Nisbətən yeni texnologiya əsasında istehsal edilən led lampalar hələ təkmilləşmə mərhələsini keçdiyindən istehlak bazarına çıxarılan məhsulların çeşidi və növü tez-tez dəyişir. Bununla belə, led lampalar sürətlə yayılmaqdadır: həm uzunömürlüdürlər, həm də zərərsiz. Fərqli texnologiyalı və xarakteristikalı hər üç lampa növü Azərbaycan bazarında satılır. Hər növün bahalı seqmentdə - brend məhsulları mövcuddur. Amma məhz baha olduğundan da alıcısı azdır. Hər ailə təkcə lampalara bir neçə yüz manat xərcləməyi özünə rəva bilmir. Bu səbəbdən istehlak bazarında əsasən Çin məhsulları satılır. Hərçənd yeni texnologiyalı lampalar Çin istehsalı olsa da, heç də ucuz deyil. Məsələn, adi közərmə lampası 40-50 qəpik olduğu halda, lüminessentli və led lampaların qiyməti bundan 5-10 dəfə yüksəkdir. Şübhəsiz, insanlar ucuz közərmə lampalarının son nəticədə - enerji sərfində faktura hesabını "şişirdəcəyini” nəzərə alıb qənaət "vəd edən” lampalara daha çox üstünlük verirlər. Bunun başqa bir səbəbi də var: közərmə lampalarının potensial "ömrü” təxminən min saat, lüminessentlilərin 8-12 min saat, ledlərin isə 50 min saata qədərdir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da Azərbaycana müxtəlif ölkələrdən həddindən artıq yararsız lampalar gətirildiyini təsdiqləyib:
"Almaniyadan, Fillandiyadan gətirilir. Xüsusilə Belarusdan bu cür elektrik lampaları gətirilir ki, taxan kimi 8-9 dəqiqəyə yanır. Bundan başqa, ağ rəngli süd lampaları var, 3-4 manata satılır, amma yararsızdır. Əhali qənaətcil lampa adı altında saxta lampa alır. Elektrik lampalar bazarı çirklənib. Çünki gətirilən mallar yararsız çıxır”.
E.Hüseynov lampaların saxta çıxması barədə Azad İstehlakçılar Birliyinə onlarla şikayət daxil olduğunu deyib. Xüsusən də Rusiya istehsalı olan "lisma” markalı elektrik lampaların əksəriyyəti yararsız çıxır: "Elektrik lampalarının tez zamanda sıradan çıxmasını aidiyyəti qurumlar araşdırmalıdır. Dünya ölkələrində elektrik enerjisinin qiyməti artanda qənaətli lampalar adı altında rəngli lampaların satışına başlanıldı. Halbuki satış qiyməti ilə müqayisədə onların qənaətli olmadığını gördük. Hətta keyfiyyət baxımdan da etibarlı deyillər. Onlar da digər lampalar kimi tez zamanda sıradan çıxır. Bəzi hallarda isə deffekt çıxırlar. Xaricə səfərlərimin birində lapma almışdım. Həmin lampa 3 il "blok”da daimi olaraq yandı. Amma bizim mağazalardan alınan lampalar 1 aydan sonra yararsız hala düşür. Hesab edirəm ki, aidiyyəti qurumlar bu məsələni araşdırmalı və satışda olan lampaların standartlara uyğun olub-olmadığını müəyyən etməlidir. Faktiki olaraq, bazarda olan lampalar əhalinin maddi durumu və əsəb sistemi üçün əlverişli deyil”.
Şəymən