Gürcüstan asanlıqla heç kimə torpaq verməz

“Bu da qanunla qadağan edilmədiyi üçün kimsə mane ola bilməz”
“Elə kəndlər var ki, orada ermənilərlə azərbaycanlılar birlikdə yaşayır, onların uşaqları eyni məktəbə gedir”

"Sadəcə, erməni iş adamları sözügedən bölgələri pulla satın alırlar”

Ermənilər Gürcüstanda azərbaycanlılar yaşayan əraziləri zəbt ediblər. Gürcüstanın qədim Hucabi monastrı da düşmənin nəzarəti altına keçib. "Kavkazplus” saytının məluatına görə, gürcü torpaqlarının ələ keçirilməsi yaxın zamanda iki ölkə arasında ciddi qarşıdurmaya səbəb ola bilər.

Sayt yazıb ki, Hucabi monastrı Gürcü Pravoslav kilsəsinin ən böyük ziyarətgahlarından biridir: "Ziyarətgah artıq Ermənistan tərəfindən zəbt edilib. Bu gün Hucabi monastrı faciəli vəziyyətdədir və məhv olmaq təhlükəsi ilə üzləşib. Ən dəhşətlisi isə odur ki, sırtıq ermənilər sərhədlərin indiki delimitasiyası üzrə tutduqları əraziləri qanuniləşdirə bilərlər”.

Məqalədə vuğulanıb ki, 1987-ci ildə Hucabi monastrı Gürcüstan SSR-nin azərbaycanlılar yaşayan Marneuli rayonunun inzibati ərazisinə daxil idi: "Buna sənədlər şahidlik edir. Ensiklopediyada Hucabi monastrı Gürcüstanın ərazisi olaraq qeyd olunur. Görünür, Qarabağın işğalına qədər ermənilər ilk olaraq qonşu Gürcüstanın torpaqlarını işğal ediblər”. Sayt əlavə edib ki, SSRİ dağılandan sonra Ermənistan sərhədi təxminən 500 metr irəli çəkib. Gürcü mediasının hazırladığı video-reportajda monastr ətrafındakı kəndlərdə yaşayan azərbaycanlılar erməni sərhədçilərin illər ərzində sərhədi yavaş-yavaş irəli çəkdiyini deyiblər. Xatırladaq ki, 2005-ci ildə Gürcüstanın "Mze” telekanalının əməkdaşları monastrdan çəkiliş aparmaq istəyərkən erməni sərhədçiləri tərəfindən atəşə tutulub. Halbuki, gürcü jurnalistlər öz torpaqlarında yerləşən monastra baş çəkiblərmiş. Həmin vaxt bu hadisə iki ölkə arasında gərginliyə səbəb olmuşdu. Lakin sonrakı dövrdə məsələ bir qədər sakitləşdi. Hazırda ermənilərin gürcü torpaqlarını zəbt etməsi faktı Gürcüstan ictimaiyyətində yenidən aktuallaşıb.

Məsələ ilə bağlı "Şərq”ə danışan Borçalıdan olan ictimai-siyasi xadim Zəlimxan Məmmədli deyib ki, gürcülər öz torpaqlarının hər qarışını müqəddəs sayırlar, heç kimə bir metr ərazini belə güzəştə getməzlər. Z.Məmmədlinin sözlərinə görə, həmin ərazilərdə torpaqları rəsmi şəkildə öz adlarına keçirirlər: 

"Erməni iş adamları və sahibkarlar sözügedən bölgələri pulla satın alırlar. Bu da qanunla qadağan edilmədiyi üçün kimsə mane ola bilməz. Hərdən dostlarıma deyirəm ki, əraziləri ermənilər alınca elə özümüzünkülər, azərbaycanlılar alsın. Yəni kimin pulu varsa, gedib ərazilərə sahiblənsin. Gürcüstan dövləti elə vəziyyətdə deyil ki, erməni tərəfi hər fürsətdə sərhədin delimitasiyasını dəyişsin və qanunsuz olaraq gürcü torpaqlarını tutsun. Problem ondadır ki, adıçəkilən yerlərdə mübahisəli ərazilər mövcuddur. Məsələn, Marneuli bölgəsində elə kəndlər var ki, orada ermənilərlə azərbaycanlılar birlikdə yaşayır, onların uşaqları eyni məktəbə gedir. Yarı erməni, yarı azərbaycanlı kəndlər var. Amma Azərbaycan ictimaiyyəti bu faktları bilmir”. 

Z.Məmmədli bildirib ki, Gürcüstan qanunvericiliyində qadağan edilməyən bir məsələni insanlara süni surətdə yasaq etmək mümkün deyil: 

"Ola bilsin, bunu gündəmə gətirən qüvvələr etnik zəmində qarşıdurma yaratmaqla Gürcüstan-Ermənistan arasındakı məsələni azərbaycanlıların yaşadağı bölgələrə daşımaq istəyirlər. Mən bunu çox yanlış hesab edirəm. Bəzi məsələlərin arxasında konkret mexanimzlər dayanmalıdır. Əgər dayanmırsa, qara kütləyə arxayın olaraq iş görmək olmaz, çünki sonu məğlubiyyət olar. Bir məsələni vurğulamaq istəyirəm. Gürcüstanla Azərbaycan sərhəddində müəyyən olunmayan ərazilər mövcuddur. Məsələn, Keşiş Dağ məbədi və "Qırmızı Körpü” Sərhəd-Keçid məntəqəsi ətrafında bəzi ərazilərin hüquqi statusunda qeyri-müəyyənlik var. Problemlə bağlı ortaq komissiya formalaşıb. Bu komissiya yeni delimitasiya xətlərinin müəyyən edilməsi üzərində işləyir. Yəni demək istəyirəm ki, Gürcüstan heç kimə asanlıqla torpaq vermək niyyətində deyil, o ki qaldı Ermənistana”.

İsmayıl