O qədər gürcü dilini bilən azərbaycanlılar var ki...Sadəcə soydaşlarımız daha çox təbliğat üçün yada düşürlər
Ötən günlərdə azərbaycanlıların kompakt yaşadığı Marneulidə "Gənc vəkillər” Assosiasiyasının təşkilatçılığı ilə Etnik Azlıqların Forumu keçirilib. Məlumata görə, tədbirdə çıxış edən Gürcüstanın ədliyyə naziri Tea Tsulukiani bu ölkənin Gürcüstanın Avropa seçimi və perspektivləri, həmçinin dövlət dilinin öyrənilməsinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, dövlət dilini mükəmməl öyrənən etnik azlıqların nümayəndələri nazir, nazir müavini, deputat və qubernator seçilə bilərlər:
"Gürcüstan hökumətinin məqsədi odur ki, Marneulidə yaşayan gənc nəsil 20-25 il bundan əvvəlki nəsil olmasın. Mənim üçün çox vacibdir ki, yeni nəsil dövlət dili ilə danışmağı öyrənsin. Bu, o demək deyil ki, onlar ata-anaları, baba və nənələri ilə danışdıqları ana dillərini itirsinlər. Xeyr, belə olmaz. Hər bir dil insan üçün var-dövlətdir. Ana dilini itirmək olmaz, lakin dövlət dili ilə hamı danışmalıdır, çünki bu, gələcəkdə karyera qazanmaq, siyasət sahəsində uğur əldə etmək, sadəcə olaraq, işləmək və perspektiv üçün çox vacibdir. Arzu edərdim ki, bütün gənclər gürcü dilini, Gürcüstan tarixini öyrənsinlər, qanunları bilsinlər. Ona görə ki, bir gün onlar bu dövlətin idarə olunmasında iştirak edəcəklər, çünki onlar Gürcüstanın övladlarıdır. Biz hamımız bu ölkənin tamhüquqlu vətəndaşlarıyıq”.
Nazirin açıqlamasına münasibət bildirən "Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli "Şərq”ə deyib ki, Gürcüstanın elə əraziləri var ki, etnik Azərbaycan türkləri məktəbdə gürcü dilində imtahan verirlər və gürcü dilini gürcülərdən az bilmirlər: "20-30 min soydaşımızın milli məktəbləri yoxdur. Gürcü təhsili alırlar. Əfsuslar olsun ki, onların içərisində Gürcüstanın aktiv idaretmə sistemində çalışanı yoxdur. Sadəcə soydaşlarımız daha çox təbliğat üçün yada düşürlər. Gürcüstanda Azərbaycan icmasının formalaşması, onun Gürcüstan siyasətində daha dolğun iştirakı rəsmi və yaxud qeyri-rəsmi formada yasaq altındadır. Bu məsələlər onların Milli Təhlükəsizlik Konsepsiyasında əks olunub. Ancaq gizli saxlanılır. Lakin mən bunu bilirəm və hətta sübut üçün əsaslarım da mövcuddur”.
Z.Məmmədlinin sözlərinə görə, dil bilən soydaşlarımızın yüksək vəzifələrə çəkilməsini əyani şəkildə sübut etmək lazımdır: "Baxın, zaman-zaman bütün hakimiyyətlər vədlər verdilər ki, torpaq problemlərini həll edəcəyik. İndiki hakimiyyət də söz verdi ki, buraxılmış xətalar aradan qaldırılacaq. Toponimlər bərpa ediləcək. Borçalı türklərinin əlindən alınmış torpaqlar özlərinə qaytarılacaq. Və sizdən nazir səviyyəsində insanlar təyin edəcəyik. Amma sözlərinin üstündə durmadılar. İndiki iqtidar sabiq prezident Mixail Saakaşvilinin dönəmində gətirilmiş kadrların yerini dəyişiblər. Mahiyyət etibarı ilə heç nə dəyişməyib. İndi isə milli məktəblərin bağlanması və yaxud gürcüləşməsi konsepsiyasını həyata keçirirlər”.
Z.Məmmədli onu da diqətə çatdırıb ki, gürcü dilinin öyrənilməsini təşviq edənlərdən biri olub: "Bu gün də "Borçalı” Cəmiyyətinin hazırladığı konsepsiyada gürcü dilinin öyrənilməsi məsələsi yer alır. Ancaq bu ölkənin ədliyyə naziri spekulyativ gedişlər etməli deyil, verdikləri sözləri yerinə yetirməlidilər. Gürcüstanın yüksəlişinə xidmət göstərən bir layihənin qabağını kəsirlərsə, Z.Məmmədlini boya-başa çatdığı obaya buraxmırlarsa, bu, Borçalı türklərinə təsirsiz ötüşməyəcək. Onlar emosiya, hiss və davranışları ilə əks reaksiya verirlər”.
Saakaşvilinin dövründə Gürcüstanın ali təhsil məktəblərində 1500-ə yaxın soydaşımız oxuyurdu: "Onlar təhsillərini bu il başa vururlar. İçərilərində hüquqşünas, həkim və iqtisadçılar var. Zəhmət çəkib, o kadrları işlə təmin etsin. Onların gürcü dilini yazmaq və oxumaq problemi yoxdur. Bax, onlara yer ver ki, mən də deyim sözünün ağasısan. Yoxsa, ritorik formada zaman-zaman soydaşlarımızdan təbliğat kimi istifadə etmək düzgün deyil. Artıq XXI əsrdir. Bu cür metodlarla insanları yuxuya vermək olmaz”.
Ayyət Əhməd