GRECO Azərbaycana qara yaxır
Ermənipərəst təşkilatların düşünülmüş kampaniyası ölkəmizin inkişafı ilə bağlıdır
Azərbaycan dövləti ölkədə gedən uğurlu inkişaf proseslərinə mane olan hər cür kiçik problemlərin aradan qaldırılması üçün mühüm addımlar atır. Bu istiqamətdə korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Sözügedən fəaliyyətin daha da gücləndirilməsi üçün son illərdə bir sıra mühüm tədbirlər həyata keçirilib, mübarizə metodlarının daha səmərəli olması üçün qanunvericilik bazası gücləndirilib.
Korrupsiyaya qarşı mübarizə üçün Dövlət Proqramı, Fəaliyyət Planı qəbul edilib. Lakin bütün bunlara baxmayaraq, bəzi qərəzli, ermənipərəst beynəlxalq təşkilatlar ikili yanaşmalarından əl çəkməyərək Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqda davam edirlər. Elə korrupsiyaya qarşı olan dövlətlər qrupu - GRECO-nun hesabatını da bu kampaniyanın tərkib hissəsi hesab etmək olar. Qeyd edək ki, bu, GRECO-nun Azərbaycana həsr etdiyi sayca 4-cü hesabatıdır. Maraqlıdır ki, bundan əvvəlki hesabatlarda qurum birmənalı olaraq Azərbaycanda korrupsiya ilə mübarizənin aparılmasını və bu istiqamətdə olan qanunvericiliyi müsbət dəyərləndirib. Ona görə də birdən-birə təşkilatın mövqeyindəki kəskin dönüşün səbəbi qaranlıq qalır. Əksər ictimaiyyət nümayəndəsi bu qərəzli hesabatın Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan təzyiqlərin tərkib hissəsi kimi dəyərləndirirlər. Onların sözlərinə görə, Azərbaycanı əsassız olaraq korrupsiyada ittiham edən Qərb dövlətlərində rüşvət halları sürətlə çoxalmaqdadır. Amma nəyə görəsə, GRECO kimi tərəfli və qeyri-obyektiv təşkilatlar həmin ölkələrdə tüğyan edən korrupsiya faktlarını görməzdən gəlirlər. Bu durum bir daha bəzi beynəlxalq təşkilatların Azərbaycana qarşı olan açıq qərəzinin nümunəsidir.
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib ki, Azərbaycanda korrupsiyaya qarşı həmişə mübarizə olub. Bu mübarizə 1969-cu ildən ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründən başlayıb. Ondan sonrakı dövrlərdə Azərbaycanda bu proses davam etdirilib, korrupsiyaya qarşı mübarizə aparılıb. YAP rəsmisinin sözlərinə görə, Avropa İttifaqının özünün tərkibində komissarların bir çoxu korrupsiyaya görə ya işdən uzaqlaşdırılıb, ya da həbs olunub: "Ən sərt rejim Çin Kommunist Partiyasındadır. Bir neçə il əvvəl Şanxayın merini korrupsiya üstündə güllələdilər. Hətta ən sərt rejimi olan, belə hallara imkan yaratmayan ölkədə də korrupsiya var. Yəni, dünyanın hər yerində korrupsiya var. Bununla yanaşı, mübarizə də var. Söhbət korrupsiyaya qarşı mübarizədən gedir. Azərbaycanda korrupsiyaya qarşı effektli mübarizə aparılır və bundan sonra da aparılacaq”. S.Novruzov deyib ki, GRECO-nun hesabatı ayrı-ayrı öyrədilmiş adamlar və dairələr tərəfindən Azərbaycanın artan nüfuzuna, regionda aparıcı lider dövlət olmasına, ölkədə beynəlxalq tədbirlərin keçirilməsinə görə edilən məsələlərdir: "Amma Azərbaycan öz yolu ilə gedir və bunu da davam etdirəcək”.
Milli Məclisin deputatı Tahir Rzayev də açıqlamasında bildirib ki, korrupsiya halları bütün dünya ölkələrində mövcuddur: "Korrupsiyanın qarşısının alınması üçün ciddi mübarizə aparılırsa, bu, həmin ölkələrin nailiyyətidir. Korrupsiyaya qarşı mübarizə dövlətin siyasətinə çevrilirsə, bu, o dövlətin inkişafıdır, qüdrətlənməsidir, əhalinin dövlətə olan inamıdır”. Deputat hesab edir ki, Prezident İlham Əliyevin birbaşa diqqəti və göstərişi ilə ölkədə korrupsiyaya qarşı ciddi mübarizə aparılır: "Prezident bütün iclaslarda, tədbirlərdə korrupsiyaya, rüşvətxorluğa qarşı çıxış edir, onun qarşısının alınması üçün tədbirlər görür, tapşırıqlar verir. Ölkədə korrupsiyanın qarşısının alınması üçün xüsusi, böyük bir idarə fəaliyyət göstərir. Eləcə də bütün təşkilatlara, vəzifəli şəxslərə korrupsiyaya qarşı mübarizə aparılması ilə bağlı tədbirlər planı hazırlanıb verilib. Bu işlər hazırda da daim davam etdirilir”. T.Rzayevin sözlərinə görə, GRECO kimi beynəlxalq təşkilatlar Azərbaycana qara yaxırlar və bu, məqsədli şəkildə aparılır: "Onlar bir dəfə deyil, ümumiyyətlə uzun müddətdir ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna ziyan vurmaq üçün belə bəyanatlar yayırlar. Amma bunların hamısı əsassızdır”.
