Gürcüstan qərbyönümlü xəttindən çəkilməyəcək

Yeni prezident seçilən Salome Zurabişvili Rusiya məsələsinə nöqtə qoydu
“Zurabişvili Gürcüstan-Azərbaycan-Türkiyə üçtərəfli formatının əsasını qoyanlardan biridir”


Gürcüstanda müstəqil namizəd Salome Zurabişvili prezident seçkilərinin ikinci turunda 59,52 faiz səs toplayaraq qalib gəlib. Yeni prezidentin andiçmə mərasimi dekabrın 16-sı baş tutacaq. Artıq beynəlxalq qurumlar seçkinin nəticələri ilə bağlı bəyanatlar verir, Zurabişvili qələbə münasibəti ilə təbrik edilir. Bu arada ATƏT-in Seçki Müşahidə Missiyası da Gürcüstandakı prezident seçkisinin ikinci turuyla bağlı hesabat yayıb. Hesabatda təşkilat seçki günü və ikinci tura qədər olan dövrdə hədə-qorxu gəlmə, administrativ resurslardan yararlanma, neqativ kampaniya, sərt ritorika, güc tətbiqindən istifadə edilən insidentləri qeydə aldığını bildirib: "Prezident seçkisinin ikinci turu rəqabət mühitində baş tutub, namizədlərin seçkiqabağı kampaniya aparmaq üçün azad imkanları olub. Lakin tərəflərdən biri əsassız üstünlükdən istifadə etməsi və hər iki tərəfin neqativ xarakterli seçkiqabağı kampaniyası bütün seçki prosesini təhdid altında qoyub”. ATƏT həmçinin seçkiqabağı kampaniyaya sərt ritorikanın zərər vurduğunu bildirib. Bununla belə səslərin sayılması prosesinin effektiv, şəffaf və yaxşı təşkil edilmiş olduğu vurğulanıb.

Moskva ilə əməkdaşlıq üçün lazımi zaman yetişməyib

Gürcüstanın yeni prezidenti Salome Zurabişvili ilk açıqlamasında Tiflis və Moskva arasında əməkdaşlıq üçün lazımi zamanın hələ yetişmədiyini bəyan edib. Onun sözlərinə görə, əgər Gürcüstanın Qərbdəki tərəfdaşları - Avropa və ABŞ Moskva ilə dialoqa başlayarsa, Tiflis də kənarda qalmayacaq: "Rusiya özünü indiki kimi aparmağa, yəni işğal xətti ərazimizin daha da içərisinə doğru çəkilməyə davam edərsə, birbaşa əməkdaşlığa keçmək barədə düşünmək olmaz. Tiflis avropayönlü mövqe tutur və buna davam edəcək”.

"Məqsədim Gürcüstanı Aİ və NATO-ya aparmaqdır”

Salome Zurabişvili Avroatlantika inteqrasiyası məsələsində Gürcüstanın ən fəal prezidenti olmaq niyyətindədir. O bildirib ki, prezident qismində beynəlxalq siyasət sahəsində aktiv fəaliyyət göstərəcək: "Növbəti 6 il Avropa, Avropa İttifaqı və NATO istiqamətində hərəkət edən Gürcüstan üçün çox vacib olacaq. Bu müddət ərzində biz bu hədəflərə mümkün qədər çox yaxınlaşmalıyıq. Mən bu məsələdə ən fəal prezident olacağam. Əsas məqsədim Vayra Vike-Freyberqanın Latviya ilə etdiyi kimi, Gürcüstanı Aİ və NATO-ya aparmaqdır”.

Zurabişvilidən Saakaşviliyə ağır ismarış...

