Gündəlik mübarizə...

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi
Azərbaycanı xaricdə təmsil etmək, onun gucünə güc qatmaq hər bir həmvətəndaşımızın başlıca həyat amalı, vicdan borcu olmalıdır. Yaşadığımız coğrafiyanın divarlarından o tərəfdə dişini qıcamış, hər fürsətdə bizi yolumuzdan döndərmək üçün öz siyasi dəst-xəttini tez-tez dəyişən qüvvələr aramsız boy göstərməkdədir. Bu bəd niyyətlərin qarşısında biz milli birliyimizlə, təhsilimizlə, intellektimizin gücü ilə duruş gətirə bilərik. Fəqət buna imkanlarımız, dövlətin dəstəyi, genlərimizdən gələn mübariz ovqatımız da var.
Diaspora işi uzunmüddətli və bitməyən bir prosesdir. Bu proses mütəmadi olaraq hərəkətdə olmalı, inkişaf etməlidir. Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında cənab Prezident İlham Əliyevin ortaya qoyduğu konsepsiya, proqram, hədəflərin müəyyənləşdirilməsi bu yolda bizim üçün güclü silahdır.
Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından danışan Prezident bildirir ki, qurum yaradılandan sonra diaspor təşkilatlarının yaranması sürətlənib, hazırda 462 diaspor təşkilatı fəaliyyət göstərir: "Kəmiyyət və keyfiyyət baxımından diaspor təşkilatlarımız böyük yol keçib, önəmli rol oynamaqdadır. Bu gün dünyanın müxtəlif yerlərində istənilən tədbiri keçirə, Azərbaycan reallıqları ilə dünya ictimaiyyətini geniş tanış edə bilərik”.
Ölkə rəhbəri dünyada yaşayan azərbaycanlıların tarixi Vətənləri ilə əlaqələrini kəsməsini istəmədiyini xüsusu intonasiya ilə deyir: "Bu halda Azərbaycan dövləti onlara daha çox dəstək verəcək. Xaricdə milyonlarla azərbaycanlı yaşayır. Mən istəyirəm ki, azərbaycanlılar yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha fəal rol oynasınlar. Yetişən gənclər də Azərbaycanla bağlı olmalı, dilimizi bilməlidir. Xaricdə həftəsonu 160-dan çox Azərbaycan məktəbləri fəaliyyət göstərir. Diaspor təşkilatları arasında koordinasiya işi aparılmalıdır”.
"Xarici mediaya çıxışımız yaxşı vəziyyətdə deyil”
Bəzi hallarda diaspor təşkilatları bir-biri ilə aramsız rəqabət aparır və bəzən bu rəqabət sağlam əsaslara malik olmur. Bunu dövlət başçısı da bilir: "Bu rəqabət sağlam olmalıdır, bizim gücümüz birlikdədir. Xaricdə fəaliyyət göstərən diaspor təşkilatları birləşməli və bir nöqtəyə vurmalıdır. Belə olanda ictimaiyyətin onlara hörməti də artacaq...
İstəyirik ki, xaricdəki azərbaycanlılar yüksək mövqedə olsunlar, yerli qanunverici orqanlarda azərbaycanlıların sayı çoxalsın. Əfsuslar ki, xaricdə azərbaycanlılar icra və qanunvericilik orqanlarında kifayət qədər təmsil olunmurlar. Azərbaycan dövləti bu işə müdaxilə edə bilməz, diaspor təşkilatlarımız bunu özləri etməlidirlər. Xarici ölkələrdə diaspor təşkilatları arasında koordinasiya, əlaqə varsa, bu məqsədə çatmaq üçün asan yollar müəyyən ediləcək”.
Prezident qeyd edir ki, diasporumuzun xarici media orqanları ilə əlaqələri yaxşı təşkil olunmayıb: "Xarici mediaya çıxışımız yaxşı vəziyyətdə deyil. Bu vəzifə də diasporumuzun üzərinə düşür, buna dövlət müdaxilə edə bilməz”.