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı da bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin önəmli bir xəttidir: "Bununla bağlı qanunvericilikdə ardıcıl olaraq dəyişikliklər edilir, boşluqlar aradan qaldırılır, məmur-vətəndaş münasibətlərinin daha sivil səviyyədə formalaşması üçün konkret addımlar atılır. Bu münasibətlərdə birbaşa təmasların aradan qaldırılması üçün ardıcıl işlər görülür, elektron hökumət yaradılır və s”. F.Ağamalı bildirib ki, bu gün Azərbaycanın "ASAN Xidmət” kimi brendi dünyanın diqqət mərkəzindədir: "Azərbaycan korrupsiyaya qarşı dövlət səviyyəsində mübarizə aparan və bu fəaliyyət nəticəsində konkret nəticələr əldə edən unikal ölkələrdən biridir. Çox təəssüf ki, Azərbaycanın beynəlxalq nüfuzu artdıqca, mövqeyi möhkəmləndikcə, bu cür təşkilatlar ölkəmizə qarşı böhtan kampaniyasını davam etdirirlər. Anti-Azərbaycan mövqeyi tutan qurumlar ayrı-ayrı qüvvələrin əlində bir alətə çevrilib. Ən müxtəlif zamanlarda Azərbaycana qarşı qərəzli mövqe ortalığa qoyulur, reallığı, obyektivliyi əks etdirməyən böhtan kampaniyası ortalığa gətirilir. Lakin Azərbaycan öz yolu ilə gedir. Bu xarakterli bəyanatlar isə Azərbaycanın uğurlarına kölgə salmayacaq”.
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib ki, GRECO Azərbaycanla bağlı artıq neçənci dəfədir ki, bu cür qərəzli hesabatlar yayır: "Budəfəki Azərbaycanda korrupsiyaya qarşı atılan addımlar da müəyyən dərəcədə öz əksini tapıb. Ancaq bəyanatda əks olunan fikirlərlə gəlinən nəticə arasında böyük fərqliliklər və ziddiyətlər var. Hesabatı hazırlayan şəxslərin Azərbaycanla bağlı araşdırmaları xeyli zəif olub. Əgər araşdırmalar düzgün şəkildə aparılsaydı, o zaman hesabatda bu cür qərəzli fikirlər yer almazdı: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı siyasi iradə var və bu istiqamətdə çox uğurlu addımlar atılır. Eyni zamanda nəzərə almaq lazımdır ki, Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planına uyğun olaraq Konstitusiya Araşdırmaları Fondu tərəfindən xüsusi monitorinqlər keçirilir. Artıq bu üç ilin nəticələrinə görə həmin fəaliyyət planının 70 faizi icra olunub. Bu da çox əhəmiyyətli göstəricidir. Hətta bu hesabatın müəlliflərinin özləri də qeyd edirlər ki, Azərbaycanda korrupsiya ilə mübarizə üçün güclü,
etibarlı qanunvericilik bazası mövcuddur. Eyni zamanda korrupsiya ilə mübarizə üçün müəyyən institusional qurumlar da yaradılıb. Bütövlükdə bu faktlar Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində effektli nəticələrin olduğunu sübut edir. Korrupsiyaya qarşı mübarizə idarəsi bu istiqamətdə bir sıra tədbirlər həyata keçirir. Eyni zamanda bu məsələ ilə əlaqədar hətta bir sıra prokurorluq işçilərinin cəzalandırılması ilə bağlı qərarlar da var. Ümumiyyətlə korrupsiyaya qarşı mübarizə hansısa statistik məlumatları müəyyən bəyanatlarda əks etdirməklə göstərilmir. Burada ən önəmli nüans məhz korrupsiya ilə mübarizə sahəsində görülən işlərlə bağlı olmalıdır”. Ə.Nuriyevin sözlərinə görə, bir çox hallarda bəzi beynəlxalq təşkilatlar ikili mövqedən çıxış edirlər: "Belə ki, ölkədə korrupsiya ilə bağlı olaraq məsuliyyətə cəlb olunan şəxsləri cəzalandırmaq üçün atılan addımlar bəzi təşkilatların bəyanatlarında ölkədə təqib və zorakılıq faktı kimi göstərilir. Halbuki bu yöndə görülən tədbirlər məhz korrupsiya ilə mübarizə məqsədilə həyata keçirilir. Mən hesab edirəm ki, bu cür ziddiyətli bəyanatlar fonunda həmin təşkilatlardan hansısa obyektiv və qərəzsiz araşdırma gözləmək düzgün deyil. Mənim düşüncəmə görə, həmin hesabatı hazırlayan şəxslər çox ciddi koordinasiya olunmalıdırlar. Çox təəssüf ki, biz bu hesabatlarda müəyyən ziddiyətlərin şahidi oluruq. Bu ziddiyətlər də həmin hesabatların obyektiv olmaması ilə əlaqədardır”.
İsmayıl