Zurabişvili bəyan edib ki, eks-prezident Mixail Saakaşvili Gürcüstana yad adamdır: "Saakaşvilinin geri dönmək üçün məndən xahiş edəcəyinə şübhə edirəm. Ona görə ki, ilk növbədə ona qarşı açılan cinayət işini həll etməliyik. Bu, vətəndaşlıq məsələsi deyil, ilk növbədə ədalətin təcəssümüdür. Onun polisi, hərbçiləri xalqın tərəfində yer almağa səsləyən dünənki və bugünkü bəyanatları arasında problemlər var. O, bu ölkə ilə əlaqəsini itirib. Bugünkü gün o, ölkədə destabilizasiyaya səsləyən əcnəbidir. Ölkənin hazırda ehtiyacı olmadığı şey qeyri-stabillikdir. İnsanların seçkidə verdiyi səslər stabillik və Gürcüstanın Avropa gələcəyi üçün idi. Məhz buna görə mən buradayam”. Yeni prezident seçkinin Vaşadze ilə onun arasında yox, İvanişvili ilə Saakaşvili arasında keçirilməsi iddialarına da aydınlıq gətirib: "Bu, Avropa diplomatı ilə sovet diplomatı arasındakı seçimdir. Həmçinin, insanlara qarşı sərt rejim olan keçmiş Saakaşvili ilə başında İvanişvilinin dayandığı "Gürcü Arzusu” Partiyası arasındakı seçim idi”.

"O xanım məni ilk təbrik etdi” – Zurabişvili

Gürcüstanın yeni seçilmiş prezidenti ilk olaraq Avropaya səfər edəcəyini açıqlayıb: "Mənim ilk xarici səfərim Avropaya, xüsusilə, Brüssel, Berlin, Parisə olacaq. Baltikyanı ölkələrdən Litvaya səfər edəcəyəm. Onun qadın prezidenti məni ilk təbrik edən şəxs oldu”.

"Zurabişvili təcrübəli diplomat olaraq xarici siyasətə təsir göstərməyə çalışacaq”

Gürcüstandakı prezident seçkilərinin yekunlarını şərh edən politoloq İlqar Vəlizadə deyib ki, qonşu ölkədə icra hakimiyyəti əsasən Nazirlər Kabinetinin əlində cəmləşib. Yəni ölkəni baş nazir idarə edir, xarici siyasətin də formalaşmasında məhz o məsuliyyət daşıyır: "Prezident isə təmsilçilik səlahiyyətləri daşıyır. Əlbəttə, xarici siyasətin formalaşdırılmasına müəyyən təsir göstərə bilər, amma hökumətin xarici siyasətini təyin edə bilməz. Konstitusiyaya görə, belə səlahiyyət Nazirlər Kabinetinə verilib. Salome Zurabişvili xeyli iddialı və savadlı siyasətçidir. Beynəlxalq münasibətlər sahəsində peşəkar kimi səciyyələndirilir. O, bu sahədə uzun illərdir çalışır. Təbii ki, belə bir adamın sakitcə oturmaqdansa, xarici siyasətə təsir göstərməyə çalışacağını güman etmək lazımdır.

Mövcud müqavilələr, geosiyasi şərtlər bizi əməkdaşlığa sövq edir

Ekspert xatırladıb ki, Zurabişvili xarici işlər naziri vəzifəsində olarkən Gürcüstan-Azərbaycan-Türkiyə üçtərəfli formatının əsasını qoyanlardan olub: "Həmin formatın ilk görüşündə olmasa belə, sonrakı görüşlərdə iştirak edib. Azərbaycanla Gürcüstan arasında həm geniş hüquqi bazaya əsaslanan müqavilələr, həm də müxtəlif regional formatlar çərçivəsində qurulan əlaqələr var. Ona görə də Gürcüstan prezidenti və ya baş naziri kürsüsündə kimin əyləşməsinə baxmayaraq, iki ölkənin münasibətləri bundan əsaslı şəkildə təsirlənməyəcək. Mövcud müqavilələr, geosiyasi şərtlər bizi əməkdaşlığa sövq edir. Yeni dövlət başçısı təcrübəli diplomat olaraq əməkdaşlıqda mövcud hüquqi bazaya istinad edəcək. Zurabişvili Azərbaycanla ikitərəfli münasibətlərin məğzinə, Gürcüstanın xarici siyasətindəki yeri və əhəmiyyətinə əsaslı şəkildə bələddir”.

İsmayıl