Təşkilatlanma diaspor fəaliyyətində əsas məsələdir
Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında səslənən problemlər bizi bir daha düşünməyə vadar edir. Prezident uğurlarımızı göstərir, eyni zamanda görüləsi işlərin planlarını cızır, Azərbaycanın daha güclü olmasının yollarını göstərir və hər bir azərbaycanlını ayıq olmağa səsləyir.
Azərbaycan diasporunun indiki durumunu, üzləşdiyi çətinliklər, birliyə mane olan amillərlə bağlı Almaniyanın Berlin şəhərində yaşayan Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samira Patzer-İsmayılova ilə həmsöhbət olduq.
O, söhbətində diasporanın inkişaf yollarına nəzər salır və çətinlikləri, qarşıda duran vəzifələri sadalayır:
"Bəllidir ki, diaspor əsasən iki müstəvidə fəaliyyətdədir: irsi mənsubiyyətin saxlanılması və ölkəyə tam inteqrasiya olmaq. Diaspor fəaliyyətinin növbəti mərhələsi - lobbiçilik - məhz inteqrasiyanın daha kamil forması - siyasi inteqrasiya vasitəsilə ilə mümkündür. Biz həm öz köklərimizi, mədəniyyətimizi qorumalı, eyni zamanda da yaşadığımız ölkənin həyatına inteqrə edərək, mənşə ölkənin - vətənimiz Azərbaycanın - maraqlarını cəmiyyətdə təmsil edə bilərik”.
S.İsmayılova ümumilikdə Azərbaycan diaspor fəaliyyətini müvəffəqiyyətli hesab edir: Bu gün Almaniya üzrə 50-yə qədər Azərbaycan cəmiyyəti var və onlar əsasən böyük şəhərlərdə fəaliyyətdədrilər. Necə ki, 25 yaşlı gənc dövlətimiz qısa zamanda yüksək nailiyyətlər əldə edib, eləcə də gənc diasporumuz da bu illərdə çox fəallaşıb. Məsələn, Berlin, Bilifeld, Maqdebirq, Drezden, Hannover, Nürnberq, Ştutqart, Göttingen, Köln, Maynz, Frankfurt, Yena, Kil şəhərlərində çox dəyərli fəaliyyəti olan cəmiyyətlərimiz az deyil.
Yeni təbliğat yolları araşdırılır
Təşkilat rəhbəri cox maraqlı məqama toxunur. Məlum olur ki, diaspora fəaliyyəti artıq bəsit formadan - yəni bizim milli bayramlarımızı qeyd etmək, öz aramızda adət-ənənəmizi qorumaq xarakterindən kənara çıxaraq, artıq alman ictimaiyyətinin də cəlb edilməsi ilə keçirilən yeni səviyyədə olan fəaliyyətləri əhatə edir. Məsələn, akademik müraciət və etirazların hazırlanması, Almaniyanın dövlət və qeyri-dövlət qurumları ilə əməkdaşlıq, nümayiş aksiyaları və s. kimi xüsusiyyətli yeni təbliğat yolları araşdırılır: "Bir çox şəhərlərdə bələdiyyələrlə əməkdaşlıq var və azərbaycanlılar hətta Şəhər İnteqrasiya Şuralarının üzvləridir. Əlbəttə, belə təşəbbüslər daha çox ola bilər. Bunun üçün xaricdə yaşayan həmvətənlərimiz daha cəsarətli və işgüzar olmalı, öz "azlıq " hüquqlarını bilməli, ölkədə sosial cəhətdən savadlı və bilgili təbəqəyə məxsus olmalıdır.
Azərbaycan diasporu həm ikili standartlara qarşı, həm də qərəzli münasibətlə gündəlik mübarizədədir
Diaspor hərəkatının inkişafı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox əhəmiyyətilidir.
