Gözdən Əlillər Cəmiyyətində qovğa başlayıb

Üzvlər sədri təşkilatın torpaqlarını və yerlərini satmaqda suçlayır



Dünən Gözdən Əlillər Cəmiyyətinin sədr müavini Kifayət Mürsəliyeva və bir qrup üzvü mətbuat konfransı keçirərək təşkilatın sədri Səmyar Abdullayevin özbaşınalıqları barədə danışıblar. Əvvəlcə cəmiyyətin tarixi və keçdiyi yol barədə danışan K.Mürsəliyeva Səmyar Abdullayevin sədrliyi dövründə təşkilatın bərbad vəziyyətə qaldığını bildirib:

"1931-ci ildən fəaliyyət göstərən Gözdən Əlillər Cəmiyyəti dövlət orqanlarının köməyi və qayğısı nəticəsində 1951-ci ildən öz nizamnaməsi əsasında maddi-texniki bazasını yaradıb. Cəmiyyətin Bakı şəhəri üzrə 5 kombinatı, 2 mədəniyyət evi, gözdən əlillərə kitab yazılması məqsədilə istifadə olunan 1 səsyazma studiyası, musiqi birliyi, mətbəə və eyni zamanda 11 rayon üzrə şöbələr fəaliyyət göstərirdi. Lakin SSRİ dağıldıqdan sonra bazarda cəmiyyətin istehsal etdiyi mallara tələbat olmadığından istehsalat dayandırıldı. Beləliklə, təşkilat iflic vəziyyətə düşdü. Ozamankı rəhbərlik cəmiyyət üzvlərinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün yollar axtarırdı. Mədəniyyət işçisi kimi fəaliyyət göstərdiyim üçün mən də işlər yoluna düşənədək şəhərin mərkəzi küçələrində yerləşən iş sahələrini icarəyə vermək təklifini irəli sürdüm. 2002-ci ildə rəhbərlik dəyişənə qədər işlər bu qayda üzrə gedirdi. Yeni rəhbərin gəlməsi ilə cəmiyyətin qara günləri başladı. Cəmiyyətin sədri Səmyar Abdullayev işbazlardan biridir. Onun ilk satdığı yer 15 nəfər gözdən əlilin maaş aldığı Şıxəli Qurbanov 25 ünvanında yerləşən icarəyə verilmiş mədəniyyət evi oldu. Nizamnaməyə əsasən, cəmiyyətin balansında olan yerlər nə satıla, nə də bağışlana bilər. Belə yerlərdən biri olan, C.Hacıbəyli 40 ünvanında yerləşən mətbəənin yerində Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə gözdən əlillər üçün yaşayış binası tikilməli idi. Əvəzində həmin ünvanda iki 18 mərtəbəli bina ucaldıldı. Amma bizə heç bir mənzil verilmədi”.

Kifayət Mürsəliyevə Səmyar Abdullayevin özbaşınalıqları barədə 2010-cu ildən 2012-ci ilin may ayına qədər müxtəlif dövlət orqanlarına müraciət etdiyini qeyd edib. Onun sözlərinə görə, aidiyyəti dövlət orqanlarında ilk öncə pislənən Səmyar Abdullayev sonradan hansısa yollarla təmiz çıxa bilib: "Bu işlərin hamısı bizim gözümüz önündə baş vermişdi. Bu işlə bağlı Səfər Alışarlının yanında olduq. Söhbət əsnasında bizə bildirdi ki, C.Hacıbəyli 40 ünvanında tikilən binalardan bizə 45 mənzil verilib. Həmin məlumatı Nərimanov rayon prokuroru Fikrət Mahmudov da təsdiqlədi. Lakin heç bir araşdırma aparılmadı. Ədliyyə Nazirliyinə müraciət olundu və nümayəndə kimi bizi qəbul edən Eldəniz Quliyev araşdırma apardı və sonda bildirdi ki, binanın altındakı 1750 kvadratmetrlik sahə sizindir. Bu yaxınlarda həmin ünvanda oldum. O iki bina elə tikilib ki, hərəsinin 4 mərtəbəsi iş, 14 mərtəbəsi isə yaşayış üçün nəzərdə tutulub. Eyni zamanda hər binanın iş üçün nəzərdə tutulmuş 4 mərtəbəsi "Erko” mebel salonu kimi fəaliyyət göstərir. Maraqlıdır, əgər binanın altı bizimdirsə, icarədən gələn vəsait niyə cəmiyyətin hesabına daxil olmur? Verilən 45 mənzil niyə heç bir gözdən əlilə verilməyib? Belə faktlar çoxdur. Harda görünüb ki, cəmiyyətə məxsus torpaqda sədr ev tikib satışa qoysun və ya icarəyə versin?”

Təşkilatın üzvü Sübhan Məmmədov isə nizamnaməyə əsasən bir nəfərin yalnız iki dəfə sədr seçilə bildiyi halda Səmyar Abdullayev buna da məhəl qoymadığını deyib: "O, ölkə Konstitusiyasını əsas götürür. Yəni bu adam təşkilatın nizamnaməsini saymır. Yuxarı qurumların rəhbərlərinə deyir ki, gözdən əlil insanların psixoloji problemləri olur, onların dediklərinə inanmayın. Bəlkə onun hansısa psixoloji problemi var. Amma biz özümüzü əqli baxımdan yüksək səviyyədə hiss edirik. Təsəvvür edin ki, bu adam bizə mənəvi terror etməkdən, üstümüzə başqa damğa yapışdırmaqdan da çəkinmir. Mən illərdir kirayədə yaşayıram və on ildir ev növbəsindəyəm. Amma hələ də ev ala bilməmişəm. Ancaq məndən sonra növbəyə duran insanlar mənzillə təmin olunublar. Hansı əsasla və niyə?”

Aysel Aslan