Güllələnən dissident filosof haqqında…
«Şərq»də 22 il əvvəl yazılmış məqalələr kitaba daxil edilib
Nakam bir ömrün tarixi kitab səhifələrinə köçürüldü. «Yarımçıq ömrün akkordları» həyatı vaxtsız və faciəli şəkildə sonlandırılmış filosof Qənbər Əsgərovdan bəhs edir. Kitabın müəllifi isə mərhumun qardaşı mühəndis Ələkbər Əsgərlidir. Əsgərovlar ailəsinin bütün üzvləri savadlı, istedadlıdır, ona görə kitaba mühəndisin müəlliflik etməsi oxucunu təəccübləndirməsin. Müəllifin mərhumun qardaşı olması həm də o mənada təqdirəlayiqdir ki, doğmalar biri-birini yaxşı tanıyır, biri-birinə bələd olur və həyat səhifələrini daha yaxşı vərəqləyə bilirlər. Hadisələrə şahidlik etdikləri üçün.
Ələkbər Əsgərlinin kitabının məhz «Şərq»ə yetişməsininsə özəl tarixçəsi var.
Filosof Qənbər Əsgərov haqqında ilk dəfə mətbuatda «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı yazıb. Sovet illərində Azərbaycan Dövlət Universiteti (hazırkı Bakı Dövlət Universiteti) «dissident» filosofu kimi tanınan Qənbər Əsgərovun faciəli taleyi bir tarixçi-araşdırmaçı və ən əsası – əsl vətəndaş kimi A.Aşırlını maraqlandırıb. Beləliklə, «Şərq»in Qənbər Əsgərovla tanışlığı başlayıb. Bu sətirlərin müəllifi olan mən, «Şərq»də çalışmağa başladığım ilk zamanlarda Akif Aşırlıdan Qənbər Əsgərovun həyatını daha geniş araşdırıb məqalə hazırlamaq tapşırığı aldım. Və Qənbər Əsgərovun acı taleyi təkrar qəzet səhifəsində işıqlandırıldı.
Onun haqqında bizə qardaşı Novruz danışırdı, məktubları təqdim edirdi. İndi öyrəndik ki, Novruz müəllim 2017-ci ilin yanvarında vəfat edib. Allah rəhmət eləsin. Qənbər Əsgərovdan sonra dünyasını dəyişmiş doğmalarının – atası, anası, qardaş və bacılarının ruhlarının qovuşduğuna inanıram.
«Yarımçıq ömrün akkordları» kitabına «Şərq» qəzetinin ötən əsrdə - 1997-ci il iyul saylarında Qənbər Əsgərovla bağlı dərc olunmuş silsilə məqalələr də salınıb. Ələkbər müəllim qardaşının xatirəsinə ithaf etdiyi kitabını «Şərq»ə hörmət əlaməti olaraq redaksiyamıza özü gətirdi. Ələkbər müəllimə təşəkkür edirik, qələmimizə verdiyi dəyərə görə.
Nakam filosof Qənbər Əsgərovu yenidən xatırlamağımız bununla bağlıdır. Allah ruhunu şad etsin, məkanı cənnət olar inşallah. Zatən haqsız yerə öldürülənlər şəhid statusundadır. Şəhidlərsə diridir və Cənnətlə müjdələnənlərdir.
Keçək kitabdakılara…
«Hamımız elə bilirik ki, öldükmü – vəssalam, hər şey bitdi! Elə deyil. Öldükmü – bəzilərimiz dünyanı cismən tərk edir, bəzilərimiz isə cismən yox olsaq da əbədi yaşayırıq. Çoxumuz unuduruq ki, dünya bir deyil, ikidir. Bir var insanların yaşadığı bu cılız, miskin, çirkabla, cinayətlə, rəzalətlə, zəlalətlə dolu müvəqqəti dünya, bir də var, kimin üçünsə daim işıqlı və hüzurlu Cənnətdən, kimin üçünsə daim od-alov içində qovrulacağı əzablı Cəhənnəmdən ibarət Əbədi dünya!..