Son illər ərzində Azərbaycan həqiqətlərinə qarşı əvvəlki sükut pozulub, erməni iftiraları şübhə altına alınmış, Dağlıq Qarabağ və Xocalı faciəsinə dair Azərbaycan mövqeyinə də yol açılıb. Son on beş il ərzində Azərbaycan Dağlıq Qarabağ məsələsinə dair də dünya ictimaiyyətinin fikrini Azərbaycana tərəf tam olmasa da, müsbət dərəcəyə qədər dəyişə bilib. Məlumdur ki, Azərbaycan diasporu gündəlik fəaliyyətində erməni təxribatı ilə və bəzi Avropa dövlətlərinin ikili standartları ilə üzləşir. Etiraf edim ki, bir diaspor kimi biz hələ, necə deyərlər, "əks təbliğatla” da məşğuluq - yəni illərlə ermənilərin yaydıqları yalan və iftiralara qarşı mübarizə aparırıq. Azərbaycanın müstəqil suveren siyasət yeritməsi, iqtisadi cəhətdən müvəffəqiyyətli inkişafı ilə əlaqədar, dünya ictimaiyyətində nüfuzu artır, amma eyni zamanda ona "siyasi qüvvələr” tərəfindən təzyiqlər də edilir. Azərbaycan diasporu ikili standartlara qarşı, həm də qərəzli münasibətlə gündəlik mübarizədədir. Bu aspektlər də diaspor fəaliyyətində öz əksini tapır və bizi daha da səfərbər olmağa çağırır, effektiv strategiya ilə işləməyə sövq edir.
S.İsmayılova vurğulayır ki, görüləsi işlər hələ çoxdur. Bu yolda davamlılıq, mütəmadilik saxlanılarsa, sözsüz ki, diaspor işi ildən-ilə yeni və daha keyfiyyətli nailiyyətlər əldə edəcəkdir. Sevindirici haldır ki, son illərdə Azərbaycan dövlət qurumları da diaspor faktorunu nəzərə alırlar. Xüsusilə Diasporla iş üzrə Dövlət Komitəsi Azərbaycan diasporu fəaliyyətinə böyük dəstək verir, ölkədəki səfirliklər diaspor fəaliyyətinə diqqətlə yanaşır.
Azərbaycanlı gənclər məhz almanların üslubuna uyğun ünsürlərdən daha çox istifadə edirlər
Almaniyada təhsil alan azərbaycanlı tələbələrin fəalliyətinə gəldikdə, Samira xanım əminliklə qeyd edir ki, bu fəallıq hiss olunur və təqdirəlayiqdir. Belə ki, Almaniyanın müxtəlif şəhərlərində təhsil alan gənclərimizin təşəbbüsü ilə Azərbaycanı təqdim edən, Azərbaycan həqiqətlərindən bəhs edən mütəmadi tədbirlər və görüşlər keçirilir. Burada gənclər məhz almanların üslubuna uyğun ünsürlərdən daha çox istifadə edirlər. Məsələn, flashmoblar, virtual məkandaki imkanlar, tədris ocaqları ilə əməkdaşlıq diaspor fəaliyyətinə tələbələrin verdiyi töhfələrdir. Berlində ASN-Azərbaycan Tələbə Şəbəkəsi çox geniş və məqsədyönlü iş aparır. Bundan başqa Kil şəhərində Almaniyadakı azərbaycanlı tələbə və elmi işçilər birliyi (VASW), Köln şəhərində "Kaspi” Tələbələr Cəmiyyəti, Yena şəhərində Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyası, Boxumda Azərbaycan Akademiklər Cəmiyyəti və s. cəmiyyətlər fəaliyyət göstərir.
Həmvətənlərimiz alman partiyalarına üzv olurlar
Azərbaycan xalqının tarixi qədim olsa da, onun müasir dövrdəki Avropada məskunlaşma tarixi gəncdir. Mühacirət özü-özlüyündə sadə bir proses deyil. İnsanlar məskunlaşdığı ölkənin həyat tərzi, qanunvericiliyi, mentaliteti ilə tanış olmalı, ölkəyə inteqrasiya etməli - dili mükəmməl öyrənməli və bir işin sahibi olmalıdır ki, siyasi inteqrasiyaya keçsin. Yəni cəmiyyətə o dərəcədə inteqrasiya etsin ki, idarəedici orqanlarda mövqe tuta bilsin. Buna zaman və zəhmət lazımdır. Cənab Prezident bu məqamı çox uzaqgörənliklə lazımi məqamda qeyd etdi. Azərbaycan diasporu nümayəndələri indi o püxtələşməyə gəlmişlər ki, artıq öz fəaliyyətlərini bu istiqamətə yönəldə bilərlər. Bu sahədə artıq ilk addımlar da var, bizim həmvətənlərimiz həm bələdiyyələrdə xaricilər şuralarında təmsil olunurlar, həm alman partiyalarına üzv olurlar, rəsmi idarələrdə də çalışırlar. Yalnız məsələ odur ki, bu hallar daha çoxsaylı olmalıdır. Ümid edək ki, tezliklə mühacirətdə böyüyən nəsillər artıq "mühacir” mentallığından çıxaraq, Azərbaycan vətənpərvərliyini saxlayaraq, yaşadıqları ölkələrin parlamentlərində əyləşəcəklər.
Xarici media ilə əlaqə böyük professionallıq və maddi dəstək tələb edir
Kütləvi informasiya vasitələri ilə həqiqətən də davamlı, keyfiyyətli və mütəmadi iş aparılmalıdır. Bu bizim fəaliyyət "zənçirində” zəif "halqamızdır”. Etiraf edim ki, mürəkkəb işdir və həm səbr, həm inadkarlıq, həm də maddi-mənvi və savad bazası tələb edir. Həqiqətən bu iş dövlət qurumları, rəsmi orqanlar vasitəsilə yox, "xalq diplomatiyası” yolu ilə baş verərsə, daha effektiv olar. Amma eyni zamanda KİV - şəbəkəsinə müdaxilə etmək, jurnalistlərlə mütəmadi əlaqə yaratmaq - bu fəaliyyətlər əlbəttə böyük professionallıq və maddi dəstək tələb edir. Bunun üçün ölkələrdə savadlı, bilikli mütəxəssilər və hərtərəfli müasir texnika ilə yaxşı təchiz edilmiş bürolar lazımdır.
Hər bir azərbaycanlı vətəninə gəldikdə daha bir əcnəbi dostunu gətirərsə - bu lap yaxşı olardı
Həqiqətən dövlət başçısı gözəl bir təklif verdi. Xüsusilə də ailələrdə böyüyən gənc nəsil üçün. Əgər azərbaycanlılar hər il öz ailələri ilə Azərbaycana gələrlərsə, həm ölkə üçün, həm ailələrdəki uşaq və gənclər üçün savab iş görərlər. Diasporda doğulan azərbaycanlı nəsil üçün Vətəni görmək çox mühümdür. Turizmin inkişafı üçünsə, hər gəldikdə daha bir əcnəbi dostu gətirmək - bu lap yaxşı olardı. Belə addımlarla Azərbaycana gəlmək həvəsi dünyada artardı. Əlbəttə, eyni zamanda bu mövzuda Mədəniyyət və Turizm Nazirliyi də maraqlı səyahət proqramları, cazibədar reklamlar və hər bir qonaq səviyyəsi üçün təkliflər proqramını işləməlidir.
Diaspora fəaliyyəti - CANLI bir prosesdir - çünki insanlarla, fərdlərlə, şəxsiyyətlərlə işləmək deməkdir. Bu proses müəyyən bazis sütunlara əsaslansa da, zamanın tələbinə uyğun olaraq, dəyişilən siyasi və iqtisadi kontekstlərə müvafiq edilməlidir. Mən əminəm ki, diasporamız yeni mərhələləri də fəth etmək iqtidarındadır.
Yusif Yusubov
Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul Milli Mətbuat Günü münasibətilə elan etdiyi müsabiqəyə təqdim olunur.