Bu kitab bu dünyada zəlalət və rəzalət içərisində haqqı yeyilmiş, törətmədiyi cinayətə görə cəzalandırılmış bir insan haqqında haraylar toplusudur. Onu cəzalandıranlar düşündülər ki, dünya yalnız onların hökmünün işlədiyi, fərmanlarının qüvvədə olduğu bu dünyadan ibarətdir. Bilmədilər ki, əməllərinə görə cavab verəcəkləri o dünya var, Haqq-Ədalət divanı var!» Bu sözlər Qənbər Əsgərova ithaf edilmiş kitabın «Ön söz»ünün müəllifi, professor Ədalət Tahirzadəyə məxsusdur. Ə.Tahirzadə Qənbər Əsgərovu qısa, lakin dolğun xarakterizə edib: «Qənbər müəllim mənim və başqa neçələrinin sevimli müəllimi olub. O, açıq sözlü, düşüncəsi işıqlı, cəsarətli, zalımın üzünə zalım olduğunu deməkdən çəkinməyən qürurlu bir insandı. Onun üzərinə insan ölümü kimi ağır şər atdılar və cismən məhv etdilər. «Güclüsənsə haqlısan» fəlsəfəsinə inanan kəslər filosof Qənbər müəllimin «irticanın sadiq körəkləri» adlandırdıqları idi. Onlar sevindilər ki, Sovetlər Birliyinin sonlarına yaxın meydana çıxmaqda olan bir dissidenti məhv etdilər və ölkəni daha bir «yaddüşüncəli»dən qurtardılar. Ancaq yanıldılar. Bilmədilər ki, bu dünyada insan yalnız o vaxt ölür ki, artıq heç kəs onu xatırlamır, yada salmır.
Əlimizdəki bu kitab müəllim Qənbər Əsgərovu daim yaşadacaq, ölümsüz edəcək bir əsərdir. Qardaşı Ələkbər bəy canbir-qanbir doğmasını ədəbi yaşatmaq üçün əlindən gələni edib. Bu, sıradan bir kitab deyil. Qardaşın şərəfinə ucaldılmış möhtəşəm bir abidədir, qardaşın qardaşa verə biləcəyi ən dəyərli hədiyyədir».
Kitabın müəllifi Ələkbər Əsgərli «Keçmişə bir nəzər» başlığı altında nəsilləri, ailələri, bacı-qardaşları haqqında ətraflı məlumat verib, qardaşı Qənbər Əsgərovun tale yoluna işıq salıb. Qənbər müəllimin həyatı, tələbəlik, gənclik illəri, universitetdə çalışdığı zamanlar, sovet irtica rejiminə, ali təhsildəki nöqsanlara qarşı barışmaz olduğunu, universitetin ozamankı rəhbərliyinə necə əks cəbhədə dayandığını və nəhayət, o faciəli günlər barədə xatirələrini yazıb. Oxucu Qənbər müəllimin həbsinin səbəblərini onun həbsxanadan göndərdiyi məktublar vasitəsilə öyrənəcək.
Bir nümunə; 29.12.1976-cı il tarixli məktub: «Novruz salam (Qənbər müəllim qardaşı Novruza yazıb məktubu – red.)! İşlər çox pisdi. Şahid ifadələri hamısı əsassızdı. Ən yaxın adamlar əclaflıq edərək mənə yalandan şahid dururlar. Bilmirəm sonu nə olacaq. Sən nə üçün Firudin müəllimi (Firudin Səməndərov nəzərdə tutulur) görüb məsləhətləşmirsən? Səhhətim çox zəifləyib. Dədəm Zamanovun qəbulunda olsun. Çoxlu-çoxlu ərizələr yazın. Şahidlik edənlərdən ən çoxu Sabirdi. O, yalandan hər şeyi yazır. Mənə hər şey gün kimi aydındır».
01.07.1977-ci il tarixli məktubdan: «Məni döyə-döyə yalandan etiraf yazdırıblar. Məni o qədər incitmişdilər ki, dediklərinin birinə etiraz edəndə dərhal döyməyi davam etdirirdilər. Lap öldürürdülər. Mən də canımı qurtarmaq üçün yazırdım. Məni zəlil günə qoymuşdular, necə ki, indi də qoyublar…»
11.03.1978-ci il tarixli məktub: «Sizə ancaq göz dağı veriblər. Atamı, anamı qoyma fikir çəksin. Taleyin amansız hökmündən çıxmaq olmaz…»
Bütün bu məktublar «Şərq» qəzetinin 19 iyul 1997-ci il tarixli sayındakı məqalədə dərc edilib.
Kitabın sonrakı bölümlərində Qənbər Əsgərov barədə müəllimi, mərhum akademik Fuad Qasımzadə, mərhum professor Azad Nəbiyev və başqa həmkarlarının xatirə yazıları, Q.Əsgərov haqqında müxtəlif vaxtlarda mətbuatda dərc olunmuş məqalələr, müəllim dostlarının ağrılı həyat hekayələri, ziyalıların, elm adamlarının, yazıçı və publisistlərin məqalələri, həmçinin ailə üzvlərindən bəzilərinin, yaxın qohumlarının Q.Əsgərov barədə ürək sözləri yer alır.
Məlahət Rzayeva